COVİD-19-la bağlı dünyanın mənzərəsi günbəgün dəyişir. Dövlətlərin pandemiya ilə mübarizə strategiyasında da fərqli yanaşmalar müşahidə olunur. Xüsusilə vaksinasiyanın başlaması ilə faktiki olaraq pandemiya ilə mübarizədə də yeni mərhələ başlayıb. Təəssüf ki, vaksin bölgüsündə ədalətsiz yanaşnmalar müşahidə edilir. Azərbaycanın ilk gündən COVİD-lə mübarizə ilə bağlı mövqeyi ayrıseçkiliyə qarşı olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycan virusla mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görməklə vəziyyətin nəzarətdə saxlanmasına nail olub:
“Pandemiya başlayandan modul tipli xəstəxanalar açılıb, mövcud laboratoriyaların sayı 42-yə çatdırılıb. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə məhz bizim ölkəmiz başlayıb. Bu, koronovirusla mübarizənin “Azərbaycan modeli”nin əsas üstünlükləridir. ÜST başda olmaqla, əksər beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya siyasətini nümunə kimi göstərir. Üstəlik, Azərbaycan bu məsələdə sosial həmrəylik prinsipindən çıxış edib. Dövlətimiz 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar ianə edib".
Deputat pandemiya problemini beynəlxalq müzakirəyə də ilk çıxaran Azərbaycan Prezidentinin olduğunu qeyd edib:
“Bununla bağlı Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşü, BMT-nin xüsusi sessiyası keçirilib. COVID-19 ilə mübarizədə üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsini xüsusi vurğulamalıyıq. Yəni, Azərbaycan ilk gündən bu məsələyə qlobal miqyasda sosial həmrəylik prinsipindən yanaşıb. Lakin bu gün biz təəssüf ki, dünyada xüsusilə vaksinin ədalətsiz bölgüsünün şahidi oluruq. Azərbaycan haqlı olaraq bu ədalətsiz yanaşmanı qəbul etmir. Prezident İlham Əliyevin də söylədiyi kimi, zəngin dövlətlərin məsələyə eqoist yanaşması həqiqətən də “neomüstəmləkəçilik dövrü” kimi xarakterizə olunur. Zəngin dövlətlərin yalnız özünü düşünməsi təəssüf doğurur. Bu yanaşma ilə dünyanın xilasına nail olmaq mümkün deyil”.