2 Fevral 2022 19:43
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri xanım İnara Murniyetse ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan İnara Murniyetse parlament nümayəndə heyətimizin səfərindən məmnunluğunu ifadə edib. Bakıya səfərini xatırladan Seymin sədri həmçinin Avstriyanın paytaxtı Vyanada Milli Məclisin spikeri Sahibə Qafarova ilə keçirdiyi görüşü vurğulayıb. O, bu cür səfərlərin həm ölkələrimiz, həm dıə qanunverici orqanlarımız arasında münasibətlərin inkişafına töhfələr verdiyini qeyd edib.

Teleqraf.com xəbər verir ki, İnara Murniyetse Latviyanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm veridiyini diqqətə çatdıraraq bildirib ki, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir. O, ölkəsinin hər zaman Cənubi Qafqazda sabitliyin təmin edilməsində maraqlı olduğunu söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirib. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Parlamentin spikeri xalqlarımız arasında əlaqələrin zəngin tarixi barədə məlumat verib. O, Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıraraq, qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər, görüşlər müstəsna rol oynayır. Spiker xüsusilə, ölkə başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafında böyük rol oynadığını vurğulayıb.

Milli Məclisin sədri Azərbaycanla Latviya arasında bir çox sahələri əhatə edən əlaqələrin hüquqi bazaya əsaslandığını bildirib. Sonra Sahibə Qafarova Azərbaycan ilə Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı münasibətlərindən danışıb. Spiker bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət əlaqələrin inkişafına təkan verir. O, qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini təqdir edib. Latviya parlamentinin Azərbaycanla Dostluq qrupunun ötən ilin iyun ayında Azərbaycana səfəri zamanı, Ermənistanın raket hücumları nəticəsində dağıdılmış Gəncə şəhərinə, işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə səfərini xatırladıb. Dostluq qrupunun Xocalı soyqırımı, Ermənistanın sərhəddə, eləcə də Vətən müharibəsi zamanı törətdiyi təxribatlarla bağlı bəyanatlarını, işğal olunmuş torpaqların azad edilməsi münasibətilə dəstək və təbrik məktublarını yüksək qiymətləndirib.

Spiker Sahibə Qafarova həmkarına fevralın 26-da Azərbaycan xalqının Xocalı Soyqırımının 30-cu ildönümünü yad edəcəyini qeyd edərək, Ermənistan tərəfindən törədilən bu Soyqırımı haqqında geniş məlumat verib.
Görüşdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Regionda yeni reallıq yaranıb. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək və sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Nemət Hüseynli

Oxşar xəbərlər