19 Yanvar 2021 15:02
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandan İlham Əliyevin Şüşaya səfəri, bayrağımızı tarixi şəhərimizdə ucaltması xalqımızın əhval-ruhiyyəsini bir qədər də yüksəldib. Bu səfər, cənab Prezidentin söylədiyi hər bir fikir yaranmış suallara cavab idi. İlk növbədə Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması strateji əhəmiyyət daşıyır. Azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Müharibənin bitməsindən iki aya keçəməsinə baxmayaraq, artıq bərpa və quruculuq işləri aparılır. Bütün imkanlar səfərbər olunur ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlansın. Vətəndaşlarımız öz doğma torpaqlarında qurub-yaratsınlar.

Bunu teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri cənab Prezidentin Şuşada çıxışının tarixi önəmindən bəhs edib:

“Ali Baş Komandan Şuşada əsgərlər qarşısında çıxış edərək bunları dedi: “Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm”. Ancaq bu səfərlərin mahiyyəti fərqlidir. O zaman cənab İlham Əliyev Şuşaya dövlət rəhbərinin övladı kimi, bir vətəndaş kimi gəlmişdi. Bu dəfə isə Müzəffər, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi səfər edib. Şuşadan Azərbaycana, dünyaya bu torpaqların tarixən də, bundan sonra da bizim olacağı mesajını verdi. Cənab Prezident dedi: “Müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq”. Bu bəyanat çox təsiredici, həm də məsuliyyətlidir. Ancaq Ali Baş Komandan bu müqəddəs işi, şərəf borcunu bizim qəhrəman hərbçilərimizə, cəsur, igid döyüşçülərimizə, övladlarımıza tapşırdı. Bir məsələni unutmaq olmaz ki, bu müharibənin əsas iştirakçıları gənc nəsli nümayəndələridir. Heç vaxt Qarabağı görməyən, ancaq adını eşidən gənclər idi. Bir çoxları, elə beynəlxalq təşkilatların üzvləri, siyasətçilər deyirdilər ki, artıq yeni nəsil yetişib, onlar heç Qarabağı görməyiblər, bu reallıqdır, siz bununla barışmalısınız. Ancaq Azərbaycan gəncliyi, yeni nəsil özü yeni reallıq yaratdı. Tarixi torpaqlarımızı erməni işğalçılarından azad etdi”.

Hicran Hüseynova cənab Prezidentin Ermənistanda revanş haqqında düşünənlərə və onların havadarlarına da ciddi mesaj ünvanladığını qeyd edib:

“Son zamanlar bəzi təxribatçı halları müşahidə edilir. dezinformasiyalar yayılır ki, ermənilər güc toplayır. Ancaq onlar dəmir yumruğu yaddan çıxarmamalıdırlar. Cənab Prezidentin dediyi kimi: “Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.

Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidləri və Qazançı kilsəsini ziyarət edən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oradakı vəziyyətlə tanış olub. Düşmən dini abidələrimizi işğal dövründə məhv edib. 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salınıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Birinci vitse-prezidenti Mehriban xanım bu barədə açıqlama verib. Bildirilib ki, biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik. Azərbaycanda hər zaman bütün dinlərin məbədləri qorunur. Hətta Bakının mərkəzində yerləşən ermən kilsəsi dövlət tərəfindən qorunur və təmir olunub. Ancaq ermənilərin nə etdiklərini də görürük. Bizim bütün dini, tarixi, mədəni abidələrimizi dağıdıblar, yararsız hala salıblar, onları təhqir ediblər. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına əsaslanan Beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayırlar. Məhz cənab Prezidentin beynəlxalq təşkilatlara müraciətindən sonra onlar ölkəmizə səfər edərək, əsl həqiqəti öz gözləri ilə gördülər. Bu günlərdə Azərbaycanda səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər etdi. O qeyd edib: "Əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir”. Biz çox istəyirik ki, beynəlxalq təşkilatlar öz hesabatlarında ikili standartlara yol verməsinlər, həqiqəti yazsınlar”.

Professor qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra bölgədəki tarixi, mədəni abidələrimizi dağıdıb, evləri, muzeyləri qarət edib:

“Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Güllələnmiş həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Bu büstlərin qarşısında qısa, lakin tarixi çıxışı zamanı bir daha ermənilərin insanlığa yaraşmayan hərəkətlərinin, alçaq niyyətlərinin şahidi olduq.

Ölkə başçısının Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi qarşısında çıxışı isə mühüm siyasi hadisələrə bir tarixi ekskurs olmaqla, yanaşı həm də mühüm ismarışlar idi. Bu məqbərənin yaradılması və açılışı Azərbaycanın öz tarixinə, xalqın şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edir ki, Şuşa Azərbaycan şəhəridir.

Deputat əlavə edib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos, hərc-mərclik, özbaşınalıq tropaqlarımızın işğal olunmasına səbəb olub:

“Anti-milli qüvvələr hər zaman belə vəziyyətdən istifadə edirlər. Bu gün də əfsuslar olsun ki, bu tarixi Qələbəyə sevinmək, insanların qurub-yaratmaq arzularına qoşulmaq əvəzinə bu dəstə yenə də öz ampulasında çıxış edir. Tarixi Qələbəmizə kölgə salmağa çalışırlar. Lakin onlar buna nail olmayacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı