Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşü keçirilib. Görüş ölkə rəhbərlərinin 11 yanvarda imzaladığı üçtərəfli bəyanatın müddəalarına uyğun baş tutub. Nazir müavinləri nəzərdə tutulmuş planların icra qrafiki ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıb. Görüşdə ekspertlərdən ibarət alt işçi qrupların yaradılması razılaşdırılıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası və həyata keçirilməsi gündəmdə olub:
“Kommunikasiyaların açılışının icrası regionda sülhün davamlı olmasını təmin edəcək. Üçtərəfli razılıqda nəzərdə tutulmuş bütün tədbirlər plana uyğun icra olunur. Nəticədə isə Ermənistan-Azərbaycan münasibətləri və regional əməkdaşlıq formatı meydana gələcək. Bütün məsələlər ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunur. Azərbaycanın gündəliyə təqdim etdiyi bütün məsələlər öz həllini tapır”.