9 Aprel 2021 16:09
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim Ermənistan qarşısında borcumuz yoxdur. Əlimizdə olan terrorçuları qaytarmaq məsələsindən söhbət belə gedə bilməz. 10 noyabrda üçtərəfli bəyannamə imzalanıb və müharibə dayandırılıb. Tərəflər də üzərinə müəyyən öhdəliklər götürüb. Ancaq bu sazişdən sonra Azərbaycan torpaqlarına keçən 60-dan çox şəxs tutulub. Bunlar terrorçularıdır. Ermənistan onları "hərbi əsir" kimi təqdim edə bilər, amma bu, vəziyyəti dəyişmir.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Ermənistanda Azərbaycanın əlində olan terrorçular ətrafında aparılan müzakirələr, ələlxüsus guya ötən gün onların İrəvana göndərilməsi haqda bu ölkədə yayılan xəbərləri şərh edərkən deyib.

Fikrət Sadıqov Haqa Konvensiyası, bir sıra qanun və müqavilələrin olduğunu xatırladaraq erməni tərəfinə məsləhət görüb ki, bu beynəlxalq sənədləri açıb oxusunlar:

“Həmin sənəddə hər şey var. Bəli, erməni tərəfi onları “hərbi əsir” kimi təqdim edir. Amma biz onları nə zamansa azad etsək və geri versək, sözsüz ki, bu, müəyyən şərtlər əsasında baş tutacaq. Bu günə qədər erməni tərəfi 10 noyabr bəyanatının bir sıra maddələrini yerinə yetirmək istəmir, boyun qaçırırlar. Xüsusilə, kommunikasiyalar açılmır, nəqliyyat məsələlərində əngəllər törədilir və s. Biz isə bunlara baxmayaraq terrorçuları onların tələbi ilə qaytarmalıyıq? Belə olmur. Beynəlxalq münasibətlərdə belə addımlar atıla bilməz. Hesab edirəm ki, İrəvan bunu yaxşı başa düşür”.

Politoloq konkret hansısa şərtlər çərçivəsində diversantların geri verilməsi məsələsinin gündəmdə olmadığını düşünür:

“Şərtlər müxtəlif ola bilər. Mən dediyim kimi, həm kommunikasiyaların açılması, həm onların özünü sivil qaydada aparması məsələsi var. İndiyə qədər onlar İrəvanda revanşist tələblərlə çıxış edirlər. Azərbaycana qarşı revanşist planları da var. Məncə, onlar bu kimi istəklərindən əl çəkməli, 10 noyabr sazişinin bütün maddələrini yerinə yetirdiklərini nümayiş etdirməlidir. Məncə, belə qayda da ola bilər. Həmçinin, minalanmış ərazilərin xəritələrini Bakıya təqdim etməlidirlər. Eyni zamanda Azərbaycanın əlində olanların hərbi əsirlərinin olmadığını etiraf etməlidirlər. Bunu etiraf etdikdən və bir sıra şərtləri qəbul etdikdən sonra düşünürəm ki, bu məsələyə baxmaq mümkün ola bilər”.


Müəllif: Nemət