31 Dekabr 2020 11:02
7 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlılarının fəaliyyətinə çəki-düzən verilməsindən başqa yol yoxdur. Azərbaycan post-sovet məkanında rus ordusunu öz ərazisindən iki dəfə çıxarmış yeganə ölkədir. Bu, birinci dəfə mərhum Prezident Əbülfəz Elçibəyin, ikinci dəfə Prezident İlham Əliyevin rəhbərliyi altında Qəbələdəki Rusiya RLS-nin çıxarılması ilə baş verib. İki dəfə olan prosesin üçüncü dəfə baş verəcəyi kimsədə şübhə doğurmasın – gəlişmələr buna doğru gedir”.

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Xankəndindəki separatçı qurumun “təhlükəsizlik xidmətinin rəhbəri”, Xocalı cəlladı Vitali Balasanyan “yeni ordu quruculuğu”na başladığını elan edib, Azərbaycanın ünvanına açıq hədələr səsləndirib. Sizcə, Balasanyanın fəallığını hansı əsaslarla izah etmək olar?

- Vitali Balasanyan və onun qardaşı separatçı qurumun “güc strukturları”nda yer alıb. Buna paralel olaraq, Dağlıq Qarabağdan keçən qeyri-qanuni kommunikasiyalarda iştirakçı və payçı olublar. Bura qanunsuz silah və narkotik daşınmasından tutmuş müxtəlif çirkli işlərdə iştiraka qədər çox şey daxildir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bu çirkli xətlər Balasanyan və onun qardaşının, eyni zamanda bu qanunsuz fəaliyyətlərin təşkilatçılarının əllərindən çıxır.

Məlumdur ki, Dağlıq Qrabağ müəyyən müddət qondarma rejimin “idarəçiliyi” altında olub. Bu illər ərzində həmin ərazilərdən çirkli daşınmalara Ermənistan rəhbərliyinin patronajlığı altında Rusiya, Kanada və digər xarici ölkələrdəki erməni diasporunun tanınmış simaları nəzarət ediblər. Separatçı rejim də onlarla işbirliyində olub. Qeyd etdiyimiz kimi, bu çirkli fəaliyyətlər Dağlıq Qarabağda olsa da, bunlar Ermənistanın siyasi hakimiyyətinin nəzarəti altında reallaşdırılıb.

İndi reallıqlar dəyişib. Azərbaycan öz ərazilərini işğaldan azad edib və Rusiya sülhməramlıları həmin bölgənin müəyyən hissəsində sülhün qorunmasında iştirak edir.

Əlbəttə, son vaxtlarda sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycanda çoxlu suallar yaranıb. Amma bu sualları Rusiya hakimiyyətində uzun illər kök atmış erməni lobbisinin fəaliyyətləri nəticəsində yaranır. Uzun illərdən sonra Rusiyanın əlinə bir şans düşüb ki, dünyada özünün sülhməramlı fəaliyyətini legitimləşdirə, yəni bundan öncəkilərdən fərqləndirə bilsin. Bu bir şansdır.

Etiraf etmək lazımdır ki, Rusiya post-sovet respublikalarındakı münaqişələrə təsir etmək imkanına malik bir gücdür. Bu münaqişələr ilkin dövrlərdə Rusiyanın müəyyən siyasi dairələrinə bağlı olaraq başlayıbsa, daha sonra bu proseslər kənar təsir dairələrinə də düşüblər. Tam demək olmaz ki, Rusiya son illərdə keçmiş sovet respublikalarındakı münaqişələrin hamısının davam etməsində maraqlı olub.

- Niyə maraqlı deyil?

- Çünki bu münaqişələr bölgələrdə Rusiyanın kommuniksiya imkanlarını limitləyirdi. Yəni uzunmüddətli dövrdə Rusiyanın maraqlarına cavab vermirdi. Rusiya öz iqtisadi maraqlarını legitim sayılan hökumətlərlə daha rahat həyata keçirə bilər, nəinki ABŞ və ya Avropadakı hansısa siyasi dairəyə bağlı olan bir xunta ilə. Hesab edirəm ki, Rusiya sülhməramlıları ilə bağlı Azərbaycan cəmiyyətində və hökumətində yaranan narazılıq Rusiya daxilindəki bir sıra qruplardan qaynaqlanır. Məsələ budur ki, Rusiya Müdafiə Nazirliyində federasiyada Ermənistanın təşviqatçısı rolundan çıxış edən Lazarev Klubuna bağlı bir qrup mövcuddur. Məsələn, Rusiya Müdafiə Nazirliyinin fəaliyyətlərinin mətbuata çatdırılması işinə birbaşa Lazarev Klubunun rəhbəri Zatulinin qızı cavabdehdir. Zatulinin qızı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəridir. Onun həyat yoldaşı isə Rusiya Müdafiə Nazirliyinin təchizatına cavabdeh olan şəxslərdən biridir.

Başqa sözlə, Rusiyadakı erməni lobbisinin rus sülhməramlılarından Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərini vurmaq üçün istifadə imkanları genişdir.

Əlbəttə, Rusiya bunun qarşısını almalıdır. Məsələn, Rusiya Müdafiə Nazirliyi Xocavənddə təxribat baş verdikdən və Azərbaycan bu məsələni həll etdikdən sonra “Biz bunu araşdıracağıq” kimi absurd açıqlama verməməlidir. Bu onu göstərir ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları baş verənlərə adekvat cavab vermir, öhdəliklərini yerinə yetirmir, prosesi doğru dəyərləndirmir və mandatından kənar işlərlə məşğuldur. Quruculuq işləri ilə məşğuldur, düzdür, Rusiyanın oradakı humanitar fəaliyyəti üçtərəfli bəyannamədə göstərilib, amma bu, quruculuq işlərinin birbaşa ermənilərin xeyrinə aparılması demək deyil.

Bu anlaşmada xüsusən də, Dağlıq Qarabağdakı qondarma təchizatın nümayəndələri ilə əməkdaşlıqdan söz açılmır. Yəni həmin şəxslərlə əməkdaşlıq Rusiya sülhməramlılarının mandatına uyğun gəlmir.

Dağlıq Qarabağdakı separatçı rejimin “fövqəladə hallar xidməti”nin Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına “orden” və “medal” verməsi həm Rusiyaya təhqirdir, həm də münasibətlərə zərbə vuran amildir.

- Bəs Balasanyan və separatçı qurumun digər üzvlərini kimlər hərəkətə gətirir?

- Dediyimiz kimi, Dağlıq Qarabağdakı qondarma təchizatı diriltməyə çalışan qüvvələr var. İstər ABŞ, istər Rusiya, istərsə də Fransa istisna olmaqla, Avropa dövlətləri bu münaqişənin genişlənməsində maraqlı deyillər. Söhbət bu dövlətlərin legitim hökumətlərinin proseslərə yanaşmasından və dövlət maraqlarından gedir.

Amma Balasanyan və separatçı rejimin digər ünsürləri həmin dövlətlərdəki qeyri-legitim dairələrin münaqişənin davam etdirilməsi maraqlarından ilhamlanaraq, fəallıq göstərməyə çalışırlar. Həmin qeyri-legitim dairələr otuz ilə yaxındır Dağlıq Qarabağdakı təbii sərvətləri istismar edirdilər, bu bölgədən keçən çirkli xətlərdən irihəcmli pullar qazanırdılar, qanunsuz daşımalar həyata keçirirdilər. İndi həmin dairələr Dağlıq Qarabağdakı separatçı rejimin dirilməsində maraqlıdırlar.

- Azərbaycan nə etməlidir?

- Vitali Balasanyan 1992-ci ildə törədilən Xocalı soyqırımı və digər müharibə cinayətlərində iştirak edib. Eyni zamanda, o və digərləri ikinci dövlətin – Ermənistanın imkanlarından istifadə edərək, beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan sərhədləri daxilində terrorçu və separatçı rejimin qurulmasında, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak etmiş şəxslərdir. Balasanyan və onun ətrafındakıların formalaşdırdığı qondarma təchizat istər beynəlxalq hüquq, istər Azərbaycan qanunvericiliyi, istərsə də siyasi baxımdan kriminal qurumdur.

