3 Mart 2022 18:10
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı dövlətimiz mümkün geosiyasi kataklizmlərdən sığortalanıb. Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir. Bu mənada ölkəmiz dünyada gedən proseslərə bu statusla yanaşaraq üzərinə düşən öhdəlikləri uğurla icra edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycanı siyasi avantüralara cəlb etmək mümkün deyil: “Atılan addımlar, verilən bütün qərarlar dərin siyasi təhlilə əsaslanır. Eyni zamanda dövrün reallıqları nəzərə alınır. Sözsüz ki, verilən bütün qərarlarda ölkəmizin milli maraqları əsas şərt kimi qəbul edilir. Çünki müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq zəruridir”.

Millət vəkilinə görə, Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir: “2020-ci ildə “Xankəndiyə niyə girmədik”, - deyənlər Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarmalıdırlar. Bu gün bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, Azərbaycanın yanında o vaxt yalnız Türkiyə var idi. 10 noyabr razılaşması və Xankəndi ilə bağlı əsassız fikir yürüdənlər yəqin ki, bunun əks effektləri haqqında heç düşünməyiblər. Bunu nəticəsinin nə olacağını yəqin ki, ağlı başında olan hər kəs yaxşı başa düşür”.

Cavid Osmanova görə, bu gün Azərbaycan qardaş Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurub: “Dövlətimiz bununla da özünün təhlükəsizliyinə zəmin formalaşdırıb. Digər postsovet ölkələri ilə müqayisədə bu cür düşünülmüş strateji xəttin izlənməsinə rast gəlmək mümkün deyil. Bütün bunlar isə dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüz və vətəndaşlarımızın təhlükəsiz, sabitlik şəraitində yaşaması üçün atılan vacib addımlar idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər