26 Dekabr 2020 18:00
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azay müəllim, Azərbaycan beynəlxalq miqyasda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün hücum diplomatiyası yürüdür. Bu diplomatiyanın nəticələrini necə şərh etmək olar?

- Cənab Prezidentin 2005-ci ildən elan etdiyi hücüm diplomatiyası tam olaraq özünün doğrultdu. Bunun konkret nəticələri və bu reallığın yaratdığı mənzərəni müşahidə edirik. Bu diplomatiyanın nəticəsi ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələndi. Azərbaycanın xarici siyasətinin, hücum diplomatiyasının xüsusən də 2020-ci ildə olan nailiyyətlərinin mahiyyəti hər kəsə bəllidir. Hücum diplomatiyasi dedikdə, hər hansı bir aqressiv yanaşma başa düşülmür. Öz haqqlarını, milli maraqlarını, daha güvənli prinsipial şəkildə müdafiə etmək, dostlarının sayını maksimum dərəcədə artırmaq nəzərdə tutulur. Tərəfdaşlarının sayını artırmaqla Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə nail olmaq əsas prioritet olub. Bu diplomatiyanın əsl mahiyyəti məhz bu prinsipləri özündə ehtiva edir. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq siyasətini ifşa etmək, bunu bütün dünyaya çatdırmaq, ölkəmiz əleyhinə olan bütün tezisləri zərərsizləşdirərək, tam əksinə milli maraqlarımız uyğun beynəlxalq sənədlərin, yanaşmaların təmin olunması əsas məqsəd olub. Bu missiyaya cənab Prezidentin rəhbərliyi ilə nail olmaq mümkün oldu. Bu uğurlu siyasətin parlaq nümunələri də mövcuddur.

- 2020-ci il Azərbaycan üçün hansı diplomatik uğurlarla yadda qaldı?

- Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olub. Bundan əlavə BMT-dən sonra dünyada aparıcı ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlayıb. 2020-ci il Azərbaycanın 3 əsas diplomatik uğuru ilə yadda qalıb. Bu uğurlar Azərbaycanın şanlı tarixində xüsusi yer tutur. İlk növbədə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 10 noyabrda imzalanmış bəyanat tarixi əhəmiyyətinə görə çox böyük önəmə malikdir. Azərbaycan diplomatik hərbi-siyasi yolla öz ərazi bütövlüyünü bərpa etdi. Bunun nəticəsi olaraq Laçın, Ağdam, Kəlbəcər rayonları heç bir itki vermədən, düşməni kapituliyasiyaya məcbur eməklə geri qaytarıldı. Həmin sənədə əsasən Azərbaycan həm də geosiyasi vəziyyəti dəyişdi. Regionda güc balansı 224 ildən sonra məhz Azərbaycanın xeyrinə dəyişdi.

- Cənubi Qafqazda 44 günlük müharibənin yaratdığı reallığı necə qiymətləndirmək olar?

- 44 günlük müharibənin nəticəsində Azərbaycanın bilavasitə iştirakı ilə qardaş Türkiyə Cənubi Qafqaza daxil oldu. Həmçinin bu regionda Türkiyənin hərbi-siyasi iştirakı təmin edildi. Bunun çox böyük geostrateji anlamı var. Eyni zamanda bu, regionun maraqlarına xidmət edən çox böyük prinsipial addımdır. Bu sözsüz ki, Azərbaycanın uğurlu diplomatiyasının böyük bir uğurudur. Qardaş Türkiyə ilə həyata keçirilən çoxillik siyasətin bariz nümunəsidir.

- Türkiyənin regionda iştirakı ilə proseslərin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq olar?

- 10 noyabr razılaşmasına əsasən quru yolla Naxçıvanla əlaqənin bərpa olunması, kommunikasiyaların açılması çox böyük önəm kəsb edir. Artıq geosiyasi mənzərə Azərbaycanın xeyrinə dəyişib. Türkiyə ilə əlaqələrin quru yolla birbaşa tranzit xətinin bərpası olduqca önəmlidir. Naxçıvandan keçməklə Avropa ilə Asiyanı birləşdirən İpək yolu xəttinin meydana gəlməsi çox vacibdir. Gürcüstan üzərində yalnız bir seçim olaraq istifadə etdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum dəmir və quru yolu xətlərinə alternativ xətt əldə edilib. Bu, tarixi bir hadisədir. 100 ildən artıqdır ki, kəsilmiş bu yolun yenidən bərpası bundan sonrakı dönəm üçün regionda əlaqələrin və digər zəruri münasibətlərin inkişafında təməl yaradacaq. Bu yolun yenidən bərpası Azərbaycanın tarixi ilə əlaqələrin birbaşa bərpası deməkdir. Ona görə də 10 noyabr razılaşması çox böyük diplomatik uğurdur.

- BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərar müzakirəyə çıxarıldı. Bunun mahiyyəti və qəbul edilsəydi yaradacağı reallıq nədən ibarət olacaqdı?

- Bu ilin 19 oktyabrında BMT Təhlükəsilzik Şurasında Azərbaycan əleyhinə qəbul olunması gözlənilən, Minsk Qrupu tərəfindən hazırlanmış qətnamə qəbul edilmədi. Ölkəmiz çox böyük diplomatik həmlə etdi. Azərbaycan Prezidentinin nüfuzu və indiyə qədər qurmuş olduğu diplomatik əlaqələr nəhəyət özünü açıq şəkildə göstərdi. BMT TŞ-nin qeyri-daimi üzvlərinin və Böyük Britaniyanın Azərbaycana verdiyi açıq dəstək bu ziyanlı qətnamənin qəbul olunmasına imkan vermədi. Minsk qrupunun, xüsusən də Fransanın Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi qətnamə fiaskoya uğradı. Bu uğursuz qətnamə qəbul edilsəydi, Azərbaycanın xeyrinə qəbul edilmiş əvvəlki 4 qətnamənin hüquqi aktuallığı sıfıra enəcəkdi. Azərbaycanın bəlkə də hərbi əməliyyatları dayandırması məsələsi gündəmə gələ bilərdi. Azərbaycana qarşı bu cəhdin qarşısı dövlətimizin nüfuzu, ölkə rəhbərinin qətiyyəti ilə alındı. Bu, müasir Azərbaycan diplomatiyasının növbəti uğuru hesab olunur. Müharibənin və hərbi əməliyyatların taleyini müsbət mənada Azərbaycanın xeyrinə dəyişən diplomatik bir hadisə oldu.

- Azərbaycan son dövürlərdə ümumbəşəri məsələlərdə də təşəbbüskar ölkə kimi çıxış edir. Bu addımlarımız dünya ölkələri tərəfindən necə qarşılanır?

- Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının COVİD-19-la mübarizə məqsədilə Zirvə toplantısı keçirilib. Ölkəmizin təşəbbüsü ilə keçirilən QH-nın dövlət başçılarının Zirvə toplantısında digər beynəlxalq təşkilatların təmşilçiliyi təmin edilib. Bu, pandemiya dövründə Azərbaycanın nüfuzunun bariz nümunəsi və tarixi bir hadisə idi. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabr ayında COVİD-19-a həsr olunmuş xüsusi sessiyası keçirildi. 193 üzvü olan BMT-nin sessiyasının çağırılmasına nail olmaq hər bir ölkəyə nəsib olmur. İlk dəfə Azərbaycan BMT sessiyasının keçirilməsini təmin etdi. Bu da onu göstərir ki, Azərbaycan dünya siyasətinin formalaşmasında söz sahibidir. Azərbaycan pandemiya dövründə sübüt etdi ki, nə qədər etibarlı bir tərəfdaşdır. Azərbaycan ona həvalə edilən mandatdan çox geniş formada dünya xalqları naminə istifadə etməyi bacaran bir ölkədir. Belə bir təşəbbüsdə zehniyyətdə olan bir ölkə olduğunu da hər kəsə göstərdi. Bu da sözsüz ki, cənab Prezident İlham Əliyevin şəxsi diplomatik bacarığının nəticəsidir. Bu, böyük bir bacarığın Azərbaycana verdiyi imkandır.

- 2020-ci ilin müasir Azərbaycan tarixində önəmini necə xarakterizə etmək olar?

- Azərbaycan 2020-ci ildə hərbi-siyasi, diplomatiya sahəsində böyük qələb qazandı. Ölkəmiz bu il öz ərazisini güc və diplomatiya yolu ilə bərpa etdi. Hərbi yolla başlanılan bu uğur diplomatik, siyasi müstəvidə Azərbaycanın xeyrinə davam edir. Bu bir tarixdir. Dünyada diplomatiya tarixində geosiyasətin tədrisində mütləq istifadə olunacaq. Azərbaycanın əldə etdiyi hərbi uğurlar bundan sonra dünya hərb sənətinin öyrənilməsində istifadə olunacaq. II Dünya müharibəsindən sonra hələ indiyə qədər belə bir hadisə olmamışdır ki, bir ölkə xarici təcavüz nəticəsində itirdiyi torpaqlarını güc, hərbi-siyasi və diplomatik yolla geri qatarsın. Azərbaycan bu sahədə ilkə imza atıb. Bu, Ali Baş Komandanın, Azərbaycanın xalqının və Ordusunun yazdığı ən şərəfli bir tarixdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər