31 Mart 2022 19:13
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı son 200 ilə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlarla müşayət olunub. Ermənilər təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirib. 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilmişdi. Bütövlükdə isə 2,5 milyon azərbaycanlı ermənilər tərəfindən soyqırım və deportasiya cinayətlərinin qurbanı olub.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, 1918-ci il 31 Mart 2 aprel tarixlərində erməni vandalları tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib: “1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir, Cəbrayıl qəzasında bir çox kəndi tamamilə yandırıləb, əhalisi qətlə yetirilib. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək amansızcasına öldürülüb. Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 199 kənd yerlə yeksan edilib. Burada yaşayan dinc azərbaycanlılar amansızcasına soyqırıma məruz qalıb. Eyni zamanda 1918-1920-ci illərdə Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi qətlə yetirilib”.

Deputat bildirib ki, bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müəyyən işlər görülsə də, mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər araşdırılmasının və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb: “Həmin faciəli hadisədən 80 il sonra 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunub. Eyni zamanda son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb”.

Millət vəkili hesab edir ki, bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətin soyqırım kimi, beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır: “Bu baxımdan birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Milli Məclisin rəhbəriliyinin adından müvafiq beynəlxalq təşkilatlara, eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlanıb. Lakin biz yenə də ikili standartları görürük”.

Hicran Hüseynova vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər əraziləridə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabı verilib: “Hamımız yaxşı bilirik ki, “erməni soyqırımı” “böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən, saxta erməni “alim” və “tədqiqatçıları” nın yalanlarından başqa bir şey deyil. Lakin bununla yanaşı, 1950-ci ildən başlayaraq, onlar 20-ə qədər ölkənin bəyanat və ya qərar qəbul edilmasinə nail olub. Saxtakar erməni “tarixçilərinin” və onlarla həmfikir olan bəzi qərəzli alimlərin, siyasətçilərin, politoloqların da dəstəyindən istifadə edərək 50 minə yaxın sayt yaradaraq, filmlər çəkdirərək, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə saldıraraq, elmi kitablar yazdıraraq özlərini zavallı, yazıq və sülhsevər bir millət olaraq qələmə verirlər və tarixdə heç vaxt olmayan bir “erməni soyqırım” hadisəsi yaradıblar. Prezident İlham Əliyevin dediyi kimi, “tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar”. Hələ XIX əsrin əvvəllərində fransız utopik sosialisti Şarl Furye yazırdı ki, “ermənilər özlərinə xas olan saxtakarlıqlarını böyük ustalıqla gizlədə bilirlər. Qarşılarındakı şəxsləri saxtakarlıq və riyakarlıqla inandıra bilirlər...” Ermənilərin bu məkrli xisləti haqqında bir çox tanınmış alimlərin, ziyalıların fikirlərini nümunə gətirmək olar. Lakin bu da çox maraqlı bir haldır ki, bu insanların ermənilər haqqında dedikləri fikirlər, onların hərəkətlərinə verilən düzgün rəy heç vaxt nəzərə alınmır. Ona görə də biz də dünya ictimaiyyətini inandırmalıyıq ki, erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlər həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər