24 Dekabr 2021 10:28
7 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi, ehtiyatda olan kapitan Rizvan Hüseynov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Rizvan müəllim, bəzi şəxslər Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında eyniləşdirilmə aparılmasından narazılıq bildirirlər. Onlar qeyd edirlər ki, Xocalının, Xankəndinin, Xocavənd rayonunun digər hissəsinin qaytarılması daha vacibdir, nəinki Zəngəzur dəhlizinin açılması. İstərdik əvvəlcə bu iddiaların nə dərəcədə əsaslı olub-olmadığına münasibət bildirəsiniz...

– Noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanat, daha sonra 11 yanvar 2021-ci ildə Moskvada keçirilən üçtərəfli görüş və noyabrın 26-da Soçi görüşü bizdə belə bir ümid yaradır ki, bizim üçün vacib olan bütün məsələlər mərhələ-mərhələ öz həllini tapacaq. Sadəcə olaraq bir az səbirsizlik var. İnsanlarımızın bir qismi istəyir ki, 30 il ərzində, bəlkə də ondan da daha uzun müddət ərzində – sovet dövründə həll edilməyən məsələlər 1 ilə, yaxud 2-3 ilə həll olunsun. Burada bəzi insanların informasiya ilə işləmək bacarığı, təhlil qabiliyyəti məsələsi ortaya çıxır. Fikir verirsinizsə, həftədə, ayda bir-iki dəfə müxtəlif şəxslər tərəfindən bu məsələlər ortalığa atılır. Onlar “nə vaxt Xankəndiyə, Xocalıya girəcəyik, nə edirik biz bu Zəngəzur dəhlizini, nəyimizə lazımdır bu dəhliz, kimin marağındadır, bizə lazım olan ərazi bütövlüyümüzdür” kimi ritorik suallar qoyurlar. Sözsüz ki, biz o yerlərə qayıdacağıq. Amma bu şüarlarda məqsəd əslində 2020-ci ilin nailiyyətinə kölgə salmaqdır. Onlar “ay Rusiya gəlib əlimizdən bütün nailiyyəti aldı, ay rus sülhməramlıları filan işi gördü” deyərək haray-həşir salırlar.

Gəlin, bir haşiyə çıxaq. Əgər bizim xalqımız bunu bilirsə, yəqin ki, rəhbərlik də xəbərdardır. Məgər müharibə dövlət başçısının və ətrafının verdikləri sözə sadiq olduqlarını göstərmədimi?! Dünyanın əksər tanınmış siyasətçiləri və rəhbərləri cənab prezidentin xarici siyasətini nəinki bəyənir, onu düstur kimi göstərirlər. Ələlxüsus, Azərbaycanın xarici siyasətinin uğurlu olması ilə bağlı bu fikrin mənbəyi Azərbaycan deyil. Deməli, xarici siyasətdə dövlət rəhbərliyinin belə nailiyyəti varsa, bu nailiyyətlərə kölgə gətirməkdə məqsəd nə ola bilər? Aydın məsələdir ki, hansısa dairələr kütlənin fikrini, amalını heç də xeyirli olmayan istiqamətə yönəldərək manipulyasiya etməyə cəhd edir.

– Qayıdaq dəhlizlər məsələsinə...

– Bilirsinizmi, Zəngəzur dəhlizi məsələsi elə Azərbaycanın ərazi bütövlüyünün tamamlanması üçün əlimizdə olan ən əsas rıçaqdır. Belə fikir səsləndirilir ki, Azərbaycan Ordusu gərək işini tamamlayardı, Xankəndini də alardı, orada olan istər mülki şəxslərin, istərsə də hərbçilərin axırına çıxardı. Bunu deyənlər hansı təcrübəyə əsasən bu təkliflə çıxış edirlər? Onlar bu işi görüblərmi? Yoxsa, isti divandan ayrılıb orduya hansı kömək ediblərmi? Əksər hallarda belə fikirlə çıxış edən adamların real işləri olmur. Onlar kütləyə belə fikirlər aşılamaqla ancaq xaos yaradırlar.

Zəngəzur dəhlizi dediyim kimi bizə rıçaq kimi lazımdır. Yəni, Azərbaycan Laçın dəhlizində istədiyi vaxt istədiyi işi görə bilər. Bunun üçün Ermənistan-Azərbaycan sərhədində – Laçın və Kəlbəcər rayonları istiqamətində baş verən və tarixə yazılan 16 noyabr döyüşləri var. Bu döyüşlər haqqında hələ çox danışılmayıb. Əhəmiyyəti də illər keçəndən sonra bilinəcək. Nəticə olaraq Azərbaycan bir sıra strateji yüksəkliklər əldə etdi. Ən əsası Sisian-Gorus-Qafan istiqamətində bu üç strateji şəhərin yollarına və Laçın dəhlizi adlanan yolun ön girişinə nəzarət bizim əlimizə keçdi. Azərbaycan Ordusu istənilən vaxt Laçın dəhlizinə düşüb oranı bağlamaq imkanı əldə etdi. Ona görə də Ermənistan bu qədər ağır itkilər verdi, ciddi müqavimət göstərdi. Çünki bilirdi ki, məsələ bu döyüşlə nəticə etibarilə bağlanır. Və məsələ bağlandı. 16 noyabr döyüşlərindən sonra Soçi görüşü, ardınca isə Brüssel görüşü hər şeyə nöqtə qoydu. Laçın dəhlizində heç bir problem yoxdur. O müvəqqəti dəhlizdir, amma Zəngəzur dəhlizi daimi dəhlizdir. Fərq də bundan ibarətdir. Bu fərqi mütləq anlamalıyıq.

İkincisi də Laçın dəhlizinin girişinə Azərbaycan nəzarət edirsə, istənilən vaxt oranı bağlamaqla Qarabağ ermənilərini ağır vəziyyətə sala bilər və bununla rəsmi İrəvanın onsuz da aşağı düşən nüfuzu tam sıfıra enəcək. Qarabağ ermənilərinə kömək etmək üçün Laçın dəhlizi lazımdır. Bizim elə problemimiz yoxdur. Azərbaycanın qərb rayonlarının Naxçıvanla həm hava yolu ilə, həm də İran vasitəsilə quru əlaqəsi var. Ona görə də nəsə deyən tərəf bu qədər üstünlüklərimiz olduğunu da deməlidir. Biz bu üstünlüklərdən istifadə edərək 3-5 ilə istədiyimizə nail olacağıq.

– 16 noyabr döyüşləri ilə bağlı cəmiyyətdə məlumat həqiqətən də azdır. Bu döyüşlər barədə daha nələri qeyd etmək mümkündür? Çünki bəzi şəxslər Zəngəzur dəhlizinə bənzər fikirləri bu döyüşlər haqqında da səsləndirirlər. Onlar deyirlər ki, ora Ermənistanın suveren ərazisidir, biz ora niyə girməliyik və sair...

– Bəli, biz də o fikirləri eşitmişik. Deyirlər ki, nəyimizə lazımdır, bu başqa ölkənin ərazisidir. Ondansa Xankəndi, Xocalı istiqamətində işimizi tamamlayaq, kimi aldadırıq və sair kimi fikirlər eşitmişik. Bunu siyasətdən “çox dərin bilgisi olan” şəxslər deyir. Əfsuslar olsun ki, bunu dərk etməyənlərin bir qismi də cəmiyyətdə buna dəstək verir. Birincisi və ən əsası Ermənistan-Azərbaycan sərhədi hələ yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və ya əksinə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü hələ tanımayıb. Nə delimitasiya, nə demarkasiya olmayıb. Heç bir hüquqi baza yoxdur. Kimsə barmağını uzatsın və desin ki, sərhəd burdan, yaxud o biri tərəfdən keçir. Nə qədər qəribə olsa da, bu, Azərbaycanın xeyrinədir. Müharibə nəticəsində hərbi-siyasi üstünlük əldə edən Azərbaycan üçün ən əlverişli məsələ odur ki, sərhədlərin müəyyən olunması mümkün qədər uzansın. Uduzan və pərən-pərən olan Ermənistan və onun ordusu üçün əslində daha xeyirli idi ki, tez bir zamanda sərhəd müəyyən olunsun və o dövlət özünü xilas etsin. Amma bilmirəm İrəvanda oturanlar öz xeyirlərini bilmir, yoxsa Azərbaycanın xeyrini daha yaxşı güdürlər, anlamıram. Fakt odur ki, sərhəddə baş verən proseslər ancaq və ancaq Azərbaycanın xeyrinədir. İdmanda belə bir fənd var; əgər rəqib sənin boğazından yapışıbsa, sən də onun boğazından yapışmalısan. Əgər qanunsuz erməni silahlı birləşmələri hələ də bizim ərazilərimizdədirlərsə və dünyada heç kim onların orada olması ilə bağlı bir söz demirsə, nə üçün Azərbaycan həmin rıçaqdan Ermənistanın müəyyən olunmayan ərazisində istifadə etməsin? Yaxud ola bilər ki, ora elə bizim ərazidir. Yəni, onu görən bunu da görməlidir. Və ən əsası bir daha qeyd etmək istərdim ki, Laçın dəhlizi müvəqqəti status daşıyır, Zəngəzuq dəhlizi isə daimi olacaq.

Erməni silahlı birləşmələrinin qanunsuz Azərbaycan ərazilərində olması və dünyanın buna susması, hətta bəraət qazandırması ancaq və ancaq Azərbaycana şans verir ki, adekvat olaraq həmin işləri sərhəddə görsün. Nə qədər ki, Qarabağda əli silahlı erməni qalacaq, Azərbaycan dövləti və ordusu bilir nə edəcək. Vətəndaşların bir qisminin bunu başa düşmədiyinə təəccüblənirəm. Çox təəccüblüdür; şahmat oynamağı, hər işi bacarırlar, amma belə prinsipial məsələlərdə anlamırlar ki, Xocalını, Xankəndini, Əskəranı əldə etmək üçün Gorusa, Qafana, Sisiana, Zəngəzur ərazisinə tam nəzarət etməlisən. Nəticədə erməni Qarabağda hər şeyə razı olsun və təslim olsun. Onun arxasında duran havadarı – rus ordusu da anlasın ki, artıq rıçaq yoxdur və Azərbaycan tərəfi ilə 3-4 ildən sonra lazımi danışıqlar üçün masa arxasına əyləşsin. Faktiki olaraq noyabrın 16-da baş verən döyüşlərin əsas hərbi-siyasi və diplomatik uğuru odur ki, həmin döyüşlərdən sonra Ermənistan rəhbərliyi danışıqlara oturdu, İran tərəfi yerini tanıdı. Həmin Rusiya da anladı ki, Azərbaycan və Türkiyənin dediyi formatda məsələlər cərəyan edə bilər. 16 noyabr döyüşlərindən sonra Fransanın timsalında Avropa və Amerika da anladı ki, Azərbaycanın dediyi formatda iqtisadi, tranzit layihələr gerçəkləşə bilər. Başqa variant yoxdur. Bütün bu məsələlərin arxasında uğurlu 16 noyabr döyüşləri durur.

– Sərhədlərin müəyyənləşməsi ilə bağlı bir neçə variant səsləndirilir. Sizcə, bu məsələ necə həllini tapmalıdır?

– Birincisi, əfsuslar olsun bir qism ekspert də dilinə gətirdi ki, bəs xəritələr vasitəsilə biz dəqiq sərhədi cıza bilərik. Əzizim, axı sovet dönəmində Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmuş sərhəd mövcud olmayıb. Delimitasiya və demarkasiya ancaq dövlətlər arasında ola bilər, müttəfiq sovet respublikaları arasında ola bilməz. Ona görə də SSRİ dağılandan indiyədək Gürcüstan və Rusiya arasında delimitasiya-demarkasiya işləri gedir. Yəni, burada xəritələr sözsüz ki, köməkçi rolunu oynaya bilər. Demarkasiya o deməkdir ki, sərhəd dirəkləri qoyulur, neytral ərazi bəlli olur, siqnalizasiya sistemi qurulur və sərhəd xidməti aparılır. Sovet dövründə müttəfiq respublikalar arasında bu ola bilməzdi. İstənilən xəritədə də bu göstərilə bilməz. Xəritə dəqiq yerləri göstərir. Amma xəritə mövcud olmayan demarkasiyanı necə göstərsin?! İstər SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1928-ci il xəritəsi, istərsə 1960, 1970-ci illərdə tərtib olunan xəritələrdə demarkasiyadan söhbət gedə bilməz. Ümumiyyətlə, 1922-ci ildən 1936-cı ilədək Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası mövcud olub və üç respublika SSRİ-nin tərkibinə bu statusla daxil olub. O dövrdə ümumiyyətlə böyük oyunlar baş verib, deyiblər ki, 5-10 ildən sonra dünya sosialist inqilabı baş verəcək, nə fərqi var, Zəngəzur kimdədir, Qarabağ kimdə? O adla Azərbaycandan bir qism torpaq Ermənistana verilib. 1980-ci illərə qədər Tovuz-Qazax istiqamətində ərazilərimiz az-az qopardılaraq Ermənistana birləşdirilib. Bu zaman Azərbaycan xalqından heç kim heç nə soruşmayıb və bunun heç bir hüquqi əsası ola bilməz.

İkincisi də Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin də ərazisi bəllidir. O ərazini 1919-20-ci illərdə Paris Sülh Konfransı tanıyıb. Bura Zəngəzur, Göyçə gölü də daxil olmaqla Göyçə mahalının bir qismi daxildir. Azərbaycanın bu məsələni qaldırmasında heç bir məhdudiyyət yoxdur. Çünki bu günədək Ermənistanla Azərbaycan bir-birinin sərhədini tanımayıb. Ona görə də sərhədin haradan keçib-keçməməsi müzakirə mövzusu ola bilməz. Ermənistan və Azərbaycan bir-birini dövlət kimi tanıyandan sonra sərhəd məsələsini müzakirə etməyə otursalar onda tərəflər öz dəlillərini ortaya qoyacaqlar. Amma son söz mövqeyi beynəlxalq hüquqa söykənən və güclü olan tərəfdədir. Ona görə də hansı xəritələrin daha məqbul olması Azərbaycanın seçimi olmasa, nə Rusiya, nə də üçüncü, dördüncü tərəf bunu bizə aşılaya bilməz.

– Bu yaxınlarda Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalında Şuşa şəhərinin azad edilməsi üzrə hərbi əməliyyatın təhlilinə həsr olunmuş geniş məqaləniz dərc olunub. Məqalənin yazılması prosesi necə baş verdi, təklif kimdən gəldi və əsas məqsəd nədən ibarətdir?

– Vətən müharibəsinin başladığı ilk günlərdən ta Şuşanın azad edildiyi günə kimi dostlarla, özüm kimi ehtiyatda olan zabitlərlə dəfələrlə cəbhəboyu, döyüş zonası boyu hərəkət edib çox möhtəşəm hadisələr müşahidə etmişik. O möhtəşəm hadisələri qələmə almamaq günah olardı. Müharibədən dərhal sonra Daşaltı-Şuşa döyüş əməliyyatını icra edən polkovnik Tehran Mənsimovla və onun tabeliyində olan zabitlərlə geniş müsahibələr etmişik. Sözsüz ki, o döyüş əməliyyatının müəllifi bizim əfsanəvi generalımız, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevdir. Amma operativ-taktiki plana rəhbərlik edib onu icra edən Tehran Mənsimovdur. Elə amansız döyüşlər olub ki, şəxsi heyətin 60-70 faizi şəhid olub, yaralanıb. Elə “N” saylı hərbi hissələr var ki, onların qəhrəmanlığı bəzi səbəblərə görə indiyədək kölgədə qalıb.

2020-ci ilin dekabr, 2021-ci ilin yanvar-fevral ayları ərzində həmin müsahibələr əsasında kitab hazırlamağa başladım. Kitabın əsas məqsədi bu döyüşlərdə iştirak edən “N” saylı hərbi hissələr, motoatıcı briqadalar və baş verən proseslər barədə məlumat vermək idi. Çox böyük bir kitab alınıb, hələ ki, bəzi səbəblərdən işıq üzü görməyib. Amma mən bu ilin yayında və payızında xaricdə bir sıra məqalələrin çıxdığını müşahidə etməyə başladım. Bilirsiniz ki, Şuşa əməliyyatı ilə bağlı ilk dəfə bu ilin iyulunda Müasir Müharibə İnstitutunun amerikalı hərbi ekspertləri Con Spenser və Harşana Qurxunun “Şuşa şəhəri uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin itirilmiş dərsləri” adlı ingilis dilində məqalə dərc olunub. Orada bu əməliyyata bir istiqamət, bir rəng verildi. Çox gözəl şərh edildi, amma heç də hər şey deyilmədi. Sonra Azərbaycanda da bir sıra filmlər çəkildi. Düzdür, onlar çox gözəl filmlərdir, amma orada bəzi hadisələr geniş əhatə olunmayıb. Məndə belə bir fikir yarandı ki, bu filmlərin ssenarisi Amerika jurnalında çap olunan həmin məqalə əsasında yazılıb. Problem ondadır ki, bizim cəmiyyət, gənclər bu filmlər əsasında döyüşləri tanıyacaq və sonra hər şeyin elə yox, bir qədər başqa şəkildə olduğunu izah etmək çox çətin olacaq. Nəticə etibarilə fikirləşdim ki, bir ilə yaxın gözləmişəm və daha məqaləni çap etdirməyin zamanıdır. Və Azərbaycanın doğrudan da böyük dostu, “Nasionalnaya oborona” jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın keçmiş sədri, ehtiyatda olan polkovnik İqor Korotçenkodan təklif gələndən sonra mən tələsmədim. Burada döyüş əməliyyatı ilə bağlı o qədər sirlər var ki... Sözün açığı kitabın işıq üzü görməməsinin səbəblərindən biri də budur. Orada bəzi məsələlər var ki, onları ictimailəşdirməklə bağlı tələsmək olmaz. Bunlar Azərbaycan Ordusunun istər taktiki gedişləri, istərsə də strateji planının bir hissəsidir.

Burada söhbət təkcə bizim ictimaiyyətdən getmir. Xaricin təhlili, həmçinin, düşmənə bir məhsul verməmək üçün bütövlükdə kitab hələlik çap olunmayıb. Amma biz hərbi ekspertlərlə, Müdafiə Nazirliyi, ehtiyatda olan döyüş zabitləri ilə məsləhətləşdik, nəticədə Daşaltı-Şuşa xüsusi fərqli bir əməliyyat olduğuna görə bu haqda Rusiya hərbi jurnalında məqaləni yayımladıq. Orada bir sıra adamların da adı çəkildi ki, ümumi mənzərə yaransın. Gələcəkdə istər dərsliklərdə, istərsə də ictimaiyyətin başqa təbəqələri üçün dolğun məlumat olsun. Elə olmasın ki, kiminsə haqqı yeyilsin. Qəhrəmancasına döyüşərək şəhid olan, yaralananların ailəsinin haqqını yemək olmaz. Biz onların qarşısında borcluyuq və bu borcu ödəyə bilmərik. Özümə mənəvi borc bildim ki, mütləq şəkildə qaranlıq qalan bəzi qəhrəmanlıq səhifələri məqalədə açıqlansın.

– Buna nail ola bildinizmi?

– Qismən nail ola bildim. Ona görə qismən deyirəm ki, bəzi məhdudiyyətlər var, çox şeyi demək olmur. Amma məqsəd bu döyüşlərin müəllifinin həm xüsusi təyinatlılarımız, həm də bəzi “N” saylı hərbi hissələr, motoatıcı, artilleriya, başqa qoşun növləri olduğunu göstərmək idi. Əfsuslar olsun ki, onlar kölgədə qalıblar. Hansılar ki, birbaşa öz canları, fədakarlıqları ilə iştirak etməsəydilər heç bir uğurlu Daşaltı əməliyyatı haqqında danışmaq olmazdı. Əsasən də müharibənin ilk həftəsində amansız gedən döyüşdə “Ohanyan xətti”ni yarmaq üçün Quru Qoşunlarının hərbi hissələrinin verdiyi şəhidlər, etdiyi qəhrəmanlığı biz mütləq qələmə almalıyıq. O insanları adları əksər hallarda çəkilmir, halbuki o insanlar göz görə-görə ölümə gedirdilər. Orada elə səhnələr var idi ki... Həmin o “Ohanyan xətti”ni yarmaq üçün cavan uşaqlar günlərlə şəhid düşürdülər. Öndə gedənlərin gözlərinin qabağında şəhid olduğunu görsələr də buna baxmayaraq, gözlərini qırpmadan həmən döyüşə atılırdılar. Şəhid olurdular, başqa qruplar dərhal onların arxasınca döyüşə gedirdilər.

