Bu, böyük qələbədir. Tarixə bələd biri kimi deyə bilərəm ki, tariximizin son 100 ilində Azərbaycanın xeyrinə belə bir sənəd imzalanmayıb. Təəssüf ki, bəziləri bir çəllək bala bir qaşıq qətran qatıb, onu zəhərləyir. Belə olmaz. Bilirik ki, hərb yolu ilə 300-dən artıq kəndimizi azad etdik, 5 şəhəri, neçə qəsəbəni azad etmişik. Hazırkı vəziyyətdə sülhməramlı qüvvələrin yerləşməsi, hər şeydən əvvəl erməni qüvvələrin oradan çıxması lazımdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağa gəlməsi torpaqlarımızın boşaldılması, məcburi köçkünlərin yerləşdirilməsinə kömək edəcək:
"Bəziləri deyir ki, öldürək, kəsək... Azərbaycan, türk milləti tarixində mülki əhaliyə qarşı qəddarlıq olubmu? Belə etsək, ermənidən fərqimiz nədir? Ölkəmizin başqa regionlarında da erməni vətəndaşlar yaşayırlar, kim vətəndaşlığımızı qəbul edərsə, qalar. Eyni zamanda Türkiyənin monitorinq həyata keçirməsi böyük işdir.
Kəlbəcərdə qrafikin uzadılması bəzilərini narahat edir. Axı, ümumi tarix dekabrın 1-nə kimi qalır. Kəlbəcər çox böyük şəhərdir, ermənilər öz qəbirlərini də çıxarıb aparırlar. Biz çox təmkinli olmalıyıq. 30 il gözlədik, 10 gün gözləməyə səbrimiz çatmır".
Şəhid ailələri ilə görüşdüyünü deyən millət vəkili bildirib ki, onlar bu qələbəni yüksək qiymətləndirirlər: "Bu qələbə şəhidlərimizin qanına, özümüzün ürəyimizə məlhəmdir. Övladlarımızın zəhməti hədər getmədi. Şəhid qohumu kimi deyə bilərəm ki, 90-cı illərdəki şəhidlərimizin ruhu da şad olur. Onların da qanı yerdə qalmadı, torpaqlarımız azad olundu.
Münaqişə zonasında sülhməramlıların monitorinq prosesi keçiriləcək. Rusiyanın Ankara ilə danışıqları davam edir. Kimlərsə türk qoşunlarının buraya gəlib, monitorinq keçirməsindən narahatdır. Amma cənab prezidentin iradəsi ortada var. Türkiyə sona qədər bizi dəstəkləyir və haqlıdır.
Artıq yeni era başlayır. Yeni erada türk-slavyan ittifaqından, birgə hərəkətdın söhbət gedir. Vaxtı ilə İranla da Rusiya düşmən idi, amma sonra dostlaşdı. Türkiyə və Rusiyanın əməkdaşlığı türk və müsəlman xalqları üçün çox faydalıdır, hesab edirəm ki, Qarabağda da bu əməkdaşlıq baş verəcək".