Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva layihəni təqdim edib.
Deputat bildirib ki, deputatların mütləq əksəriyyəti qanun layihəsini dəstəkləyib:
“Birinci oxunuş müzakirələri zamanı həmkarlarım Azay Quliyev, Erkin Qədirli, Siyavuş Novruzov, Fazil Mustafa və digərləri bir sıra təkliflərlə çıxış ediblər. Biz bu təklifləri qanunvericilik subyekti ilə işçi qaydada müzakirə etmişik. Bəzi təkliflər qəbul edilib”.
Mədəniyyət komitəsinin sədri deyib ki, ötən gün parlamentin dörd komitəsi qanun layihəsini müzakirə edib və onu ikinci oxunuşda plenar iclasın gündəliyinə çıxarılmasını tövsiyə ediblər:
“Həmkarlarımı layihəni dəstəkləməyə dəvət edirəm. Bununla siz mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərinin qorunması və inkişafına dəstək vermiş olacaqsınız”.
Deputat Tahir Rızayev isə təklfif edib ki, Şuşaya qəhrəman şəhər adı verilsin, Azərbaycan əsgərinin şərəfinə abidə ucaldılsın.
Deputat Vahid Əhmədov bildirib ki, belə bir qanunun qəbulu təkcə Şuşa deyil, bütövlükdə Qarabağ üçün tarixi baxımdan əhəmiyyətli hadisədir:
“Şuşa rayon olub 1752-ci ildə onun ərazisi 5,5 min kvardrat kilometr olub. Şuşa şəhəri yaranandan onun bir qəsəbəsi, bir şəhəri və 37 kəndi olub. Bu kəndlər siyasi əhəmiyyətli kəndlərdir. Şuşada 96 faiz azərbaycanlı, 4 faiz erməni yaşayıb. Şuşa şəhəri Şuşa rayonuna daxilidir. Mən təklif edirəm ki, Şuşa şəhərinin idarə edilməsi mexanizmi də qanun layihəsində əksini tapsın”.
Vahid Əhmədov eyni zamanda təklif edib ki, Şuşa şəhərində görülən işlərlə bağlı vergi alınmasın:
“Şuşada böyük bərpa işləri aparılacaq. Bu bir ilə yekunlaşmaz. Mən təklif edirəm ki, Şuşa şəhərində aparılan işlərlə bağlı 3 il müddətində vergi toplanmasın. Bu maliyyə Şuşada qalsın və şəhərə sərf edilsin”.
Deputat Aydın Mirzazadə isə Şuşada konsevatoriya yaradılmasını təklif edib. Hazırda müzakirələr davam edir.