24 İyun 2021 19:00
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ehtimal budur ki, İran ABŞ-ın şərtləri ilə razılaşıb. Əks təqdirdə ABŞ İrana tətbiq etdiyi sanksiyaları qaldırmaq haqqında düşünməzdi. Nəzərə almaq lazımdır ki, İranın yeni prezidenti İbrahim Rəisi mühafizəkar xəttin təmsilçisidir. Görünən budur ki, Vyana danışıqlarında Tehran Vaşinqtonun bəzi şərtlərini qəbul etdiyi üçün sanksiyaların müəyyən hissəsi qaldırılır”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Vyanada avropalı diplomatların vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlar və Amerika tərəfindən bəzi sanksiyaların aradan qaldırılmasını şərh edərkən deyib.

Sərdar Cəlaloğlu bildirib ki, indiki halda İrana qarşı sanksiyaların qaldırılması bu ölkənin rahatlanmasına səbəb ola bilər:

"Yeni prezident Rəisinin əsas işi İran daxilində vəziyyətin yaxşılaşdırmasıdır. Ancaq buna nail ola bilməyəcək. Rəisi İran xarici siyasətinə dair ortaya heç bir yeni mövqe qoymayıb. Sözsüz ki, İranın yeni prezidenti ali dini rəhbərin apardığı siyasəti müdafiə edəcək. Əslində İranda prezidentlərin məhdud səlahiyyəti olur, baxmayaraq ki, ölkə prezident respublikasıdır”.

İranın Yaxın Şərq siyasətinin indiki kimi davam etməyəcəyini, bəzi cəbhələrdə geri çəkiləcəyini ehtimal edən S. Cəlaloğlu qeyd edib ki, ola bilsin ki, ABŞ-la razılaşmalara bu məqam da daxildir:

"İran Suriyadan bir qədər geri çəkilə, İraqdakı ona bağlı qüvvələrlə əlaqəli hansısa addım ata bilər. Hər halda İran çalışır ki, regional dövlət olsun, Ermənistanı təsiri altına alsın, Yaxın Şərqdə onun maraqlarını müdafiə edən dövlətlər olsun”.


Müəllif: Nemət