19 Mart 2021 20:56
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəyyən həddə qədər yaxınlaşma ola bilər, amma Çinlə Rusiyanın öz arasında elə ziddiyyətlər var ki...”

Teleqraf.com “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, analitik Arif Əliyevlə müsahibəni təqdim edir:

- Arif müəllim, biz Co Baydenin ABŞ prezidenti seçilməsindən, xüsusilə, onun Vladimir Putin haqqında “qatil” ifadəsi işlətməsindən sonra Vaşinqton-Moskva xəttində ən gərgin siyasi mərhələni müşahidə edirik. Siz yaranan vəziyyəti necə qiymətləndirirsiniz və bu gərginlik hansı həddə qədər davam edə bilər?

- Prinsipcə, bu gərginlikdə gözlənilməz heç nə yoxdur. Nəzərə almaq lazımdır ki, bu gərginlik hərbi müstəvidə də davam edir. Xüsusilə, şimalda ABŞ və Rusiya arasında gərgin durum müşahidə edilir.

Vaşinqton hərbi hava qüvvələrini şimala göndərir. Sadəcə ritorikanın bu həddə çatması təəccüblüdür. Heç SSRİ-ABŞ münasibətlərinin ən gərgin dövründə belə diplomatik davranışdan uzaq olan belə ifadələrə rast gəlinməyib.

Sözsüz ki, bu ifadələrin arxasında təzyiqlərin gücləndiriləcəyi, qarşıdurmanın artması dayanır. Əlbəttə, Donald Trampın zamanında ABŞ-ın itirilən mövqeləri Co Bayden tərəfindən təmin edilir, həm də çox aqressiv formada. Bayden əsas təhlükənin haradan gəldiyini də bilir. Sözsüz ki, dövlət başçısı işlətdiyi ifadənin fərqində olmadığını demək düzgün olmazdı. Əksinə, bu ifadələr bilərəkdən işlədilir.

- Belə yanaşma var ki, əslində ABŞ Rusiyaya qarşı heç nə edə bilmir, əvəzində belə açıqlamalar və bəyanatlarla bir növ gücsüzlüyünü nümayiş etdirmiş olur. Bu nə dərəcədə əsaslıdır?

- ABŞ-ın Rusiyaya heç nə edə bilməməsini deyərkən nəzərə almaq lazımdır ki, söhbət hərbi müstəvidən getmir. Ancaq ABŞ-ın haqqında bunu demək məncə, doğru olmazdı. Son illər Rusiyanın iqtisadi geriləmələri müşahidə edilir. Fikrimcə, hərbi-ticarət məsələləri olmasaydı rus iqtisadiyyatı daha böyük formada darala, çökə bilərdi. Bu mənada təsadüfi deyil ki, ABŞ Rusiyadan silah alan Türkiyə və digər ölkələrə müəyyən basqılar edir. Həm də nəzərə almaq lazımdır ki, “iqtisadi yarış”, sanksiyalar və təzyiqlər nəticəsində gedən proseslərin SSRİ-də hansı nəticə ilə başa çatdığını hər kəs bilir. Fikrimcə, ABŞ indi bu prosesi kifayət qədər ehtiyatla aparır, Rusiyanın parçalanmasından ehtiyat edir. Mən düşünmürəm ki, Baydenin son açıqlaması gücsüzlükdən xəbər verir. Əksinə, bu proseslər əslində uzunmüddətli prosesdir, sadəcə olaraq ardıcıl getmədi. Prezident Obama zamanı müəyyən dəyişikliklər edildi, Donald Trampın dövründə isə tam fərqli mənzərənin şahidi olduq. Zənnimcə, indi baş verənlər əvvəlki qayda da qapıları möhkəm bağlamaq siyasəti aparılır.

- Hazırda Vaşinqton və Moskva münasibətləri gərgindir, tərəflər bir-birinə qarşı fikirlər işlədirlər. Sizcə, bundan sonra iki ölkə arasında nələr baş verə bilər?

- Məncə, sanksiyaların dərinləşməsi və Rusiyaya iqtisadi təzyiqlərin atmasını gözləmək olar. Düşünmürəm ki, Amerika öz mövqeyində dəyişiklik edəcək. ABŞ-ın kifayət qədər ehtiyatı var. Üstəlik manevr imkanları da yetərincədir. Rusiyanın manevr imkanları məhduddur. Avrasiya Birliyi, Gömrük İttifaqı, Rusiya-Çin-Hindistan birliyi də əsaslı deyil. Məncə, burada hər şey Rusiyanın daxili proseslərdən asılı olacaq. Bu proseslər nə zaman gedəcək və nə zaman sona çatacaq məsələsi aktualdır. Aydındır ki, Prezident Putin də geri çəkilən deyil. ABŞ-da Avropa ilə münasibətlərini yenidən qaydaya salır, bu qitədə güclənir. Üstəlik ABŞ Avropada həm maddi, həm siyasi, həm də mənəvi tərəfdən fəal iştirak edir. Yəni ABŞ-ın imkanları kifayət qədər genişdir.

- Qlobal siyasətdə müşahidə olunan digər məqam ABŞ və Çinin yüksək çinli dövlət adamlarının Alyaskada baş tutan uğursuz görüşü, tərəflərin bir-birini ittiham etməsi oldu. Beynəlxalq ekspertlər bu qarşıdurmanın ciddi fəsadlar verə biləcəyini anons edirlər. Bu iki qlobal güc arasında qarşıdurma hansı problemlərə yol açacaq?

- Hər şeyin kökündə hərbi təhlükə deyil, iqtisadi mənfəət uğrunda mübarizə dayanır. Donald Trampın dövründə də məhz iqtisadi maraqlar səbəbindən Vaşinqton-Pekin münasibətləri gərginləşdi. Məncə, bu gərginliyin dalğaları indi də müşahidə olunur. ABŞ və Çin xüsusilə intellektual və elmi tutumlu iqtosadi sahələrdə üz-üzə gəliblər. Və ABŞ-ın Rusiya ilə danışıqlarda ifadə forması həddən artıq sərt olduğu kimi Çinlə münasibətddə şərtləri də bir qədər sərtliyi ilə seçilir. Ancaq görünən odur ki, Vaşinqton-Pekin arasında dil tapmaq imkanları Moskva-Vaşinqton münasibətlərində dil tapmaq imkanlarından daha genişdir. Nəzərə almaq lazımdır ki, indi bütün savaşların arxasında iqtisadi maraqlar və imkanlar dayanır. Bizə ən tanış olanı Qarabağ müharibəsinə götürək. Burada məsələni Azərbaycanın iqtisadi gücü və imkanları, eləcədə bundan doğan dəyişikliklər həll etdi. Eləcədə digər dövlətlər. Dünyada çoxdandır ki, dövlətlər ərazi ölkələrindən ticarət dövlətlərinə çevrilib. Hər şeyi iqtisadi məsələlər həll edir. Bu baxımdan ABŞ-ın Çinlə qarşıdurmasının kökündə də iqtisadi amil dayanır. Bu istiqamətdə rəqabət və iqtisadi qarşıdurma davam edəcək. Tərəflərin öz maraqları var və bunun uğrunda mübarizə aparırlar. Amma bu hər hansı bir hərbi qarşıdurmaya çevrilməyəcək.

- Vaşinqtonun həm Rusiya, həm də Çinin üzərinə bu şəkildə getməsi Pekin və Moskvanın ona qarşı mübarizədə birləşdirməyəcəkmi?

- Müəyyən həddə qədər bu iki ölkəni yaxınlaşdıra bilər, ancaq Çinlə Rusiyanın öz arasında elə ziddiyyətlər var ki, onların sona qədər bir blokda olacağı ağlabatan deyil. Onların hər birinin ABŞ-la həll etməli olduğu məsələlər onların birgə həll edəcəyi məsələlərdən xeyli dərəcədə önəmlidir.

- Bu savaş qlobal güc uğrundadır?

- Nə zaman fərqli olub? Hər zaman bunun uğrunda olub və belə olaraq qalır. Hər şeyin əsasında dövlət maraqları, iqtisadi maraqlar durur. Xüsusilə də super dövlətlərin hegomonluq iddiaları. Hətta Avropanın daxili münasibətlərinə diqqət etsək görərik ki, burada da dövlət maraqları əsas təşkil edir. Odur ki, qlobal güclərin hegomonluq uğrunda savaşı nə dünən, nə də bu gün başlayıb. Bu çoxdandır başlayıb və son ana qədər davam edəcək. Sadəcə indiki halda ABŞ-ın imkanları daha genişdir.

- Mütəxəssislər qeyd edirlər ki, yaxın gələcəkdə Çin qlobal güc kimi əsas qüvvə olacaq və ABŞ-ı geridə qoyacaq. Bu nə dərəcədə mümkündür?

- Daimi heç nə yoxdur, amma bunun yaxın dövrdə baş verəcəyini ehtimal etmirəm. ABŞ iqtisadi, maliyyə imkanları, eləcədə öz portnyorlarına təsir imkanları çox böyükdür. Düşünmürəm ki, qısa müddət ABŞ bu imkanlarını xərcləyib qurtara bilər. ABŞ-ın bir ştatının-Kaliforniyanın ümumdaxili məhsulu az qala Rusiyanın ümumdaxili məhsuluna bərabərdir. Bunu təsəvvür edin. Nə hərbi, nə iqtisadi, nə də maliyyə baxımından təsəvvür edilməz fərqlər var. O cümlədən Çinin sürətlə iqtisadi inkişafına baxmayaraq ABŞ-la müqayisə gəlməz fərq var. Bəli, perspektivdə Çinin əsas qlobal gücə çevrilməsi istisna deyil, amma yaxın gələcəkdə bu gözlənilmir.


Müəllif: Nemət

Oxşar xəbərlər