Azərbaycanla Rusiya arasındakı münasibətlər hər zaman inkişafa meyilli olub.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Millət vəkili deyib ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasını istəyən dövlətlər mütləq Azərbaycanla sıx əməkdaşlıq etməlidirlər:
"Bu müstəvidə Azərbaycanın potensialı, istəyi və iradəsi mövcuddur. İşğalçı Ermənistan isə bütün bunların tam əksini nümayiş etdirir. Paşinyanın məkirli niyyəti ondan ibarətdir ki, regionda uzunmüdətli müharibə baş versin. Onların məqsədi odur ki, digər dövlətlər Cənubi Qafqazdakı bu müharibəyə qoşulsun və burada daha geniş hərbi qarşıdurma baş versin. Ona görə də regionda təsir imkanlarına, münaqişənin tənzimlənməsinə malik olan Rusiyanın proseslərə daha dinamik müdaxilə etməsi vacibdir. Bunun üçün isə Ermənistana təsir edilməlidir. Çünki Ermənistana Rusiyanın kifayət qədər təsir imkanları var. Ermənistanda Rusiya hərbi bazası mövcuddur. Bu dövlətin sərhədləri Rusiya qoşunları tərəfindən qorunur. Məhz Ermənistan işğalçılıq siyasəti ilə özünü yarımasılı bir hala salıb. Bu reallıqlar fonunda Rusiya Ermənistana real təsir edərək onu təxribatçı addımlardan çəkindirə, Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalarını təmin edər. Bununla da Cənubi Qafqazda təhlükəsizlik təmin olunar”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Cənubi Qafqazda funksional təhlükəsizlik sisteminin və sülh şəraitinin mövcudluğu Rusiyanın milli maraqlarına cavab verən bir vəziyyətdir:
“Bu həmçinin bütövlükdə Rusiyanın milli təhlükəsizliyinin daha etibarlı təmin olunması imkanlarını genişləndirmiş olacaq”.