Azərbaycan və Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmadığından orada məsələ qaldıra bilmərik. Eyni zamanda Ermənistan tərəfi də iddia qaldıra bilməz. Qaldırsa belə, onun iddiasına baxılmayacaq. Söhbət mülki obyektlərin və insanların vurulmasından gedir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Erkin Qədirli deyib.
Onun sözlərinə görə, əslində biz Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasaq da, başqa yollardan istifadə edərək iddia qaldıra bilərik: “BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri ilə danışaraq bu məsələni məhkəmə qarşısında qaldıra bilərik. BMT Təhlükəsizlik Şurasının üzvlərinin belə bir imkanı var”.
Deputat deyib ki, Ermənistan bizim mülki obyektləri və əhalini vurmaqla cinayətə əl atıb: “Hesab edirəm ki, Azərbaycan XİN-in BMT-dəki nümayəndəliyi bizə yaxın olan Təhlükəsizlik Şurasının üzvlərindən biri ilə bu məsələ üzərində işləyə bilər”.