Əsas nəticə ondan ibarətdir ki, Türkiyə 10 noyabrda imzalanan üçtərəfli bəyannaməyə imza atmasa belə Ermənistan faktoru Qarabağ prosesindən kənarlaşdırılıb. Bundan sonra Türkiyə bərabər oyunçu kimi Rusiya və Azərbaycan tərəfindən qəbul edilib.
Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O əlavə edib ki, Qarabağda sülhməramlı kontingent ruslardan ibarət olsa da, onlara nəzarət edəcək müşahidəçilər Türkiyə və Rusiya hərbçilərindən ibarət olacaq: “Yəni proses nəzarətdə saxlanılacaq”.
Türkiyənin Azərbaycanla əməkdaşlığına gəldikdə, Tofiq Zülfüqarov deyib ki, bu əməkdaşlıq son aylarda qat-qat güclənib: “Bu, hərbi sahə daxil olmaqla bütün istiqamətləri əhatə edir. Həmçinin iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin potensialı var. Müəyyən edilib ki, işğaldan azad olunan ərazilərin bərpası prosesində Türkiyə şirkətləri də iştirak edəcək və s. Bu proses artıq mövcuddur. Mən hesab edirəm ki, bu tendensiya daha da güclənəcək. Buna da normal yanaşmaq lazımdır".