İndiki situasiyada başqa yeniliklər var. Bu yeniliklər ondan ibarətdir ki, Azərbaycan Qarabağı işğaldan azad edib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bütün məsələlər həll olunub. Bütün yerlərdə Azərbaycanın ərazi quruluşları müəyyən olunacaq. Bundan sonra orada yaşam tərzi müəyyənləşəcək.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
Partiya sədrinə görə, Azərbaycanda azsaylı xalqlara hansı hüquqlar verilirsə, işğaldan azad edilmiş ərazilərdə yaşayan digər millətlərə də eyni şəkildə yanaşılacaq:
“Artıq işğaldan azad edilən ərazilərimizlə bağlı hər hansı bir muxtariyyətdən söhbət getmir. Heç bir əlahiddə imtiyazın olması da mümkün deyil”.
Deputatın fikrincə, sülhyaratma missiyasını həyata keçirən qüvvələrin təktərəfli olması ilə bağlı səslənən fikirlər də doğru deyil:
”Burada təktərəfli tənzimlənmədən söhbət getmir. Azərbaycan, Rusiya, Türkiyə burada prosesin tənzimlənməsində iştirak edir”.
Fazil Mustafa deyib ki, Naxçıvana quru yolunun açılması mühüm əhəmiyyətə malikdir:
“Laçın koridoru məsələsi həll olunursa, avtomatik olaraq Naxçıvan yolu açılmalıdır. Ona görə də bəyənatda nəzərdə tutulan müddəaların həyata keçirilməsini təmin etməliyik. Artıq proses sülh müqaviləsinin imzalanmasına doğru gedir. Eyni zamanda Ermənistanda baş verənlərin sülh prosesinə və yaxud bunun əksinə olacaq amillərə heç bir təsiri olmayacaq. Çünki Ermənistan dövləti adından imza atılıb. Bunun əksini düşünənlər isə müharibə variantını da nəzərdən keçiriblər. Nəticəni də bilirlər”.