Hər bir dövlətin sərhədi müqəddəs və toxunulmazdır. Hansısa bir sərxoş erməninin istədiyi zaman Azərbaycan sərhədində təxribata əl atmasına qarşı səbr nümayiş etdiriləcəyini kimsə düşünməsin. Bu, qətiyyən belə olmayacaq. Ali Baş Komandan da bunu açıq şəkildə bəyan etdi. Bununla da Azərbaycan rəhbəri özünün son xəbərdarlığını qarşı tərəfə çatdırmış oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
O qeyd edib ki, növbəti dəfə Azərbaycan sərhədində belə bir hal yaşayanacaqsa, düşmən və yaxud hər hansı dövlət tərəfindən təxribat olarsa, ona qarşı çox sərt mövqe sərgiləyəcək: “Bu da sözsüz ki, məhvedici bir cavab olacaq. Erməni tərəfinə edilən bu sonuncu xəbərdarlıq bir daha təkrar edilməyəcək”.
Komitə üzvü bildirib ki, Azərbaycanın müvafiq qurumları, o cümlədən Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Nazirliyi Ali Baş Komandandan öz tapşırığını almış oldu. Bundan sonra əlavə göstərişə ehtiyac qalmayacaq. İstənilən təhlükəyə yerindəcə, sarsıdıcı, məhvedici reaksiya veriləcək”.
Elman Məmmədova görə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Dəmir Yumruğu yerindəddir: “Qarşı tərəf də bunu unutmamalıdır: “Bu eyni zamanda tək ermənilərə verilən bir mesaj deyil. Dünyanın bir çox yerlərində, mərkəzlərindən erməniləri ruhlandıran qüvvələrə də açıq bir mesaj verildi. Növbəti sərsəm xəyyalar Ermənistan ərazisində hərbi əməliyyatlarla başa çata bilər”.