28 Mart 2022 11:30
2 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Azərbaycana qarşı ikili standartlardan yanaşması bir sıra məslələrin həllini yox, əksinə daha da mürəkkəbləşməsini şərtləndirir. Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxladığı 30 ildə bütün dünya sözdə ərazi bütövlüyümüzü dəstəkləyir və BMT qətnamələrin həyata keçirilməsindən danışırdı. Amma heç kim Ermənistana güldən ağır söz demirdi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan öz haqq işini uğrunda mübarizəyə başlayanda Qərb yenə də ədalətsiz şəkildə işğalçı Ermənistanı dəstəklədi. Kanada kimi ölkələr qardaş Türkiyəyə “Bayraqdar” pilotsuz uçuş aparatları üçün müəyyən hissələrin verilişini dayandırdı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, indi artıq postmüharibə dövrüdür: “Azərbaycan döyüş meydanında yeni reallıq yaradıb. Ərazi bütövlüyümüz təmin edilib. Amma çox təəssüf ki, Avropa İttifaqı yenə də ikili standartlardan yanaşmasını davam etdirir. Onların yaydığı bəyanatda Xankəndi məqsədli şəkildə “Stepankert” adlandırılıb. Həmçinin təşkilat Xankəndiyə qaz təchizatının təbii təsirlərdən dayanmasından “narahat” olduğunu bəyan edir”.

Millət vəkili hesab edir ki, Avropa İttifaqı istəsə də, istəməsə də yaranmış yeni reallığı qəbul etməlidir: “Çünki Azərbaycan dövləti bütün fəaliyyətini öz ərazisi çərçivəsində həyata keçirir. Sözsüz ki, hazırda sülhməramlıların müvəqqəti məsuliyyət zonasında narahatlıq yaradan məqamlar var. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın 4-cü bəndində qanunsuz erməni silahlıların Azərbaycanın ərazisini dərhal tərk etməsi qeyd olunub. Bu proses sülhməramlıların yerləşdirilməsi ilə paralel icra olunmalı idi. Amma nədənsə Avropa İttifaqı regionda sülhün yaranmasına mane olan bu məsələnin icrası ilə bağlı mövqe bildirmir”.

Azər Badamova görə, Azərbaycan kənar qüvvələrə ölkəmizin daxili işlərinə müdaxiləyə imkan verməyəcək.


Müəllif: Tapdıq Qurbanlı