28 Dekabr 2021 19:51
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müashibəni təqdim edirik:

- Aydın müəllim, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağın statusunun ancaq Azərbaycan Konstitusiyası ilə həll oluna biləcəyinə dair açıqlaması Ermənistan cəmiyyətinin də bu reallıqla hesablaşmaq zərurəti kimi izah edilə bilərmi?

- Əgər erməni cəmiyyətinin müəyyən bir hissəsi Azərbaycanın ərazi bütövlüyünün Ermənistan üçün də faydalı olduğunu başa düşürsə, bunu məqbul hesab etmək olar. Nəzərə alaq ki, indiki baş nazir Nikol Paşinyanın ciddi siyasi rəqibləri var. Bu ilin yayında keçirilən növbədənkənar parlament seçkilərində əhalinin 60 faizi Nikol Paşinyana səs verdi. Bu o deməkdir ki, Ermənistan cəmiyyətinin müəyyən bir hissəsi proseslərdən çıxış yolu axtarır. Çıxış yolu isə Azərbaycanla normal münasibətlər qurulmasındadır.

- Sizcə, 20-25 min erməni, yoxsa bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyi sonrakı proseslərdə təsirli ola bilər?

- 20-25 min ermənidən ötrü 3 milyonluq erməni cəmiyyətinin özünü fəda etməsi artıq onlar üçün çox ciddi bir ideya hesab edilmir. Ermənistan baş nazirinin son açıqlamaları göstərir ki, azacıq da olsa Ermənistan cəmiyyəti Azərbaycanın öz hüquqları uğrunda mübarizə apardığını dərk edir. Çünki bu gün Azərbaycanla heç bir sahədə rəqabətə girmək olmaz. Azərbaycanın zəif dövründə onun torpaqlarının bir hissəsini işğal etmək və bir milyon vətəndaşımızı məcburi köçkünə çevirmək mümkün oldu. Amma Azərbaycan öz tarixi ənənələrinə, özünün daxili resurslarına söykənərək bu gün güclü, qüdrətli, iqtisadiyyatı inkişaf etmiş bir dövlət qura bilib. Azərbaycan ordusu bu gün dünyanın 50 ən güclü orduları sırasındadır. Dövlətimiz öz torpaqları uğrunda mübarizə aparmağın yolunu bütün dünyaya göstərib.

- İki dövlət arasında yeni bir səhifədə münasibətlər formalaşdırmaq üçün hansı prinsiplər icra edilməlidir?

- Artıq Azərbaycanla Ermənistan tarixin yeni səhifəsində münasibətlər qurmaq istəklərini dəfələrlə bildirib. İndi son söz Ermənistanındır. Sərhədlərin tanınması, Azərbaycanın daxili işlərinə qarışmamaq, revanşizmdən imtina, mehriban qonşuluq münasibətləri qurmaq bizdən çox Ermənistana lazımdır. Çünki Ermənistan Azərbaycan və Türkiyə olmadan yaşaya bilməz.

- Zəngəzur dəhlizi və sərhədlərin açılması ilə yaranacaq iqtisadi münasibətlərin siyasi əlaqələrə təsiri nə dərəcədə effektiv olacaq?

- Zəngəzur dəhlizi açıldıqdan və iki dövlət sərhədləri tanındıqdan sonra Azərbycan öz ərazisində erməni maşınlarının, yüklərinin başqa ölkələrə keçməsinə şərait yaratması və digər məsələlər Ermənistan üçün faydalıdır. Bununla Ermənistan büdcəsinə stabil olaraq milyonlarla dollar gəlirin daxil olması mümkün ola bilər.

- Türkiyə-Ermənistan əlaqələri üçün atılan addımların perspektivini necə qiymətləndirirsiniz?

- Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması Azərbaycanla münasibətlərin normal hala salınmasından asılıdır. Bu isə Ermənistan üçün yeni imkanlar deməkdir. Ona görə də, əgər Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaq üçün fikir yaranırsa, bu, ilk növbədə ermənilərin öz xeyrinə olan məsələdir.

- Azərbyacan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı iş gedir. Prosesin yaxın gələcəkdə həlli ilə bağlı hansı müsbət proqnozlar var?

- Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Ermənistanın indiki paytaxtı olan İrəvan şəhəri 1918-ci ildə Azərbaycan tərəfində Ermənistana güzəşt edilib. Bunu Ermənistan unutmamalıdır. Digər tərəfdən zaman-zaman Ermənistan Moskvanın dəstəyi və təzyiqi ilə Azərbaycan torpaqlarına sahib olub. Bu baxımdan da əgər 1920-ci il xəritələri ilə bölgü aparılsa, gərək Ermənistan Zəngəzurla Göyçəni Azərbaycana qaytarsın. 1926-ci il xəritələri ilə isə Ermənistan Azərbaycanın Qazax, Gədəbəy istiqamətində olan ərazilərinin xeylisi bizə təhvil verilməlidir. Zaman-zaman Ermənistan zorla Azərbaycan torpaqlarına sahib olub. Ölkəmiz bu gün həmin o torpaqlarını geri qaytarmaq istəyir. Ona görə də, Ermənistan bilməlidir ki, o, Azərbyacanla sərhədlərini normal qaydaya salmalıdır. Bu zaman da Azərbaycanın istinad edəcəyi kifayət qədər ciddi xəritələr var.


Müəllif: Tapdıq Qurbanlı