Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, tarixi qələbəmizin ilk ilini qeyd etdik. Tarixi zəfərə aparan yolun əhəmiyyətini necə şərh edərdiniz?
- Azərbaycan öz haqlı mübarizəsindən böyük zəfərlə çıxdı. Bu gün Azərbaycan nəinki döyüş meydanında, siyasi, diplomatik müstəvidə də öz sözünü deyir. Azərbaycan hər zaman sülhün, əməkdaşlığın, qarşılıqlı münasibətlərin tərəfdarı olub. Ölkəmiz pozulmuş ərazi bütövlüyünün də məhz sülh yolu ilə həllinə böyük səylər göstərib. Beynəlxalq birlik də Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün təminatının tərəfdarı idi. Bununla bağlı 1993-cü ildə BMT-nin 4 mühüm qətnaməsı qəbul edilib. Amma bütün beynəlxalq çağırışlara BMT Nizamnamələrinin tələblərinə baxmayaraq Ermənistan işğal siyasətindən əl çəkmədi. Həmçinin işğalçı Ermənistan Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Həmçinin işğalçı dövlət yeni təxribatlarla bölgədə sülhə, təhlükəsizliyə başlıca maneə yaradırdı. Amma bütün çağırışlara baxmayaraq Ermənistan işğal siyasətini davam edir, hətta Azərbaycanı yeni ərazilərlə hədələyir, davamlı olaraq təxribatlara əl atırdı. Ötən ilin sentyabrın 27-də başlanan hərbi əməliyyatlar isə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etmək üçün haqq mübarizəsi idi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu 44 gündə 30 ildən artıq erməni işğalında qalan ərazilərimizi azad etdi. 10 noyabr 2020-ci ildə işğalçı Ermənistan kapitulyasiya aktına imza ataraq məğlubiyyətini qəbul etdi. Bu tarixdən sonra öz ərazilərinə sahib olan Azərbaycan burada böyük quruculuq-bərpa işlərinə start verdi. İşğal dövründə Ermənistan bu ərazidə böyük vandallıq aktları icra edərək, bütün yaşayış məntəqələrini darmadağın edib, dini, tarixi, mədəni abidələri barbarcasına dağıdıb. Azərbaycan isə bu torpaqların əsl sahibi kimi quruculuq-bərpa işlərini ardıcıl olaraq icra etməyə başlayıb. Artıq bütün dünya gördü ki, Azərbaycan qurub-yaradan bir dövlət kimi həmin bölgələrdə həyatı yenidən bərpa edir.
- Azərbaycanın tarixi qələbəsinə beynəlxalq birliyin münasibəti necə oldu?
- Beynəlxalq birlik Azərbaycanın bu tarixi qələbəsini yüksək qiymətləndirir. Azərbaycan nümayəndə heyəti olaraq son xarici səfərlərimizdə də bunun şahidi olduq. Milli Məclisin təmsilçisi kimi Niderlandda səfərdə mühüm görüşlər keçirdik. Orada diaspor nümayəndləri, müxtəlif ölkələrin səfirlikləri iştirak edirdi. Bu görüşlərdə Azərbaycanla, tarixi zəfərlə bağlı mühüm məlumatlar verildi.
- Niderlandın Azərbaycana qarşı münasibətləri heç də birmənalı olmayıb...
- Bu ölkə hər zaman Azərbaycana qarşı məkirli siyasət aparıb. Bu da onunla əlaqəlidir ki, erməni lobbisi orada böyük gücə malikdir. Məhz bu amil formalaşan siyasətə təsir edir. Ona görə də, bu kimi ölkələrdə Azərbaycanın diplomatik fəaliyyəti daha mühüm bir önəm kəsb edir. Çünki yalan informasiyalar əsasında Azərbaycanla bağlı fromalaşan siyasi yanaşmaların qarşısını məhz bu yolla almaq olar.
- Fransada səfərdə olmusunuz, bu ölkədə Azərbaycanın tarixi qələbəsinə münasibət necə idi?
- Fransada Azərbaycan parlamentinin təmsilçiləri olaraq səfərdə olarkən Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarını ziyarət etdik. Daha sonra Fransa-Azərbaycan mədəniyyət mərkəzində mühüm tədbirimiz baş tutdu. Bir faktı da xüsusi olaraq qeyd edim ki, həm Niderlandda, həm də Fransada yaşayan azərbaycanlılar bu məsələlərdə böyük fəallıq nümayiş etdirir. Azərbaycanla bağlı əsl həqiqətlərin çatdırılması ilə bağlı mühüm işlər görürlər. Hətta 44 günlük müharibə dövründə də orada yaşayan azərbaycanlılar çox böyük işlər görüb, təbliğatlar aparıb, çağırışlar edib. Azərbaycan, Qarabağla bağlı real faktların yayılmasında mühüm addımlar atıblar.
Fransada keçirilən görüşlərimizdə bu məsələlərlə bağlı ətraflı söhbətlər apardıq. Senatorlarla vacib görüşümüz baş tutdu. Ehtimal edirdik ki, burada söhbətimiz bir qədər aqressiv ola bilər. Hətta hazırlaşmışdım ki, səfir və digər təmsilçilərimizdən qabaq mən onlara cavab verim. Amma sonradan məlum oldu ki, artıq bir çoxları reallığı, əsl həqiqətləri dərk edir. Orada iştirak edənlər də Azərbaycanla bağlı yetərli informasiyaya malik adamlar idi.
- Fransada erməni təbliğatının bu qədər geniş yer alması nə ilə bağlıdır?
- Məndə elə bir təəssürat yarandı ki, fransızların sanki ermənilərin qarşısında bir öhdəliyi var. Çünki Fransada erməni lobbisi həm maddi, həm də siyasi cəhətdən geniş imkanlara malikdir. Hətta bu görüşdə də senatorlara Azərbaycan tarixi, bizim yerli xalq olmağımızla bağlı ətraflı məlumatlar verdik. Məhz ermənilər Azərbaycanın tarixi torpaqlarımızı öz adlarına çıxması və guya azərbaycanlıların bu ərazilərə sonradan gəlmə bir xalq olması ilə bağlı uydurduğu yalanlara tutarlı cavablar verdik. Bu görüşdə fransız senatorlara izah etdim ki, ermənilər 1813-cü il, 1828-ci il Gülüstan və Türkmənçay müqavilələrindən sonra bu əraziyə köçürülüblər.
- Fransız senatorları maraqlandıran hansı suallar idi?
- Onları maraqlandıran məsələlər bundan sonrakı proseslər idi. Biz də onlara izah etdik ki, Azərbaycan o əraziləri işğaldan azad etdikdən sonra orada çox böyük tikinti-quruculuq işləri icra edir. Bu gün Qarabağda müasir dövrün tələblərinə uyğun kommunikasiya və infrastruktur imkanları formalaşdırılır. Azərbaycan dövləti azad edilən ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrini uğurla icra edir. Yaşıl enerji layihələrinin icrası sayəsində böyük bir ekoloji layihələrin icrası təmin edilir. Həmçinin vurğulandı ki, bölgənin tarixi coğrafi şəraiti gələcəkdə burada turizm və digər sahələrin inkişafına imkan yaradacaq. Azərbaycan bu gün azad edilmiş bölgələrdə beynəlxalq əhəmiyyətli aeroportlar tikir. Füzulidə bu yaxınlarda tikilib istifadəyə verilən beynəlxalq səviyyəli hava limanı məhz bölgəyə asan gediş-gəlişin təminatında mühüm töhfə olacaq. Ən başlıcası isə Azərbaycan mono-etnik bir dövlət deyil. Azərbaycanda yaşayan digər xalqların təmsilçiləri kimi ermənilər də ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış bütün imkanlardan istifadə etmək hüququ ala biləcək.
- Sizcə, Fransanın separatçılarla bağlı son davranışları nədən qaynaqlanır?
- Fransaya separatçıların dəvət edilməsi, onlarla keçirilən görüşlər qəbuledilməzdir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirilir. Fransada erməni lobbisinin təsiri ilə bu cür addımların atılması beynəlxalq hüquqa ziddir. Azərbaycan ərazisində hansısa bir qurumun olması iddiası ilə çıxış etmək heç bir məntiqə sığışmır.
- Erməni tərəfi sülhlə bağlı açıqlamalar versə də, pozucu niyyətləri də ortadadır. Bu paradoksallığı necə izah etmək olar?
- Bu gün Ermənistanda böyük daxili bir təlatüm yaşanır. Hazırda erməni müxalifətinin başlıca vəzifəsi mümkün qədər baş nazir Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmaqdır. Ona görə də, ermənilər tərəfindən bu gün səslənən fikirlər heç də reallığa əsaslanmır. Eyni zamanda Azərbaycanla sərhəddə erməni tərəfinin təxribatları da məhz mümkün razılaşmaları pozmağa hesablanmışdı. Amma erməni tərəfinin bu təxribatına Azərbaycanın cavabı sarsıdıcı oldu. Güclü Azərbaycan ordusu Ermənistanın bu təxribatına da ən sərt formada cavab verdi. Sözsüz ki, 10 noyabr 2020-ci il razılaşmasından sonra tərəflər arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif fikirlər səslənməyə başlandı. Azərbaycan hər zaman sülhə, əməkdaşlığa, regional kommunikasiyaların açılmasına hazır olduğunu bəyan edib. Amma hələ ki, erməni tərəfi bununla bağlı konkret mövqe sərgiləmir. Bir müddət öncə noyabrın 9-da onlayn formatda Azərbaycan və Rusiya prezidentlərinin və erməni baş nazirinin görüşünün keçirilməsi bağlı razılıq olsa da, Ermənistan bundan yayındı. 26 noyabrda Soçidə, bundan sonra isə 15 dekabrda Brüsseldə keçiriləcək görüşlərin sülhün, təhlükəsizliyin, əməkdaşlığın inkişafına yönəlməsi arzuolunan bir haldır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman sülh sazişi imzalamağa, bir-birinin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanınması fonunda yekun razılşamanın əldə olunmasına hazır olduğunu bəyan edib. Növbəti görüşlər üçün də Ermənistanın nə dərəcədə səmimi olacağına inanmaq mümkün deyil. Çünki erməni tərəfi hər zaman proseslərdə pozucu mövqedən çıxış edib.
- Ermənistanda anti-Rusiya meyillərinin güclənməsi nə ilə əlaqəlidir?
- Ermənilər bu gündə gözləyirlər ki, Rusiya onlara hansısa bir köməklik edəcək. Hətta 44 günlük müharibə dövründə də ermənilər gündə beş dəfə Rusiyaya yalvarırdılar. Amma Rusiya dövləti açıqladı ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Ona görə də, Rusiyanın bu məsələyə müdaxilə etmək imkanları yoxdur. Bu günlərdə erməni cəmiyyətində Rusiyaya qarşı bir narazılıq var. Ermənilər elə düşünürdülər ki, nəsə olacaqsa, Rusiya onlara mütləq yardım edəcək. Amma müharibə dövründə erməni cəmiyyəti bunu görmədiyi üçün indi də Rusiyaya etiraz edir.
- ABŞ prezidenti Co Baydenin “demokratiya sammiti” adı altında növbəti bölücü yanaşmalarına münasibətiniz necədir?
- Dünyada harada bir qaranlıq proses gedirsə, onun arxasından ABŞ çıxır. Eyni zamanda Bayden seçkiqabağı bir sıra vədlər vermişdi. İndi də çalışır ki, verdiyi bu vədləri yerinə yetirsin. Onun “demokratiya” adı altında dövlətləri qütblərə bölməsi, siyahılar tərtib etməsi heç də sivil yanaşmalar deyil. Demokratiya adı altında dünya ictimaiyyəti ABŞ-ın İraqda, Əfqanıstanda, Suriyada hansı işləri icra etdiyini yaxşı bilir. Bunlar sadəcə olaraq ABŞ-ın öz maraqları müstəvisində olan proseslərdir.
- Türk dövlətləri birliyinin yeni bir formatda təşkilatı yarandı. Bu birliyin yeni reallıqda imkanları hansı müstəviləri əhatə edəcək?
- Türk Şurası son illər çox böyük uğurla fəaliyyət göstərir. Azərbaycanın bu şuraya sədrliyi dövründə təşkilat mühüm işlər görüb, böyük təşəbbüslərlə çıxış edib, qlobal miqyasda bir güc mərkəzinə çevrilib. Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi uğurlar sözsüz ki, türk birliyi üzvləri tərəfindən də böyük sevinclə qeyd edildi. Məhz vətən müharibəsi dövründə Azərbaycana mənəvi, siyasi dəstəyini əsirgəməyən türk dövlətləri bundan sonrakı dönəm üçün atılacaq bütün addımlarda birlik nümayiş olunmasının vacibliyini önə çəkdilər. Ən mühüm məqam isə Türk Şurasının növbəti toplantısının keçirildiyi tarix Azərbaycanın vətən müharibəsindəki qələbəsinin bir illiyinə təsadüf edirdi. Qardaş Türkiyə prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğan Türk Şurasının ən Ali Ordenini Azərbaycan Prezidentinə təqdim etdi. Türkdilli dövlətlərin liderləri bu təşəbbüsə böyük dəstək verdi. Bu, Azərbaycan liderinə, xalqımıza, onun 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsinə qardaş ölkələr tərəfindən verilən ən yüksək qiymət idi.
Artıq Türk Şurası aparıcı bir təşkilata çevrilir. Türk dövlətlərinin birliyinin təşkilata çevrilməsi artıq yeni bir dönəmin başlanğıcı hesab olunur. 40-dan artıq sənəd imzalandı. Mövcud nizamnamədə dəyişikliklər edildi. Atılan bu mühüm addımlar türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, inkişafına mühüm amil olacaq.
Azərbaycanın yaratdığı yeni reallıq məhz türk dövlətlərinin birliyini özündə ehtiva edir. Zəngəzur dəhlizi ilə türk dünyası yenidən birləşəcək və mövcud əlaqələri daha da genişlənəcək. Çindən başlanan ticarət yolları məhz bu bölgədən keçməklə yeni bir iqtisadi kommunikasiya xəttlərinin yaranmasına imkan yaradacaq. Bu isə bölgədə ticarətin, iqtisadiyyatın canlanmasına böyük təsir edəcək.
Türkdilli dövlətlərin etnik zəmində yaranan bir birlik olsada yaxın gələcəkdə burada digər ölkələrin də iştirakı mümkün olacaq. Buna misal olaraq Avropa Birliyinə daxil olan ölkələrin tərkibini nümunə göstərmək olar. Macarıstanın da bu birlikdə iştirakı xüsusi önəm kəsb edir. Bunun tarixi, milli kökləri mövcuddur.