30 Aprel 2022 23:23
19 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Qorbaçovun partiyaya və ölkəyə rəhbərlik etməyə başlaması ilə eyni vaxtda sovet xalqı onu müxtəlif ləqəblərlə “təltif etməyə” başladı. Lakin Qorbaçova ən uyğun ləqəbi onu hələ Stavropol diyarına rəhbərlik etdiyi dövrdə yaxından tanıyanlar veriblər. Məhz həmin vaxt həmkarları Mixail Sergeyeviçi “Mişka-paket” adlandırırdılar. Bəs SSRİ-nin ilk və son prezidentinə nə üçün belə bir ləqəb qoymuşdular?

Teleqraf.com-un siyasi tarixdə baş verən hadisələrin incə nüansları ilə bağlı hazırladığı məqalələr silsiləsindən növbəti məqaləsi bu haqdadır.

Mənfi keyfiyyətlər

1975-1989-cu illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin (bu idarə dövlətin yüksək vəzifəli şəxslərinin mühafizəsi ilə məşğul idi-S.Həmid) rəis müavini olmuş Mixail Dokuçayev “Mən Brejnev və Qorbaçovu qorumuşam” adlı xatirələr kitabında yazır ki, Mixail Qorbaçov vəzifə hərisliyi, kobudluq, təkəbbür, zadəganlığa meyl və tamahkarlıq kimi mənfi keyfiyyətlərə malik idi. Bu keyfiyyətlər Qorbaçov Moskvaya köçəndən sonra özünü xüsusilə aydın şəkildə göstərməyə başlamışdı. Dokuçayevin sözlərinə görə, o zaman Mixail Sergeyeviç özü üçün çoxsaylı mənzillər və malikanələr tikməyə başladı ki, bu da dövlət büdcəsinə külli miqdarda vəsait bahasına başa gəlirdi.

Analoji fikri SSRİ Prezidentinin aparat rəhbəri Valeri Boldin də bölüşür. Boldinin iddia etdiyi kimi, gündəlik həyatda təvazökarlığı müdafiə edən və hər cür imtiyazların əleyhdarı kimi tanınan Mixail Qorbaçov hətta durğunluq dövründə də bütün pulsuz imtiyazları və güzəştləri özündə saxlayıb. Bu azmış kimi xarici səfərlər zamanı mahiyyətcə tam dövlət təminatında olan Qorbaçov həmişə ona böyük ezamiyyət xərci yazılmasını tələb edirmiş. Mixail Sergeyeviç və həyat yoldaşı bu pulla şəxsi alış-veriş edir, bahalı paltarlar və açıq-aşkar dəbdəbəli zinət əşyaları alırdılar.

Bahalı hədiyyələr

Lakin Mixail Qorbaçov hələ Stavropol diyarında yaşayıb-işlədiyi illərdə (Qorbaçov 1970-78-ci illərdə Sov.İKP Stavropol Diyar Komitəsinin birinci katibi vəzifəsini tutub-S.Həmid) pulgirliyi və acgözlüyü ilə fərqlənirdi. Əgər “Naməlum Qorbaçov” toplusunun müəllifləri Boris Oleynik, Filipp Bobkov və Valentin Pavlova inansaq, Stavropol diyar komitəsinin keçmiş işçiləri xatırlayırlar ki, o zaman SSRİ-nin gələcək prezidenti arxada “Mişka-paket” adlandırılırdı. Qorbaçov bu ləqəbi ona edilən təklifləri qəbul etmək meylinə görə qazanıb. Mixail Sergeyeviçin keçmiş həmkarları bu işdə onun həyat yoldaşı Raisa Maksimovnanın da az rol oynamadığını bildiriblər. Belə ki, Raisa Qorbaçova ticarət bazalarını ziyarət edir, özü üçün ən yaxşı malları seçirdi.

Üstəlik, şahidlərin dediyinə görə, Qorbaçov özü tez-tez partiyanın yüksək vəzifəli məmurlarına rüşvət verirdi. Məsələn, Qorbaçov bir dəfə Mixail Suslova xaricdən gətirilən sualtı ov üçün silah, nəvəsinə isə dəbli və adi insanlar üçün demək olar ki, əlçatmaz olan dəri gödəkcə bağışlamışdı. Raisa Maksimovnanın özündən kənara buraxmadığı Suslovun qızı Mayya da hədiyyəsiz qalmırdı. Qeyd etmək lazımdır ki, sonradan Suslov xidməti nərdivanda yüksəlməkdə Qorbaçova böyük kömək edib. Mixail Dokuçayevin fikrincə, Mixail Sergeyeviç məhz belə üsullardan istifadə etməklə hakimiyyət uğrunda mübarizə aparırdı. O, hər zaman xalq kütlələrinin deyil, partiyanın inzibati aparatının dəstəyinə arxalanmırdı.

Nəyə toxunmaq olar və nəyə toxunmaq olmaz?

Belə epizodların diqqətdən kənarda qalmayacağını və sözsüz ki, ictimaiyyətə məlum olacağını bilən Qorbaçovlar özlərini təmizə çıxarmağa çalışırdılar. Məsələn, Raisa Maksimovna əri işdən çıxandan sonra “Qoxran”dan (SSRİ Maliyyə Nazirliyi yanında Dövlət Qiymətli Əşyalar Saxlancı-S.Həmid) müxtəlif xarici səfərlər zamanı aldığı hədiyyələrin dövlətə keçirilməsinə dair qəbzlərin surətlərini tələb edib. Boldinin xatirələrinə görə, bir dəfə Qorbaçov hansısa xarici siyasətçi üçün ehtiyatla bahalı hədiyyə seçmişdi. Boldin qeyd edib ki, belə ehtiyatla seçim etməyə ehtiyac yoxdur, çünki xaricdə də hədiyyə vermək təcrübəsi mövcuddur. Mixail Sergeyeviç gülümsəyərək cavab verib ki, bu ehtiyatlılıq yalnız rəsmi hədiyyələrə aiddir, şəxsi hədiyyələrə yox.

Maraqlıdır ki, Mixail Qorbaçov heç də həmişə hiss oluna biləcək hədiyyələr təqdim və qəbul etmirdi. Belə ki, o, Şimali Qafqazın dövlət yay evlərində (daça) olarkən orada rəhbər şəxslər üçün dəbdəbəli ziyafətlər təşkil edirdi. Lakin Qorbaçovun birinci şəxs olduğu Stavropol da zəngin diyar hesab olunurdu. Yuri Andropov və həmin Mixail Suslov kimi yüksək vəzifəli məmurlar da ora istirahətə gəlirdilər. Ölkənin gələcək prezidenti qonaqpərvər ev sahibi kimi onların qarşısına çıxır, xidmət edir, istəklərini əvvəlcədən yerinə yetirirdi. Xəstəliyə görə daim sərt pəhriz saxlayan Andropov və asketizmi (geniş mənada asketizm ilk növbədə həzz və dəbdəbədən ifrat təvazökarlıq və çəkinmə, özünü məhdudlaşdırma ilə xarakterizə olunan həyat tərzidir-S.Həmid) ilə seçilən Suslov bu yolla itaətkar, prinsipsiz və intriqaya hazır olandan rüşvət alırdılar.


Müəllif: Səxavət Həmid