Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu "Guardian" nəşrinə cavab məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, "Dağlıq Qarabağ Azərbaycana məxsusdur" başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı "Guardian"da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.
"27 sentyabr tarixində yayımlanmış "Ermənistan və Azərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü" başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.
Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.
Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır", - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.