29 Noyabr 2021 18:12
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həm 44 günlük müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra İranın Ermənistanla dostluq münasibətləri bizi narahat edirdi. Bu, narahatlıq doğuran məsələ idi. Aşqabad görüşü, orada Türkmənistan qazının İran üzərindən Azərbaycana daşınmasına dair saziş, hər iki prezidentin səsləndirdiyi dostluq və qardaşlıq mesajları hamımızı sevindirən məsələdir. Mən də arzu edirəm ki, İran prezidenti tərəfindən səsləndirilən fikirlər özünü əməl, işdə də təsdiq etsin”.

Bunu Teleqraf.com-a deputat Elman Məmmədov Aşqabadda baş tutan Azərbaycan və İran Prezidentləri arasındakı görüşü şərh edərkən deyib.

Deputat xatırladıb ki, bundan əvvəl Azərbaycan və İran arasında müxtəlif yüksək çinli şəxslər arasında müzakirələr aparılıb:

“Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri olmuşdu. Eləcə də xarici işlər nazirləri arasında təmaslar baş vermişdi və bunlar xoşməramlı idi. Prezidentlərin görüşü ilə buna nöqtə qoyuldu. İran tərəfi prezident səviyyəsində elan etdi ki, Azərbaycanla dost və qardaş ölkəyik. Bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bunlar İran tərəfindən verilən xoşagələn bəyanatdır”.

Millət vəkili əlavə edib ki, Azərbaycan hər zaman İranla münasibətlərdə səmimi olub:

“İrandan da bu səmimiyyəti gözləmişik. Son görüşlər xoşagələndir, alqışlanandır. Amma bu əməli fəaliyyətdə də öz əksini tapmalıdır. İran böyük dövlətdir, iqtisadi əlaqələrimizin başqa sahələrdə də yaxşı olması hər iki ölkəyə xeyir verər. İran da anlayır ki, ABŞ və müttəfiqləri tərəfindən ona sanksiyaların tətbiq edildiyi mərhələdə Azərbaycanla əlaqələrin yaxşı olması ona lazımdır. Mən deyərdim ki, biz İran-Türkiyə münasibətlərinin yaxşılaşmasında da maraqlıyıq. Region dövlətləri arasında əməkdaşlığın, dostluğun və səmimiyyətin mövcud olması ümumu bölgənin rifahı və inkişafının xeyrinədir. Bu baxımdan Azərbaycan və İran Prezidentlərinin görüşü xüsusi əhəmiyyətə malikdir”.


Müəllif: Nemət