27 İyun 2022 15:25
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104-cü ili münasibəti ilə Ali Baş Komandan İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfər edib. Eyni zamanda ölkə başçısı Göygöl rayonunda da səfərdə olub. Burada bir sıra infrastruktur layihələri ilə yanaşı, yeni hərbi hissənin də açılışı edilib. Açılışı olan hərbi hissə isə regiona, relyefə və şəraitə uyğun olaraq yaradılmış Komando briqadasıdır.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bu hərbi hissənin bizim üçün çox böyük əhəmiyyəti var: “Komando hərbi hissəsinin strateji, taktiki önəmi böyükdür. Strateji cəhəti odur ki, bu istiqamətdə artıq ikinci bir Türkiyə modeli üzrə hazırlanmış hərbi hissə təşkil edilib. Taktiki cəhətinə görə isə yarana biləcək istənilən fors-major hadisələrdə bu hərbi hissə çevik şəkildə istifadə edilə bilər”.

Hərbi ekspert hesab edir ki, Kəlbəcərdə hərbi hissənin açılışı zamanı Ali Baş Komandana Komando birləşmələrinin qida rasionu və digər zəruri təchizatı ilə bağlı ətraflı məlumat verilib: “Prezident Komando hərbi hissəsində yaradılmış şəraitlə tanış olub. Hərbi hissə üçün alınan müasir silahlara baxış keçirilib”.

Üzeyir Cəfərova görə, bu cür Komando tipli hərbi hissələrin yaradılması Azərbaycanı istəməyən qüvvələrə böyük bir mesajdır: “Bu mesaj onu ehtiva edir ki, hər kəs öz yerini bilsin. Hər kəs bilməlidir ki, Azərbaycan ərazilərini heç bir halda güzəştə getməyəcək. Azərbaycanın qəhrəman əsgərləri də bundan sonra öz üzərlərinə düşən vəzifələri layiqli şəkildə icra edəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı