28 Noyabr 2020 21:41
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsinə nə ad vermək olar? Belə bir qətnamənin qəbulu yolverilməzdir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə, Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Fransa hökuməti qərəzli mövqedə çıxış etdiyini dərk etməli və yaranan vəziyyəti dəyişməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycana qarşı yönəlmiş kompaniyaya dəstək olmaq deməkdir:

"Senatın qərarı BMT-nin Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Qətnamələrin qəbul edilməsinə Fransa da səs verib. Bu, açıq-aşkar ikili standart deməkdir. Senatın bu addımı öz-özünü inkar mənası verir. Biz bilirik ki, bunların hamısı erməni lobbisinin təzyiqləri nəticəsində meydana çıxıb. Lakin bununla razılaşmaq özü bir yanlışdır. Ona görə də 3 həmsədr dövlətdən birinin senatı tərəfindən qərəzli mövqenin ortaya qoyulması qəbuledilməzdir. Bu dövlətlər kiminsə maraqlarını müdafiə etməməlidir, əksinə neytral münasibətdə olmalıdır. Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün isə arxa planda qalmasından narazıdır”.

Cavid Osmanovun deyib ki, Fransa kimi bəzi ölkələr vaxtilə Azərbaycanın torpaqları işğalda olanda narahatlıqlarını bəyan etmirdilər:

“Torpaqlarımızı xarabalığa çevirən erməni vandallarına sual verən yoxdur ki, nədir bu yaratdığın vəziyyət? Nədir bu vəhşilik? Daşdan belə acıq çıxmaq insanlıqdan kənar bir şeydir. Bizim məscdlərimizi, ibadət ocaqlarımızı nə günə qoyublar? Hara baxır Avropa, Qərb ölkələri? Nə üçün onlar yersiz qətnamələrlə, bəyanatlarla çıxış edərkən bizim dağıdılmış və talan edilmiş torpaqlarımızdan danışmırlar? Biz hər bir şeyə göz yumuruq, lakin bir yerə qədər. Bəli Azərbaycan İslam ölkəsidir. Bizdə etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir. Dağıdılmış bütün məscidlər restavrasiya olunacaq və dövlət səviyyəsində qorunmaya alınacaqdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur".


Müəllif: Tapdıq Qurbanlı