21 İyun 2022 14:37
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbərin müsahibəsini təqdim edir:

- Sülhəddin bəy, Qazaxıstan Prezidenti Tokayevin Sankt-Peterburqda keçirilən iqtisadi forumda çıxışı zamanı Donetsk və Luqansk separatçı respublikaları tanımayacağını elan etməsi dünyada ciddi müzakirə mövzusuna çevrilib. Sizcə, bu, öncədən razılaşdırılan ssenari idi, yoxsa Qazaxıstan nümayişkarənə formada bunu Rusiyanın mərkəzində elan etmək qərarını vermişdi?

- Səbəbindən asılı olmayaraq, bütün konspiroloji nəzəriyyələri nəzərə aldıqda belə, istənilən halda Tokayevin publik olaraq bəyanat verməsi ciddi hadisədir. Şəxsən neoimperialist Rusiyanın və şəxsən Putinin nüfuzuna ciddi zərbədir. Təsəvvür edin ki, Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatında (KTMT) Rusiyadan sonra ən böyük dövlətinin Rusiyanın yenicə dəstək verib xilas etdiyi bir dövlət başçısının belə bəyanat səsləndirməsi Putin üçün də siqnal olmalıdır. Artıq Putinin neoimperialist xəttinin yerimədiyi və yeriməyəcəyini göstərən əlamətdir.

- Bu olaydan sonra Rusiya Qazaxıstan neftinin ixracatını dayandırıb, Qazaxıstan isə buna cavab olaraq Rusiyaya gedən daş kömürün qarşısını kəsib. Sizcə, real gərginlik yaşanır, yoxsa pərdəarxasında münasibətlər elə əvvəlki kimidir?

- Mən sualın nədən bu formada qoyuluşunun məqsədini anlayıram. Çünki belə informasiyalar var ki, Moskva sanksiyalardan yayınmaq üçün əsasən Qazaxıstandan və onun ərazisindən istifadə edir. Son məlumatlara görə, təxminən 6 min rus şirkəti öz fəaliyyətini Qazaxıstana keçirib. İstənilən halda bütün bunlar çox qısa zamanda, uzağı bir neçə aya tam aydın olacaq.

Amma bir daha təkrar edirəm ki, səbəbindən asılı olmayaraq, bu bəyanat şəxsən Putinə və neoimperialist Putin Rusiyasına ciddi zərbədir. Əslində çox əlamətdar hadisədir və imperiyanın bərpasının baş tutmayacağının mühüm əlamətidir. Bununla paralel olaraq Qazaxıstan Türkiyə ilə yaxınlaşma xətti götürüb, Türk Dövlətləri Təşkilatında sıx rol oynayır. Eyni zamanda hərbi istiqamətdə də Türkiyə ilə əməkdaşlığı dərinləşdirir və bunun da səs-küyü bir azdan çıxacaq.

- Gəlin dəqiqləşdirək, Qazaxıstan və Rusiya arasında indi təqdim edildiyi kimi real gərginlik varmı və bu görünürmü?

- Bəli, mən belə bir gərginliyin olduğunu ən azı Rusiya-Ukrayna müharibəsi səbəbindən görürəm. Rusiya heç bir müttəfiqindən, halbuki Rusiyanın təbii deyil, zoraən müttəfiqləri var - heç birindən dəstək ala bilmir. Hətta ittifaq dövləti olan Belarusdan da istədiyi dəstəyi ala bilmir. Yəqin ki, bu da Putin başda olmaqla rus siyasi elitasını əsəbləşdirir və qıcıqlandırır.

- MDB məkanında son 4 ayda baş verənlərin Ukrayna prosesləri fonunda yaşandığını nəzərə aldıqda indi Rusiya-Ukrayna müharibəsi hansı mərhələdədir və nələri proqnozlaşdırırsınız?

- İndi biz ikinci mərhələnin sonuna doğru gedirik. Birinci mərhələ Rusiyanın strateji hədəfinin baş tutmamasıdır. Yəni 72-96 saat ərzində Kiyevi tutmaq, demokratik yolla iqtidara gələn prezidenti devirmək, onu oyuncaq rejimlə əvəzləyərək Ukraynanı yenidən təsir zonasına qaytarmaq. Bu, birinci mərhələdir və artıq iflasa uğrayıb. Daha sonra hədəf daraldı. Rusiya Baş Qərargah rəisinin müavini elan etdi ki, hədəf yalnız Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaqdır. Bununla da ikinci mərhələ başlandı. İndi operativ-taktiki hədəf yönündə aprelin 18-dən başlayan ikinci hücum dalğasının sonlarına yaxınlaşırıq. Rusiya bütün gücünü toplayaraq Luqansk istiqamətində aktiv hücum əməliyyatları həyata keçirə bilib. Yəqin ki, bir neçə həftəyə bu hücumlar səngiyəcək. İndi bütün dünya nəfəsini çəkib üçüncü mərhələyə hazırlaşır.

Üçüncü mərhələ Ukraynanın əks-hücuma keçməsi üçün Qərbdən istədiyi yardımı alması ilə başlayacaq. Mən yardım dedikdə yalnız silah-sursatı nəzərdə tutmuram. Məsələn, canlı qüvvə hazırlanır. İlkin hədəf beş briqadanın hazırlanması idi. İndi bu hədəf genişləndirilib. Bu qüvvələrin hazır olmasından sonra əks-hücum əməliyyatların başlanacağı gözlənilir. Bununla da bağlı müxtəlif tarixlər göstərilir. Hər halda ən geci payızda üçüncü dalğanı görəcəyik. Buna qədər isə aralıq mərhələ yaşanacağı daha realdır.

- Aralıq mərhələ dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Bu mərhələdə bir tərəfdən Rusiya hansı istiqamətdə mümkündürsə orada, Ukrayna isə başqa istiqamətdə əks-hücum həmlələri keçirəcək. Ehtimal budur ki, Rusiya Luqansk və Donetsk istiqamətində, Ukrayna isə Xerson və Meritopol istiqamətində əks-hücum həmlələri həyata keçirəcək. Aralıq mərhələdə belə mövqe döyüşlərinin şahidi olacağıq.

- İyunun 18-də Litva Kalininqrad vilayəti ilə Rusiyanın əsas ərazisi arasında sanksiyaya məruz qalan yüklərin tranzitini dayandırıb. Rusiya artıq buna reaksiya verib və bildirib ki, tranzitə qoyulan qadağa çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər. Analitiklər isə xəbərdarlıq edirlər ki, Rusiyanın ilk hücumu Suvalki dəhlizinə ola və beləcə baltik ölkələri arasında əlaqəni kəsə bilər. Rusiyanın NATO ölkəsinə belə bir hücumu nə dərəcədə realdır?

- Bilirsinizmi, hazırda müharibə gedir, həm Qərbi, həm də Rusiyanı narahat edən müharibənin genişlənməsidir. Müharibənin NATO sərhədlərinə doğru genişlənməsi şübhəsiz ki, Şimai Atlantik Alyansının savaşa qoşulması ilə nəticələnəcək. Bu da Rusiyanın məğlubiyyətini daha da sürətləndirəcək. Təsadüfi deyil ki, Britaniyanın baş naziri və yeni qərargah rəisi Avropanı xəbərdarlıq edir ki, yeni mühaibəyə hazırlaşmaq lazımdır. Təsəvvür edin ki, Finlandiyanın NATO-ya üzvülüyü məsələsi həll edildikdən sonra 1300 kilometrlik NATO-nun yeni sərhədi yaranır. Bu da yeni gərginlik deməkdir. İsveç də NATO-ya qəbul edilərsə, faktiki Baltik dənizi NATO dənizinə çevriləcək. Artıq indidən NATO burada hərbi gücünü artırmaq planları üzərində çalışır.

İstənilən halda yeni dünya düzəni və onunla bağlı geopolitik qarşıdurmanın yeni mərhələyə daxil olduğunu düşünmək üçün ciddi əsaslarımız var. Rusiya istənilən istiamətdə yeni həmlələri bu prosesi daha da sürətləndirəcək.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər