17 May 2021 10:21
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz indi Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya və demarkasiya prosesini müşahidə edirik. Əslində SSRİ dövründə Qara göl Azərbaycan ərazisi hesab olunurdu. Hətta bildiyim qədər bir müddət həmin göldən ermənilərin də istifadəsinə icazə vermişdik. Yəni sudan istifadə edirdilər. Amma Qara gölün özü Azərbaycan ərazisində qalırdı. Sadəcə SSRİ zamanı 15 respublika arasında sərhədlərə ciddi əməl edilmirdi. Ona görə də ermənilər bundan istifadə edə bilirdi”.

Bu fikirləri Teleqraf.com-a beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyev deyib.

O bildirib ki, SSRİ-nin dağılmasından sonra münasibətlər pisləşib, Ermənistanda yaşayan azərbaycanlılar oradan qovulub:

“Təbii ki, sonradan torpaqlarımız işğal olundu, Qara göl də onların nəzarətində qaldı. Ola bilsin ki, heç özləri də bilmir ki, bura bizim ərazimizdir. Bizim Sərhəd Qoşunlarımız da dövlət sərhədinin bərpası çərçivəsində Qara gölü nəzarət altına alıb. Bu da tam hüququdur”.

Hüquqşünas qeyd edib ki, əslində erməni tərəfinin səs-küyünə öyrəşməli olmuşuq:

“Onlar hər zaman belə vay-şivən qoparıblar. Uydurma erməni soyqırımından tutmuş, 907 saylı düzəlişə qədər. 907 saylı düzəliş niyə qəbul olunmuşdu? Ermənilər ABŞ Konqresini inandırmışdı ki, işğala məruz qalan Azərbaycan Ermənistanı blokadaya salıb. Yəni belə gedişlər Ermənistana xasdır. İndi də onlar BMT-dən dəstək almaq istəyirlər. Diqqət edin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ediblər. Ancaq KTMT bu işə qarışmaq istəmir. KTMT hesab edir ki, baş verənlər sərhədlərin demarkasiyası hadisəsidir".

Fərhad Mehdiyev əlavə edib ki, Ermənistanın dünyada saldığı səs-küyün heç bir nəticəsi olmayacaq:

“Bəli, onlar gedirlər, hansısa yalan məlumatlar verirlər, faktları saxtalaşdırmış formada təqdim edirlər və s. Məsələn, Avropa Parlamenti dəfələrlə Azərbaycan ərazilərinin işğala son qoyulmasını tələb edən qətnamələri olub. Bunun təsiri olurdumu? Yox. İndi də kimin bəyanat verməsindən asılı olmayaraq onun təsiri olmayacaq. Fransa bəllidir ki, ermənipərəst dövlətdir. Müharibənin getdiyi dövrdə bir neçə Avropa ölkəsinin parlamenti qərar verdi ki, Azərbaycan müharibəni dayandırsın. Biz dayandırdıqmı? Odur ki, belə bəyanatlara çox da diqqət vermək lazım deyil. Amma bizim diplomatlar, millət vəkilləri gedib beynəlxalq qurumlar da işləməli, həqiqətləri orada deməlidir. Deputatlarımız səfərlər etməli, həqiqətləri deməlidir. Elə səfirliklərə də dəqiq faktlar verilməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər