14 Sentyabr 2021 19:51
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, hazırkı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial həyatında olan prosesləri necə dəyərləndirirsiniz?

- Azərbaycan müstəqil dövlət olduğunu və öz suverenliyini heç kəsə güzəştə getmədiyini dəfələrlə sübut edib. Bir tərəfdən Azərbaycan bir dövlət kimi qarşısında duran məsələləri həll edir. Ərazi bütövlüyümüz təmin edilib, artıq torpaqlarımızda yenidənqurma işləri aparılır. Digər tərəfdən cəmiyyət qarşısında duran məsələlər, sosial problemlər həll edilir. Gələn il büdcənin daha böyük həmcdə olması sosial məsələlərin önəmli yer tutması üçündür. Eyni zamanda beynəlxalq aləmdə Azərbaycan yüksək nüfuzunu qoruyub saxlayır. Bu, ölkəmizin dostları, qonşu dövlətlərə münasibətidir. Həmçinin qarşıya çıxan problemlərin həll istiqamətində addımlar atılır.

- Bu günlərdə Azərbaycan Türkiyə və Pakistanla birgə hərbi təlimlər icra edir. Üç dövlətin birgə addımları hansı hədəflərə hesablanıb?

- Azərbaycanın Türkiyə və Pakistan kimi dəyərli qardaş ölkələri ilə bu günlərdə xüsusi təyinatlı qüvvələrinin birgə təlim keçirməsi üç dövlətin həmişə bir yerdə olduğunu, öz suveren hüquqlarını qorumaq iqtidarını və çətin anda bir-birinə dəstək olacağını sübut edir. Dünyaya da bu birlik nümayiş olundu. Beynəlxalq ictimaiyyət də bunu qəbul edir. Azərbaycanın Qarabağ müharibəsindəki təcrübəsi bu gün dünya tərəfindən öyrənilir və onun müasirliyi bir daha vurğulanır.

- Ölkəmizin qonşu dövlətlərlə münasibəti hazırkı mərhələ üçün necə şərh oluna bilər?

- Azərbaycan öz qonşuları ilə münasibətləri hər zaman yüksək səviyyədə qurmağa çalışır. Bununla belə bəzən hansısa bir problemlər yaşanır. Amma hər bir problemi Azərbaycan beynəlxalq hüquq çərçivəsində həll edir və edəcək. Bu mənada qonşu İrandan Ermənistan vasitəsilə işğaldan azad olunan ərazilərə müəmmalı yük daşınması məsələsi Azərbaycan ictimaiyyətini çox ciddi narahat etdi. Əvvəllər də belə faktlar var idi. Vaxtaşırı Azərbaycan bununla bağlı öz narazılığını deyib. Amma son günlər yük avtomobillərinin sayı durmadan artır. O yük maşınlarında silah, yanacaq daşınması, yoxsa hansısa bir təxribata dəstək üçün belə bir addımların atılması aydın deyil. Ona görə də, Azərbaycan rus sülhməramlılarından da bu məsələ ilə bağlı tələbi oldu. Belə halların araşdırılmısının vacibliyi önə çəkildi.

- Gorus-Qafan yolunda Azərbaycan tərəfindən polis postunun qurulmasını bir çoxları təşvişlə qarşılayıb...

- Vaxtilə Ermənistan ərazi bütövlüyümüzü pozaraq Gorus-Qafan yoluna da nəzarəti ələ keçirmişdi. Artıq o ərazilər də Azərbaycanın nəzarətindədir. Orada Azərbaycan tərəfindən polis postları qurulub. Ona görə də, əgər İran maşınları həmin ərazidən keçirsə, Azərbaycan ərazisindən də keçmiş olur. Bununla da İran tərəfindən gömrük rüsumu tələb edilir. Bunun özü göstərir ki, Azərbaycan öz hüquqlarını hər tərəfli qoruyur. İmkan vermərik ki, kimsə bizim müəyyən bir spesifik xüsusiyyətləri nəzərə alaraq suveren hüquqlarımızı pozsun. Bu mümkün deyil. Azərbaycan xalqının qətiyyəti, Prezident İlham Əliyevin çox uğurlu siyasəti nəticəsində belə məsələlərə son qoyulub.

- Qarşı tərəfə hansı mesajlar verildi?

- Ötən gün Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb. Görüşdə bu məsələlər müzakirə edilib. Məhz bu görüş göstərir ki, Azərbaycan bütün məsələləri beynəlxalq hüquqla həll etməkdə maraqlıdır. Dövlətimiz suveren hüquqların qorunması ilə ortaya çıxan istənilən məsələnin danışıqlarla həll edilməsinin tərəfdarıdır. Bundan sonra dostlarımızla dostluğumuzu daha da möhkəmləndirəcəyik, düşmən hərəkətlərə isə qətiyyətli cavab veriləcək.

- ABŞ və Fransanın Ermənistandakı səfirlərinin “status”la bağlı fikirləri bu ölkədə sanki təsəllikimi şərh olunur...

- “Status” məsələsi artıq yoxdur. 10 noyabr və 11 yanvar sazişlərində hansısa bir “status”dan, Dağlıq Qarabağ ərazisindən söhbət belə getmir. Azərbaycan böyük bir dövrün problemini artıq həll edib. Bəzi xarici ölkələrin rəsmilərinin bu məsələni süni surətdə qaldırmasına ciddi şəkildə etiraz edilib. ABŞ-ın Azərbaycanda səfiri var. Bu ölkənin məsələ ilə bağlı hər hansı bir mövqeyi vardısa, Azərbaycandakı səfir bunu açıqlaya bilərdi. Digər tərəfdən bir dövlətin iki ayrı-ayrı ölkədəki səfirlərinin fərqli bəyanatlar verməsi də sual doğurur. Azərbaycan sözsüz ki, bu məsələyə öz etirazını bildirib. ABŞ və Fransa da bölgədə vəziyyətin normallaşmasına xidmət edən addımlar atmalıdır. Hansısa bir rəsmilərin vəziyyəti gərginləşdirməyə, əvvəlki dövrə Azərbaycanı sürükləməyə heç bir zaman dövlətimiz imkan verməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər