8 Oktyabr 2021 14:57
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü ilə bağlı məsələnin parlamentin müzakirəsinə təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması tariximizə olan dəyərin göstəricisidir. Azərbaycan ötən əsrin əvvələrində öz müstəqilliyini elan edib. 1920-1991-ci il isə Azərbaycan SSRİ dövrü olub. 1991-ci ildə isə Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa edib. Məhz bu səbəbdən də tarixi hadisələrə yanaşmalarda olan münasibətlərə yenidən baxmaq, onlara doğru qiymət vermək olduqca önəmlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Vətən müharibəsində tarixi qələbə, ərazi bütövlüyümüzün bərpası bir sıra məsələlərə yenidən baxmağımıza imkan yaradıb:

“Ölkəmizin dünyada layiqli yeri, böyük nüfuzu, suverenliyi, dövlət müstəqilliyi, milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir. Məhz Vətən müharibəsindəki tarixi qələbə SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin də siyasi leksikondan çıxarılmasını təmin edib”.

Millət vəkili hesab edir ki, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb:

“18 oktyabr Müstəqillik Günü adlandırılsa da, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Məhz bu səbəbdən də düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir”.

Cavid Osmanov xatırladıb ki, cümhuriyyət dövründə qəbul olunmuş dövlət bayrağı, gerb və himn müasir Azərbaycanın dövlət rəmzləridir:

“Bayraq, gerb, himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Eyni zamanda da qonşu Gürcüstanda da milli dövlətin doğum günü Respublika günü deyil, Müstəqillik günü adlanır. Həmçinin ABŞ-da öz yaranma tarixini İstiqlaliyyət günü kimi qeyd edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər