16 Oktyabr 2021 13:24
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın 30 illik işğal dövründə Azərbaycana məxsus ərazilərdə bütün infrastruktur, tarixi və dini abidələri dağıtması MDB dövlət başçıları Şurasının iclasında dövlət başçısı İlham Əliyev tərəfindən gündəmə gətirildi. Cənub qonşumuz İranın da Ermənistanla birlikdə bu prosesdə iştirak etdiyi diqqətə çatdırıldı. Vurğulandı ki, işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin dağıdılması, saxtalaşdırılması, qalanlarının isə tövlə məqsədilə istifadə edilməsi müsəlmanların düşüncələrini bilərəkdən təhqir etməkdir. Amma təəssüf ki, İslam ölkəsi olan İran nəinki bu prosesə mane olub, əksinə iştirakçı olub. Məsələ burasındadır ki, işğal dövründə İranın Ermənistana təsir imkanları olduğu halda bunu etməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, təsadüfi deyil ki, Şuşada 17 məsciddən 16-sı dağıdılıb:

"Biri isə tolerantlıq görüntüsü yaratmaq üçün elə İran “mütəxəssislərinin” iştirakı ilə “fars məscidi” kimi bərpa edilib. Daha doğrusu, saxtalaşdırılıb. Evlər, binalar kərpicinə kimi sökülərək Ermənistana və İrana satılıb. Bütün bunlar Ermənistanın vandallıq irsinin göstəricisidir. Ən vacib məqamlardan biri də vaxtilə işğal altında saxlanılan ərazilərimizdən narkotrafik məqsədilə istifadə olunmasıdır. Məhz bu inkar edilməz faktların dövlət başçısı tərəfindən səsləndirilməsi mühüm əhəmiyyətə malikdir. Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Məhz bu fakt İranın son vaxtlar ölkəmizə qarşı qıcığının əsas səbəblərindən biri kimi də izah olunur. Yəni, İranın bütün davranışları İslam həmrəyliyi ilə ziddiyyət təşkil edir”.

Deputatın fikrincə, bu illər ərzində əksər müsəlman ölkələri Azərbaycana qarşı işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmadığı halda cənub qonşumuz əksinə terrorçu dövlətin əlini gücləndirib: “Bu səbəbdən münaqişənin həllinin uzanmasında əslində İran da məsuliyyət daşıyır. Çünki işğal siyasətinə görə təcrid vəziyyətinə düşən Ermənistanın yeganə nəfəsliyi İran idi. Bu nəfəsliyin vaxtında kəsilməsi münaqişənin vaxtında həllinə imkan yarada bilərdi. Amma cənub qonşumuz bunun əksini etdi. 44 günlük savaşdan sonra artıq bu cür manevr imkanları tükənib. Artıq Ermənistanı revanşizmə həvəsləndirmək nəticə verməyəcək”.

Könül Nurullayeva hesab edir ki, Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır: “Bir şərtlə ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınsın. Azərbaycan sülh razılaşması ilə bağlı danışıqlara, qalib ölkə kimi münasibətlərin normallaşmasına hazırdır. Dövlət başçısı MDB sammitində də mövcud reallığın Ermənistanın son şansı olduğunu bir daha bəyan etdi. Bu, həm Ermənistana, həm də bölgədə sülhü pozmaq istəyən dairələrə ünvanlanan mesaj idi”.


Müəllif: Tapdıq Qurbanlı