17 İyun 2022 21:37
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan artıq qlobal səviyyəli tədbirlərin təşkilatçılığını və ev sahibliyini edir. Bu ölkəmizin nüfuzundan, beynəlxalq səviyyədə olan etibardan irəli gələn bir amildir. Son dövrlər böyük maraqla qarşılanan Bakı Qlobal Forumu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Artıq Bakı Qlobal Forumu Davos İqtisadi Forumu, Münhen Təhlükəsizlik Forumu ilə müqayisə ediləcək səviyyəyə yüksəlib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Bakı Qlobal Forumu siyasi, qlobal və universal xarakter daşıyır və gündəmdə olan iqtisadi, humanitar məsələləri əhatə edir: “Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlər müzakirə olunur. Eyni zamanda mövcud problemlərdən çıxış yolları axtarılır”.

Millət vəkili Bakı Qlobal Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi məsələlərin əhəmiyyətinə toxunub:

“Dövlət başçısı forumda 10 noyabr 2020-ci ildə ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsi məsələsi gündəmə gətirilib”.

Deputat hesab edir ki, Azərbaycanın atdığı addımlar regionda sülhə və sabitliyə zəmin yaradır: “Artıq regionda sülhə təhlükə yaradacaq amillər mövcud deyil. Qarabağ münaqişəsi həllini tapıb. Azərbaycan ərazi bütövlüyünü təmin edib. II Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ermənistanla sülh bağlamağa hazır olduğunu bildirib. Hazırda isə Ermənistanın davranışları sülhün irəliləməsində mühüm rol oynayır. Təbii ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası yaranacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Bu gün Azərbaycan Şərqi Zəngəzurda böyük quruculuq, bərpa işlərini icra edir. Ermənistanın davranışları və iddiaları fonunda Qərbi Zəngəzur məsələsinin də Azərbaycanın gündəmində yer alması qaçılmazdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər