21 Oktyabr 2020 21:37
2 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın başı tamamilə xarab olub. Uduzan tərəfin durub müharibədən dəm vurmağı o deməkdir ki, zərərin yarısından qayıtmaq şanslarını itirir. Ola bilsin ümid edir ki, öz ərazisində olan gücü ilə Azərbaycanla müharibəyə girdişdiyi təqdirdə arxasınca Rusiya gələcək. Amma səhv edir. Müharibə Azərbaycan ərazisində gedir. Öz ərazisindən Azərbaycana soxulacaqsa, öz ərazisi zərbə altında qalacaq. Bu halda heç kəsin Azərbaycanı qınamaq haqqı olmayacaq.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa sonuncu müraciətini şərh edərkən deyib.

Xatırladaq ki, Paşinyan müraciətində Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolunun olmadığını bəyan edib. O, erməni cəmiyyətini silaha sarılmağa, könüllü müdafiə dəstələrinə qoşulmağa səsləyib. Eləcə də tələbələri Dağlıq Qarabağa getməyə və döyüşlərə atılmağa çağırıb.

Rasim Musabəyovun qənaətinə görə, Paşinyan göstərmək istəyir ki, vuruşur: “Onun rəqibləri isə bilirlər ki, məğlub olacaq. Həm də başa düşür, hansısa mərhələdə rəqibləri ona deyəcək ki, məğlub oluruq, güzəştlərə get və məsələ həll olunsun. Bu halda Paşinyan günahları rəqiblərinin boynuna atmağa çalışa bilər. Onun ucuz və cılız manevrləri əslində özünü xilasa yönəlib. Hakimiyyətini də yox, ancaq özünü... Anlayır ki, müharibəyə son qoyulduğu halda bununla haqq-hesab çəkəcəklər. Bu haqq-hesab heç də hakimiyyətinin itirilməsi deyil, fiziki məhvinə gətirib çıxara bilər. Ermənistana cəsədlər gələndə ona deyəcəklər ki, dur cavab ver, anlat görək Ermənistan niyə uduzub biabır oldu. Əvvəl özlərini çox yuxarıdan aparırdılar, deyirdilər elə edəcəyik, belə edəcəyik, erməni ruhu var və s. İndi hanı erməni ruhu? Batdı!”

Politoloqun zənnincə, əslində Paşinyan bu addımı ilə Azərbaycana imkan yaradır ki, onları öz torpaqlarımızdan silib atsın: “Diplomatik baxımdan da bu, bizə üstünlük yaradır. Heç kəs gedib başdanxarab bir dövlət başçısına qoşulmayacaq. Mənə elə gəlir ki, bu arzu edir Putin və ya başqa belə statuslu siyasətçi ona desin ki, a kişi etmə, gəl zərərin yarısından qayıt. Başını itirib. Onun əvvəllərdə davranışlarında məntiqsizlik hiss edilirdi. İndi isə stress vəziyyətindədir. Onun bundan da pis davranışlara gedəcəyini istisna etmirəm”.


Müəllif: Cavad