Buna görə də, Azərbaycanın hüquq mühafizə sistemi bu bu ocağın söndürülməsində aktiv iştirak etməlidir.

İndi “Rusiya buna imkan verməyəcək” kimi fikirlər səsləndirənlər var. Məsələ budur ki, indi vəziyyət fərqlidir. Rusiya sülhməramlılarının Azərbaycan daxilində bu ölkəyə qarşı cinayətlərə əl atmış şəxsləri qorumaq səlahiyyəti və mandatı yoxdur, bu məsələdən Azərbaycan-Rusiya münasibətlərini korlamaq üçün istifadə edilməsinə də imkan verilməməlidir. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində SSRİ-dən qalma bir Rusiya xofu var. Əlbəttə, Rusiya güclü və aqressiv dövlətdir.

Amma bu cür davranışlarına qarşı Rusiyanı yerində oturtmağı bacaran dövlətlər də var. Yəni indi bu xofu bir kənara qoymaq lazımdır. Rusiya ilə açıq şəkildə Azərbaycanın hüquqlarına aid məsələlərin ona dəxli olmaması ilə bağlı danışıqlar aparmaq lazımdır.

Ümumiyyətlə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi üçtərəfli anlaşmadan irəli gəlir, deklorativ xarakterlidir. Bu, beynəlxalq hüquqa əsaslanan legitim sənəd deyil. Dağlıq Qarabağ məsələsinin həlli ilə məşğul olan legitim təchizat ATƏT-in Minsk qrupudur. ATƏT-in Minsk qrupuna üzv dövlətlər arasında bu ölkələrdən hər hansı birinin öz qüvvələrini sülhməramlı olaraq Dağlıq Qarabağa yeridilməsini qadağan edən anlaşma mövcuddur. 1994-cü ildə əldə edilən bu anlaşma iki il sonra dəyişdirildi. Həmin anlaşmaya görə, üzv ölkələrdən hər biri sülhməramlı qüvvələrin yalnız 30%-ni təşkil edə bilər. 2009-cu ildə isə o anlaşma əldə edildi ki, ümumiyyətlə, həmsədr dövlətlər bölgəyə sülhməramlı kimi girə bilməz. Yəni Rusiya ilə danışıqlar aparmaq üçün kifayət qədər hüquqi əsaslar var. Həmin əsaslar təkcə bu amillərlə məhdudlaşmır, digər faktorlar da mövcuddur. Rusiya ilə bu mövzular haqda danışılmalıdır.

Bu günlərdə mətbuatda Rusiya sülhməramlıları ilə erməni hərbçilərinin birgə görüntüləri yayıldı. Rusiya mediası onları “hərbçi paltarı geyinmiş ermənilər” kimi təqdim etdi, amma bu, heç nəyi dəyişmir. Hərbi atributu, hərbi texnikası, əlində silahı olan istənilən bir şəxsin Rusiya sülhməramlısının yanından keçməsi, onların Dağlıq Qarabağdakı fəaliyyətlərinin sabotaj edilməsi deməkdir. Bu isə Rusiyanın xeyrinə deyil.

- Sizcə, Rusiya rəhbərliyi bölgədəki maraqlarını risk qarşısında qoymamaq üçün sülhməramlıların fəaliyyətinə əl gəzdirəcəkmi?

- Ermənistan rəhbərliyi son iki ildə öz mövqeyini gücləndirmək üçün səylər etməyə başladı. Hətta bu ilin əvvəlində Ermənistanın müdafiə naziri bir qədər də irəli gedərək, yeni ərazilərin işğal ediləcəyi açıqlamasını verdi. Bu gəlişmələrdən sonra hamıya – bütün dünya ictimaiyyətinə məlum oldu ki, bu məsələ müharibə ilə həll olunacaq.

Ermənistan rəhbərliyinin danışıqların pozulmasına yönəlik açıqlama və bəyanatları məsələnin hərbi yolla həllinə münbit şərait yaratdı. Bu prosesin qalibiyyətlə başa çatdırılmasının memarı isə Azərbaycan prezidenti və onun yürütdüyü siyasət oldu. Artıq analitiklər tez-tez müharibə ehtimallarının labüdlüyündən danışmağa başlayanda Ermənistan rəhbərliyi qeyri-legitim dairələrin – görünməyən qüvvələrin dəstəyi ilə təxribatlara əl atdı. İyul və avqust aylarında bir neçə dəfə diversiya etdi, nəhayət, sentyabrın sonlarında savaş başladı.

Azərbaycan Ermənistanın təxribatına əks-cavab verəndə əksəriyyətdə belə bir təəssürat vardı ki, Rusiya savaşı bir-iki günə dayandıracaq. Amma mən həmin vaxt qətiyyətlə bunun sona qədər gedəcəyi fikrini irəli sürdüm. Buna inanan çox az adam vardı. Belə olmadı, çünki bunun sona qədər getməsini şərtləndirən məqamlar var idi. Bu proses Rusiyanın sevinərək etdiyi bir şey deyildi. Yəni Azərbaycan ordusunun ərazilərimizi işğaldan azad etməsi Rusiyanın rahatlıqla qəbul edəcəyi bir məqam deyildi. Amma Rusiyanın daxilində regional prosesləri dəyərləndirə bilən və dövlətin maraqlarını lobbinin maraqlarından üstün tutmağı bacaran müəyyən qruplar var, sayları çox az olsa da...

Savaş günlərində Rusiyanın hakim komandasında fikir haçalanması gördük. Bir tərəfdə Ermənistana lobbiçilik edən qruplar vardı, onlar status-kvonun saxlanılmasında, Rusiyanın prosesə birbaşa müdaxiləsində maraqlı idilər, bir tərəfdə də Azərbaycanın haqq işinə dəstək verən məqamlar özünü göstərdi. Həmin qruplar Rusiyanın güc strukturlarında və beyin mərkəzlərində təmsil olunurlar.

Rusiya sülhməramlılarının fəaliyyətinə çəki-düzən verilməsindən başqa yol yoxdur. Azərbaycan post-sovet məkanında rus ordusunu öz ərazisindən iki dəfə çıxarmış yeganə ölkədir. Bu, birinci dəfə mərhum Prezident Əbülfəz Elçibəyin, ikinci dəfə Prezident İlham Əliyevin rəhbərliyi altında Qəbələdəki Rusiya RLS-nin çıxarılması ilə baş verib. İki dəfə olan prosesin üçüncü dəfə baş verəcəyi kimsədə şübhə doğurmasın – gəlişmələr buna doğru gedir.

Azərbaycan indi nə 1990-cı illərdəki zəif Azərbaycandır, nə də zaman o zamandır. Artıq maraqlar gücün üstündə formalaşır. Azərbaycan Cənubi Qafqazda srtateji ölkə kimi tək deyil. Burada gözlə görünən və görünməyən güclər var. Gözlə görünən güc Türkiyədir. Güc deyəndə həm də təkcə hərbi gücdən söhbət getmir, bura həm də siyasi dəstək, iqtisadi imkanlar və digər amillər daxildir. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının oktyabr ayında keçirilən qapalı iclasında sözügedən qurumun beş daimi üzvündən biri Azərbaycanı müdafiə etmişdi.

Ermənistan da bölgədə formalaşmış yeni reallıqları qəbul etməlidir, bunu da edəcək, başqa yolu yoxdur. Azərbaycanın sülhməramlılarla bağlı narazılığı Rusiyaya yeni sanksiyalar gətirəcək, kimsə buna şübhə etməsin. Nəzərə alsaq ki, Cənubi Qafqazdan keçən beynəlxalq kommunikasiya xətləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün həyati əhəmiyyətlidir, demək, Rusiyaya bu dəfə tətbiq olunacaq sanksiyalar Ukraynaya görə həyata keçirilən sanksiyalardan qat-qat fərqli olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər