22 Fevral 2021 23:27
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, fevralın 20-də Ermənistanda revanşist qüvvələrin mitinqi keçirildi. Paşinyan əleyhinə olan 17 siyasi partiyanın çağırışına baxmayaraq mitinqdə iştirak edənlərin sayı çox az idi. Erməni cəmiyyətinin “Qarabağ klanı"na qarşı inamsılığı necə izah oluna bilər?

- Fevralın 20-də Ermənistanda müxalifətin mitinqindən gözləntilər elə də böyük deyildi. Mitinq öncəsi aparılan müzakirələrdə insanların daha çox iştirakına nail olmaq üçün səylər göstərilirdi. Çünki bu mitinqi təşkil edən siyasi partiyalar bilirdilər ki, onların ətrafında o qədər də böyük insan kütləsi yoxdur. Amma buna baxmayaraq, onlar nəyin bahasına olur-olsun, insanların küçələrə axışmasına nail olmaq istəyirdilər. Hətta Ermənistan hüquq-mühafizə orqanları da əhaliyə müraciət etmişdilər ki, hansısa təzyiqlərə məruz qalıb, iş yerlərini tərk edib mitinqlərə qatılmasınlar. Ümumiyyətlə, geniş kütləvi mitinqin olacağı da sual altında idi. Bunu müxalifətin özü də bildirmişdi. Mitinq öncəsi iki sabiq erməni prezidenti Serj Sərkisyan və Robert Köçəryan, milyarder Qarik Sarukyan müxaifətin baş nazirliyə namizədi Vazgen Manukyan məsləhətləşmələr aparırdılar. Bu məsləhətləşmələrdə əhalinin küçələrə çıxması üçün yollar axtarırdılar. Onlar bütün vasitələrdən istifadəni də məqbul hesab edirdilər. Amma geniş ictimai dəstək ala bilmədilər. Bunun da bir neçə səbəbi var idi. İlk təsirli səbəb kimi “Qarabağ klanı” haqqında erməni cəmiyyətinin kifayət qədər aydın təsəvvürlərə malik olmasıdır. Ermənistan müstəqilliyini əldə etdikdən sonra 30 ilə yaxın müddətdə “Qarabağ klanı” işğalçılıq siyasəti həyata keçirib. Təxribatlar, işğalçılıq siyasəti ilə bütün qonşu ölkələrlə münasibətlər korlanıb. Bununla da Ermənistanda əhali ağır sosial durum şəraitində yaşamaq məcburiyyətində qalıb. Erməni xalqının özü də işğal siyasətinə görə, aclıq və səfalət içində yaşamalı olub.

- Paşinyan da hakimiyyətə məhz bu cür avantürüstlərin cəmiyyətdə qınanılması ilə gəldi...

- Bəli, Paşinyan kimi diletant bir insan Ermənistanda hakimiyyətə gətirildi. Bu da Paşinyanla bağlı bir amil deyildi. Səbəb o idi ki, “Qarabağ klanı”nın hakimiyyətindən erməni cəmiyyəti artıq bezmişdi. Ona görə də Paşinyan kimi səriştəsiz birinin hakimiyyətə gəlməsinə razı oldular. Paşinyanın hakimiyyətə gəlməsi onun özünün qələbəsi kimi deyil, “Qarabağ klanı”nın məğlubiyyəti kimi qiymətləndirilir. Əhali bu cinayətkar klandan o qədər bezdi ki, belə hakimiyyətə qarşı dözümsüzlük göstərdi. İndiki şəraitdə müxalifətin ətrafına insanların toplana bilməməsi də məhz bununla bağlıdır. Digər yandan isə Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olan dairələr də kifayət qədər fəaldırlar. Baxmayaraq ki, Paşinyan onu hakimiyyətə gətirən dairələrin gözləntilərinə uyğun siyasət yürüdə bilmədi. Daha da asılı vəziyyətə düşdü.

- Soros fondunun “Qarabağ klanı”nı dəstəkləməsi ilə bağlı fikirlər var. Paşinyanın bu xətlə hakimiyyətə gəldiyini nəzərə alsaq, Sorosun mövqe dəyişikliyini necə izah etmək olar?

- Səylər göstərilib, resurslar xərclənib. Paşinyan hakimiyyətə gətirilib. İndi də onu hakimiyyətdə saxlamaqla məlum komandaya ümid bəsləyənlər var. Çünki Paşinyanın ətrafında olan komanda Sorosun istəyi ilə formalaşıb. Amma Paşinyanın özü ilə bağlı Sorosun gözləntiləri tükənib. Hətta vəziyyət dəyişib. İndiki baş nazir Rusiyayönümlü siyasət yürüdəcəksə, bu zaman Soros “millətçiləri”, “Qarabağ klanı”nı dəstəkləməyə üstünlük verə bilərlər. Ermənistan təcrübəsində görülüb ki, ayrı-ayrı qruplar marginal maraqların təmin olunması üçün istənilən cinaha xidmət etməyə hazırdırlar. Bu isə erməni xislətidir. Buna bələd olan Qərb dairələri bilir ki, ermənilərə vədlər verməklə istəklərini reallaşdıra bilərlər. Düşünürlər ki, bu yolla erməniləri yönləndirmək olar. Ayrı-ayrı insanların subyektiv maraqlarının təmin olunması başlıca şərtdir.

- Erməni cəmiyyətinin son mitinqə olan münasibəti revanşizmə, revanşist qüvvələrə son cavabı kimi dəyərləndirilə bilərmi?

- Ermənistan üçün elə bir vəziyyət yaranıb ki, başqa bir çıxış yolları qalmayıb. Onların region dövlətləri ilə əməkdaşlıqdan başqa şansları yoxdur. Ermənistanın başqa region dövlətlərindən fərqli olaraq quru, dəniz yolu ilə xaricə çıxış imkanları məhduddur. Azərbaycanın İranla dövlət sərhədi də artıq ölkəmizin ixtiyarındadır. Digər yollar da perspektivli deyil. Ona görə də erməni cəmiyyətinin inkişaf üçün qonşu dövlətlərlə əməkdaşlıqdan başqa yolu qalmayıb. Azərbaycan Ordusu, cənab Prezident yeni bir siyasi reallıq yaradıb. Bu geosiyasi reallığın diqtəsi ilə Ermənistan məcburdur ki, qonşullara əməkdaşlıq etsin. Əks halda Ermənistanın məhvi qaçılmazdır. Rusiya da regionda kommunikasiyaların açılmasının tərəfdarıdır. Regionda vahid əməkdaşlıq platforması var. Ermənistanın buna qarşı çıxması birbaşa Rusiyaya qarşı çıxmaqdır. Onun isə bu regionda mövcudluğu birbaşa Rusiyadan asılıdır. Ona gördə Ermənistan üçün bundan sonra alternativ yoxdur. 2-3 il öncə Ermənistan İranla, Rusiya ilə əməkdaşlıqla öz mövcudluğunu təmin edə bilirdisə, bu gün belə bir imkanlar itirilib. Paşinyan da artıq vəziyyətin hansı istiqamətdə olduğunu bilir. Ermənistan cəmiyyəti inkişaf üçün regional əməkdaşlıqda maraqlı olmalıdır. Buna baxmayaraq, Ermənistanda hakimiyyətin kim tərəfindən formalaşdırılmasından asılı olmayaraq, Azərbaycanın mövqelərinə təsir etməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər