17 Noyabr 2021 12:21
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən ordumuzun əsgər və zabitləri növbəti erməni təxribatının qarşısını alıb. Bu hadisə zamanı şəhidlər vermişik, yaralılarımız var. Allahdan şəhid olanlara rəhmət diləyirəm. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və regionda sülh yaranmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə Dövlət sosial müdafiə fondunun 2022-ci illə bağlı büdcəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat əlavə edib ki, deputatlar bir sıra məsələləri qaldırırlar, amma nədənsə Hesablama Palatasının hesabatında qeyd edilən risklərdən bəhs edilmir: “

Necə edək ki, büdcəmiz artsın, büdcə vəsaitlərindən daha səmərəli istifadə edilsin, gənclər iş üçün başqa ölkələrə getməsin və s. Bu haqda düşünməliyik”.

Deputat qeyd edib ki, Ceyhun Bayramov təhsil naziri təyin olunan zaman deputatarı Olimpiada iştirakçılarının mükafatlandırılması mərasiminə dəvət etmişdi: “Biz həmin tədbirdə iştirak etdik. Orada uşaqların boyunun balaca olduğu xüsusi diqqətimi cəlb etdi. SSRİ dağılandan sonra Avropa və Rusiyada insanların boyu artıb. Bizdə isə 5 sm aşağı düşüb. Sözsüz ki, bu, qidalanma ilə bağlıdır. Uşaqlar normal qidalanmalıdır. Bu mənada hesab edirəm ki, bizim 10 yaşına qədər olan uşaqlarımıza müavinət verilməlidir”.

Deputat həmçinin əlilliyin ləğvi ilə bağlı məsələyə də toxunub. Təklif edib ki, əlilliklə bağlı siyahını yerli icra orqanları və bələdiyyələr tutmalıdır. Nazirlikdə olan müvafiq komissiya ləğv edilməli, Səhiyyə Nazirliyinə verilməlidir”.

Q.Həsənquliyev eyni zamanda boşanmalar haqqında danışıb və narahatlığını ifadə edib: “Təxmini hesablamalara görə, ilin I yarısında 23 min nikah, 8 min boşanma olub. Tək uşaq böyüdən analara xüsusi diqqət edilməlidir. Bizdə 5 uşaqlı anaya 55 manat müavinət verilir. Rusiyada 3 uşaqlı anaya dövlət tərəfindən mənzil verilir. Mən bunu müqayisə üçün qeyd edirəm”.

Sonda deputat bildirib ki, müavinətlərin artırılmasını faizlə deyil, rəqəmlə göstərmək lazımdır. İnsan bilməlidir ki, nə qədər müavinət alır və bu, neçə manat artırılacaq.

“Hesab edirəm ki, ciddi islahatların aparılması lazımdır. Hökumət bu barədə düşünməlidir”, - deputat bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər