21 Sentyabr 2022 18:16
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü indiki məqamda daha çox diqqət çəkir. Eyni zamanda nazir Vaşinqtona səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinnoviç Buriç, ATƏT-in Baş katibi Helqa Şmitlə görüşdü. Bu görüşdə də bir sıra vacib məsələlər müzakirə edildi, Ceyhun Bayramov onları Ermənistanın təxribatları barədə məlumatlandırdı. Azərbaycan hər zaman bu cür görüşlərə və müzakirələrə hazırdır, Ermənistan isə həmişə danışıqları imitasiya etməklə məşğul olub. Ona görə də, biz nəticəsi olacaq danışıqların, görüşlərin tərəfdarıyıq.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Millət vəkili ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana uğursuz səfərinə də diqqət çəkib: “Pelosinin məntiqsiz addımından dərhal sonra ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi də mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zmanada ABŞ-ın Azərbaycanla münasibətlərə heç də birmənalı yanaşmadığını göstərmək üçün edilən cəhdlərdir. Bu baxımdan ABŞ-da xarici işlər nazirlərinin görüşünün təşkil etməsi xüsusi ilə əhəmiyyətli idi. Bizim üçün önəmlisi moderatorun kim olmasından asılı olmayaraq konkret nəticənin olmasıdır. Ayrı-ayrı mərkəzlər arasında qısqanclıq varsa və bu təşəbbüsü hansı tərəf ələ almaq istəyirsə, bu da yaxşı hal deyil. Hər bir tərəf başa düşməlidir ki, bu regiona sülh lazımdır. Sülhün, təhlükəsizliyin, firavanlığın olması üçün isə Azərbaycan öz prinsiplərini ortaya qoyub”.

Komitə sədri 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında Moskva və Brüssel formatında keçirilən görüşlərin mahiyyətindən bəhs edib: “Prosesdə vasitəçi olmaq istəyində olan tərəflər Ermənistandan üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini soruşmalıdır. Sözsüz ki, indiki həssas dönəmdə Pelosinin Ermənistana getməsi və orada absurd bəyanatlar verməsi də prosesi bir qədər gərginləşdirir. Amma hər bir halda ABŞ-ın xarici siyasətini Pelosi müəyyən etmir. Pelosi 30 il Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanıldığı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi yaşadığı dövrdə bir dəfə də olsun bu məsələ ilə bağlı mövqe bildirməyib. Bu baxımdan onun indi Ermənistan üçün “göz yaşı” tökməsi məntiqsiz idi”.

Ziyafət Əsgərov hesab edir ki, bütün bunların fonunda ABŞ indiki məqamda Azərbaycanla münasibətlərin normal müstəvidə davam etməsi üçün daha ehtiyatlı addımlar atmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər