9 İyun 2022 20:56
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın II Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıq var. Bu reallıq bütövlükdə bölgədə sülhü, sabitliyi, əməkdaşlığı zəruri edir. Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş “3+3” platforması regionda inteqrasiyanı, inkişafı sürətlədirəcək mühüm amil ola bilər. Amma hələlik bu istiqamətdə ciddi bir addım atılmayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər indiki məqamda diqqət çəkir: “Regional əməkdaşlıq üçün əsas amil olan “3+3” platforması istiqamətində 6 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində görüşlərin keçirilməsi nəzərdə tutulsa da bu istiqamətdə hələlik konkret nəticə yoxdur. Bu platformanın irəliyə aparılması üçün səslənən təşəbbüslərə uyğun addımların atılması vacibir”.

Deputat Lavrovun Türkiyədən sonra İrəvana səfəri, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstəklə bağlı Rusiyanın açıqlanan mövqeyinə də münasibət bildirib: “Rusiya müharibədən sonra da açıqlamışdı ki, o, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlıdır. Rusiya XİN rəhbəri bir daha bəyan edib ki, onlar iki dövlət arasında sülh sazişinin imzalanmasına kömək edəcəklər”.

Millət vəkili hesab edir ki, hazırkı gərgin mərhələdə Rusiyanın Türkiyə ilə bağlı bir çox məsələlərdə məsləhətləşmələr aparması olduqca vacibdir: “Suriya məsələsində iki dövlətin qarşılıqlı müzakirələr aparması normaldır. Rusiya həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında da maraqlı görünür. Sözsüz ki, belə bir vəziyyətin yaranması regionda əməkdaşlığa yol açan mühüm amil olacaq. Məhz bu mənada “3+3” formatında dialoqun bərqərar edilməsinin də vacibliyi gündəmə gətirilib. Çünki bu platforma region ölkələri arasında əməkdaşlıq, qarşılıqlı əlaqələr, inkişaf üçün üçün vacib bir müstəvidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər