14 Dekabr 2020 16:16
7 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlıları indiyədək üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyib. Öhdəliklərdən biri də bölgədəki erməni silahlı birləşmələrinin tərksilah edilməsində Azərbaycan tərəfində yardım etməkdir. Biz isə tam əksini görürük – Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini himayə edirlər”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Qarabağdakı Rusiya sülhməramlıları gündə bir “xəritə” yayımlayırlar. Bu dəfə Azərbaycan Ordusunun nəzarətində olan Xocavəndin iki kəndini də özlərinin nəzarət etdikləri ərazilər daxilində göstərən bir “xəritə” dərc etdilər. Sizcə, anlaşmanın şərtlərini pozan rusların məqsədi nədir?

- Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyət prinsipləri ilə əlaqədar BMT mandatı yoxdur. Onların fəaliyyəti Azərbaycan və Rusiya arasında əldə edilmiş anlaşma əsasında həyata keçirilir. Həmin anlaşmada aşkar şəkildə bildirilir ki, Rusiya sülhməramlıları sadəcə olaraq Dağlıq Qarabağda yerli ermənilərin yaşadıqları ərazilərdə, yəni noyabrın 10-da hərbi əməliyyatlar bitən anda olan mövqelərdə dayanmalıdırlar. Bu, təsbiq olunmuş və təsdiqlənmiş şərtdir.

Srağa gün Azərbaycan ordusu və Dövlət Təhlükəsizlik Xidmətinin Köhnə Tağlar və Çaylaqqaya kəndlərində apardıqları birgə antiterror əməliyyatı zamanı silahlı erməni dəstələri geri çəkildilər. Rusiya sülhməramlıları erməni terrorçularının zərərsizləşdirilməsi zamanı hadisə yerinə gəldilər.

İlkin olaraq, Rusiya sülhməramlılarının gəlişi insidentin qarşısının alınması və sülhə riayət etmək mexanizmlərinin təsbit edilməsi kimi qələmə verilsə də, bir müddət sonra bir “xəritə” yayımlandı. Həmin xəritədə Köhnə Tağlar və Çaylaqqaya kəndləri ilə yanaşı, Ziyarət dağı da Rusiya sülhməramlılarının fəaliyyət zonasına daxil edilmişdi. Bu, Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovun özbaşına hərəkətidir.

İlk növbədə Dağlıq Qarabağ Azərbaycan ərazisi və onun tərkib hissəsidir, yəni münaqişə və mübahisə ərazisi deyil. Dağlıq Qarabağın statusu da yoxdur ki, Rusiya sülhməramlıları Azərbaycandan başqa hər hansı tərəflə anlaşaraq belə bir addım atsın.

İkincisi, bu addım Azərbaycan tərəfi ilə razılaşdırılmadan həyata keçirilib. Bu, sülhməramlı missiyanın kobud şəkildə pozulması deməkdir.

Üçüncü, Rusiya sülhməramlıları indiyədək üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyib. Həmin öhdəliklərdən biri də bölgədəki erməni silahlı birləşmələrinin tərksilah edilməsində Azərbaycan tərəfində yardım etməkdir. Biz isə tam əksini görürük – Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini himayə edirlər. Bu, yolverilməzdir və Azərbaycan bununla barışmaq niyyətində deyil. Ya Rusiya sülhməramlıları anlaşmaya qeyd-şərtsiz və tam riayət etməli, ya da öz missiyasını vaxtından əvvəl başa vurması ilə əlaqədar birtərəfli bəyanat verməlidir. Bu, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gəlir.

- Üç ölkə arasında anlaşma əldə edildi, Rusiya öz qoşunlarını “sülhməramlı” adı altında bölgəyə gətirdi. Amma görünən budur ki, Rusiya yenə də erməni və azərbaycanlıları barışmağa qoymur. Bunun səbəbini necə izah etmək olar?

- Əsas məsələ, Rusiyada bəzi qüvvələrin həddindən artıq qıcıqlanmasıdır. Məlumdur ki, dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Həmin paradda erməni terrorçularının – Ermənistan ordusunun Rusiyadan həm rəsmi, həm də qeyri-rəsmi şəkildə, yəni pulsuz aldıqları silah və hərbi texnikalar nümayiş etdirildi.

Həmin texnika və silahlar arasında Rusiyanın həddən artıq təriflədiyi, “dünyada tayı-bərabəri olmayan sistemlər” kimi təqdim etdiyi “S-00”-lər, “OSA”-lar, eyni zamanda “TOR” zenit-raket sistemləri də vardı.

Azərbaycan ordusu sentyabrın 27-də sülhə məcburetmə əməliyyatına başlayanda cəmi 15 dəqiqə ərzində Dağlıq Qarabağdakı erməni terrorçularının hava hücumundan müdafiə sistemlərinin 40 faizini, artilleriya sistemlərinin isə 45 faizini məhv etmişdi. Görünür, bu məhv edilmiş sistemlərin və texnikaların da Bakıda nümayişi Rusiyanın qıcığına səbəb olub.

- Niyə?

- Çünki Rusiya bu silahları dünyaya böyük reklamlarla satır. Qarabağ savaşında isə bunların o qədər də effektli olmadığı sübuta yetirildi. Bu baxımdan, bir müddət əvvəl Azərbaycanın meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarında satışına qadağa qoyulması təsadüfi deyildi. Başqa bir məqam da budur ki, hələ də Dağlıq Qarabağ məsələsi Rusiyadakı bəzi dairələrdən ötrü Azərbaycana təziqlər üçün təsirli rıçaq olaraq qalır.

Həmin dairələr Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasında maraqlı deyillər. Bu, Rusiyanın rəsmi mövqeyi deyil, Rusiyadakı bəzi dairələrin mövqeyidir. Onlar unudurlar ki, Azərbaycanla bu tonda danışmaq heç vaxt effekt verməyib və verməyəcək. Rusiyanın ATƏT-in Minsk Qrupundakı fəaliyyəti də yarıtmaz idi. Qarabağda sülhə məcburetmə əməliyyatları zamanı Rusiyanın tərəf tutmaması Azərbaycana olan rəğbətdən yox, Ermənistan rəhbərliyinə “dərs vermək” istəyindən irəli gəlirdi.

- Rusiya sülhməramlılarının bu özbaşınalığından sonra Türkiyə sülhməramlılarının bölgəyə gətirilməsi bir zərurət deyilmi, bu istiqamətdə hansı gəlişmələrin şahidi ola bilərik?

- Türkiyə hərbçilərinin Dağlıq Qarabağda sülhməramlı kontingent qismində fəaliyyətə başlaması üçün Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında birgə anlaşma olmalıdır. Bu, bir qədər çətin məsələdir. Çünki ermənilər heç bir halda Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda fəaliyyət göstərməsinə razılıq verməyəcəklər.

İkinci məqam budur ki, artıq türkiyəli hərbçilər Ağdamda Sülhməramlı Monitorinq Mərkəzində fəaliyyət göstərirlər. Biz sadəcə olaraq, türkiyəli hərbçilərinin fəaliyyətlərinin genişləndirilməsindən danışa bilərik. Bunun üçün də Azərbaycan və Türkiyə arasında müvafiq anlaşma olmalıdır. Həmin anlaşma da Rusiyaya təqdim edilməlidir.

Düşünürəm ki, Rusiya sülhməramlılarının bu özbaşına hərəkətlərinin qarşısı ən sərt şəkildə alınmalıdır.

- Ən çox sual verilən məsələlərdən biri də Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərlə bağlıdır. Həmin ərazilərlə, konkret olaraq, Xocalı, Xocavənd və Xankəndi ilə əlaqədar hansı plan üzrə hərəkət ediləcək?

- Birmənalı şəkildə bu ərazilər Azərbaycana aiddir. Biz öz ərazilərimizə nəzarəti tam bərpa edəcəyik. Rusiya bunu istəyir-istəmir, Ermənistan bunu istəyir, ya yox – bizim heç eynimizə də deyil. Söhbət Azərbaycanın suveren hüquqlarından və ərazi bütövlüyündən gedir. Biz öz ərazilərimizi ona görə azad etməmişik ki, yenidən orada separatizmin dayaqlarının yaranmasına imkan verək.

İkincisi, Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri təcili şəkildə tərksilah olunmalıdır və onlar Azərbaycan vətəndaşı kimi yaşamaldırlar. Əgər onlar indiki kimi əllərinə silah alıb Azərbaycana qarşı “mübarizə” aparacaqlarsa, legitim hərbi hədəfə çevriləcəklər. Bunun başqa bir təfsiri və şərhi yoxdur.

Azərbaycan vətəndaşı əlində silah mərkəzi hakimiyyətə qarşı vuruşursa, o, artıq terrorçudur, ona da cavab verilməldir. Rusiyanın və ya Ermənistanın nə istəməsi, bizim eynimizə də deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər