"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi ilə bağlı qarşılıqlı xüsusi nümayəndələrin təyin edilməsi ən azı yaxın aylarda iki ölkə arasındakı münasibətlərin normallaşmasına gətirib çıxarmayacaq".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bölgə dövlətləri arasındakı son gəlişmələrə diqqət çəkib:
“Hesab edirəm ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi ilə bağlı qarşılıqlı xüsusi nümayəndələrin təyin edilməsi ən azı yaxın aylarda iki ölkə arasındakı münasibətlərin normallaşmasına gətirib çıxarmayacaq. Bunun baş verməsi üçün ilk növbədə üç məsələ həllini tapmalıdır.
Birincisi, Ermənistan konustitusiya dəyişlikliyinə getməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını konstitusiyadan çıxarmalıdır. Yəni qonşuları ilə düşmənçiliyə son qoymalıdır.
İkincisi, Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə yaratmamalıdır. Çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma Nikol Paşinyan dəhliz məsələsini müzakirə etməkdən yayınır.
Üçüncüsü, Ermənistan Qarabağa iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
Danışıqlarda bir cox məsələlər masaya yatırılacaq. Ermənistan rəhbərliyinin dialoq masasında problem yaradacağı istisna deyil. Buna görə də Türkiyə Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə İrəvanın atacağı addımlardan asılı olacaq. Bundan sonra Ankara və Bakı qərar verəcək.
Ermənistan rəhbərliyi dəmir yolu xətti və avtomobil yolunun çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ açılacaq kommunikasiya xətlərinin dəhliz statusunda olmasıdır. Müəyyən əngəllər olsa da, bunun reallaşacağını düşünürəm. Əgər Nikol Paşinyan üzərinə götürdüyü öhdəliklərdən yayınsa, bu ona təkcə xaricdə yox, daxildə də problemlər yaradacaq”.