19 May 2022 16:03
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşıdır. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri həmişəkindən daha çox və sürətlə inkişaf edir. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması üzərində iş gedir. Bu sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycanı daha da yaxınlaşdıracaq. Bugünkü dünya nizamında baş verən geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolununun artırılması perspektivlərini genişləndirir.

Bunu teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan 2021-ci ilin yanvarın 1-dən Avropa İttifaqına Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixrac etməyə başlayıb:

“Təbii ki, baş verən hadisələr Avropa İttifaqında Azərbaycanın neft və qazına təlabatı daha da artırır. Azərbaycan təkcə neft-qaz ixrac etməklə kifayətlənmək fikrində deyil. Həm də elektrik enerjisi ilə Avropa İttifaqının bazarına çıxmaq planlarımız reallaşmaq üzrədir. 2030-cu ilə qədər Azərbaycan istehsal etdiyi elektrik enerjisinin 30-40%-ni alternativ mənbələr üzərindən formalaşdırılması istiqamətində planlarını həyata keçirir. Hətta artıq bu sahəyə xarici investisiyalara cəlb olunub. 470 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı layihələr imzalanıb və icrasına başlanıb”.

Millət vəkili hesab edir ki, Azərbaycan Avropa İttifaqı bazarında enerji təchizatı planlarını şaxələndirməyi planlaşdırır:

“Təbii ki, əlavə enerji güc mənbələrimizin yaradılması ixrac imkanlarımızı daha da genişləndirəcək. Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələrini yüksək dəyərləndirir. Bu sahədə planlarımızın genişlənməsi həm də qeyri-neft ixracını da Avropa bazarlarında genişlənməsinə yol açacaq. Azərbaycan sözünə əməl edən və etibarlı tərəfdaşdır. Avropa İttifaqı da bizimlə əlaqələrimizin möhkəmləndirilməsinə maraqlıdır və gələcəkdə yeni müstəvidə əməkdaşlığımızın qurulacağını düşünürəm”.


Müəllif: Tapdıq Qurbanlı