Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin strateji müttəfiqlik səviyyəsində təsdiqidir. İki qardaş ölkə artıq bir güc müstəvisində öz maraq və mövqelərini istənilən platformada təmin edəcək. Daxili, regional və beynəlxalq platformalarda artıq Azərbaycan Türkiyə birliyi və mövqeyi mövcuddur. Bu günə qədər də iki ölkə bir-birinin maraqlarını istənilən səviyyədə qoruyub. Bundan sonra yeni bir strateji müstəvidə əməkdaşlığın bütün istiqamətləri üzrə imkanlar formalaşıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, artıq Azərbaycan və Türkiyə parlamentlərinin ardınca dövlət başçıları tərəfindən də Şuşa Bəyannaməsi təsdiq olunub: “2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik əlaqələri haqqında Bəyannamə təsdiq edilib. Şuşa Bəyannaməsinə əsasən Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulanır. Azərbaycanla Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri müəyyənləşib. Xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini önə çəkilib. Həmçinin Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti qeyd olunub”.
Millət vəkili bildirib ki, Bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib: “Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsini əsas götürür. Eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərir. Paralel olaraq aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış edə bilir”.
Cavid Osmanova görə, Azərbaycan və Türkiyə ikitərəfli əməkdaşlığı dərinləşdirərək BMT, ATƏT, Avropa Şurasında bərabər hərəkət etmək prinsiplərini müəyyənləşdirir: “Bundan sonra da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcək”.