Bu, həm möhtəşəm, həm də dəhşətli səhnə idi. Cavan, 18-23 yaşlı uşaqlar göz görə-görə ölümə gedirdilər. Biri var sağ qalmaq üçün şansın olsun, məsələn kəşfiyyatdasan, hansısa döyüş əməliyyatını keçirirsən, gizlənirsən, bir də var düşmən hər tərəfdən bütün texnikasını sənə tuşlayıb və sən açıq-aşkar ölümə gedirsən. Sağ qalmaq üçün şansın bir faiz ola bilər, sağ qalmasan da səndən sonrakılar gəlib bəlkə onlar sağ qalıb “Ohanyan xətti”ni yararlar. Bu deyilmi böyük qəhrəmanlıq, bu deyilmi şücaət? Əslində bu insanların fədakarlığı qeyd olunmalıdır və mənim məqsədim də onların şəhidlik zirvəsinə qalxmasının bütün sonrakı uğurlarda açar rolunu oynadığını göstərmək idi.

– Bunlar həmin o motoatıcı briqadalar idi?

– Həm motoatıcı, həm də artilleriya briqadalarından söhbət gedir. Aydındır ki, biz onların nömrələrini deyə bilmərik. Amma heç olmasa, onları bir yada salmaq lazımdır.

– Rizvan müəllim, siz orduda neçənci illərdə xidmət etmisiniz?

– Özüm haqqında danışmağı xoşlamıram. Ümumi onu deyə bilərəm ki, 1973-cü il təvəllüdlüyəm. 1991-ci ildə yaranan Milli Ordunun şəxsi heyətinin ilk tərkibini elə 1973-cü ildə anadan olanlar təşkil edib. O dövrdə bizim 18 yaşımız var idi. Düzdür, mən bir az gec getdim. Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyurdum (Qiyabi). 1992-ci ildə ordu sıralarına qatıldım. Daxili Qoşunların tərkibində xüsusi tapşırıqlar üzrə “N” saylı hərbi hissə var idi. Biz döyüş bölgəsində xüsusi tapşırıqlar yerinə yetirirdik. Mən həmin hərbi hissədə atıcı idim. Çox maraqlı bir təcrübə idi. Sonra Ədliyyə Nazirliyi sistemində xidmətimi davam etdirdim. Müharibədən sonra bizim komandir heyəti yüksək vəzifələrə getdilər. Bizlərdən bir qismi də Xüsusi Dövlət Mühafizə Xidməti strukturunda xidmətə başladıq. Burada da 11 ilə yaxın – 3 il əsgər, 8 il də zabit kimi xidmət apardıq. Çox yaxşı təcrübə yığdıq. Türkiyə, ABŞ və İsrail kimi ölkələrin xüsusi təyinatlılarının təcrübəsinə yiyələndik. 2003-cü ildə təxris olundum.

– Ordudan uzaqlaşmağınıza səbəb nə idi?

– Bəzi səbəblərdən müqaviləni uzatmadım. Şəxsi həyatımı qurdum, yəni evləndim. Gördüm ki, o işlə alınmır. Həm də hər zaman yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa can atırdım, belə sistem isə məhdudiyyət yaradırdı. Sonra xarici neft şirkətində mühafizə sistemində rəhbər vəzifələrdə çalışdım. 2005-ci ildə mətbuata gəldim. Sonra Milli Elmlər Akademiyasında işləməyə başladım. Yenidən öz peşəmə qayıtdım. Amma o hərbi dönəm, Qarabağ müharibəsi dövrü və sonralar xüsusi qurumlardakı xidmətim sözsüz ki, mənim həyatımda böyük iz qoydu. O, illər mənim üçün bir düsturdur. Orduda və xidmət etdiyim qurumlarda yığdığım böyük təcrübə mənə indiyədək kömək edir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər