2 Dekabr 2020 20:00
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı hər zaman, o cümlədən 44 günlük Vətən Müharibəsi dövründə Prezident İlham Əliyevin müraciətlərini həmişə səbirsizliklə gözləyib. Dekabrın 1-də dövlət başçısı bu mövzu ilə bağlı müraciətlərini yekunlaşdırdı. Prezident yekun nitqində Ermənistanla aparılan müharibə dövründə və ona qədər baş verən bəzi məsələlər barədə ümumiləşdirilmiş məlumatlar verdi. Bu məlumatlardan göründü ki, Qarabağ münaqişəsinin həlli yolunda nə qədər ciddi problemlər var imiş, işğal olunmuş torpaqlarımızın bir hissəsinin bizə qaytarılması üçün nə qədər süni manevrlər edilirmiş.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, hətta Kəlbəcər və Laçının qaytarılmaması üçün Qərb dövlətləri Azərbaycan dövlətinə ciddi təzyiqlər edirlərmiş, amma qətiyyətli ölkə prezidenti bu təzyiqlərin qarşısında mətanətlə dayanıb. Təklif edilən variantların heç birini qəbul etməyərək onlara bəyan edib ki, problemin siyasi yolla həlli ilə yanaşı başqa bir həll yolu da var. Bu da hərb yoludur:

“Doğrudan da ATƏT-in Minsk qrupu, bir çox Qərb dövlətləri erməni işğalının əbədiləşdirilməsi istiqamətində səylər göstərərkən Azərbaycanın rəhbəri ordu quruculuğuna çox böyük diqqət yetirməyə başladı. Ordunun yenidən qurulması, onun müasir silah-sursatla təchizi istiqamətində çox gərəkli addımlar atdı. O qədər də böyük olmayan bir müddətdə müasir, modern, həm də sonuncu –beşinci nəsil silahlarla silahlanmış bir ordunu qura bildik. Özü də bu ordunun döyüş hazırlığı ilə yanaşı şəxsi heyətin mənəvi-psixoloji hazırlığına da böyük diqqət yetirilirdi ki, bu da müharibənin bütün mərhələlərində, xüsusilə Şuşanın azad olunması mərhələsində özünü açıq surətdə büruzə verdi”.

Qabil Hüseynli qeyd edib ki, dövlət başçısı çıxışı zamanı çox ciddi faktlar gətirib:

“Dövlət başçısı qeyd etdi ki, ermənilər Azərbaycan torpaqlarının mənimsənilməsi istiqamətində ciddi işlər aparırdılar. İşğal olunmuş ərazilərdə on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında. Prezident bildirdi ki, Ermənistan işğal edilmiş torpaqlardan ildə 90 min ton taxıl yığırmış. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Həmçinin, orada mövcud olan böyük üzüm bağlarından istifadə edirmiş. Prezident qeyd etdi ki, Ermənistan buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək”.

Politoloq qeyd edib ki, dövlət başçısının qeyd etdiyi kimi bundan sonra bizim ölkəmiz üçün yeni dövr başlayır:

“Bu, yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Prezident tam əmin olduğunu bildirdi ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Həqiqətən də bölgədə yeni siyasi reallıqlar formalaşıb. Bu siyasi reallıqlar Azərbaycanın geosiyasi və geostrateji üstünlüklərinə söykənir. Azərbaycan bölgənin lider dövləti idi. İndi isə ən böyük iqtisadi, hərbi potensialı olan regional gücə çevrilir və bölgədə siyasi proseslərə tam nəzarət etmək və bölgənin taleyi ilə bağlı qərarların qəbulunda iştirak və onlara imza atmaq gücündədir. Yeni formalaşan siyasi konfiqurasiya azad edilmiş ərazilər hesabına Azərbaycanın gücünü daha da artıracaq. İnsanlarımız ora köçdükdən sonra kənd təsərrüfatı, sənaye parklarının yaradılması və bütövlükdə bölgənin turizm potensialından istifadə etmək hesabına ölkənin ümumi daxili məhsulu xeyli artacaq. Beləliklə, Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrilməsi prosesi daha böyük rəqəmlərlə ifadə olunacaq. Ölkə prezidentinin söylədikləri doğrudan da güclü, hər şeyə qadir və vətəndaşı üçün hər şeyi etməyə hazır olan bir dövlətin formalaşması prosesinin başa çatmasından xəbər verir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər