Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir. Türkiyə lideri Zəngilanda tikilmiş yeni hava limanının açılışında iştirak edəcək. Yəni səfərdə məqsəd bəllidir. Amma Prezident Ərdoğanın bu səfərinə həm də Azərbaycana kənar təzyiqlərin artdığı bir vaxtda bir mesaj kimi də baxmaq olarmı?
- Ərdoğanın bu səfərinə etirazını bildirən regional və qlobal güclər var. Türkiyə prezidentinin səfəri xeyli əvvəldən planlaşdırılıb. İranın bundan əvvəl sərhəd boyu ağır texnikalar və canlı qüvvə yerləşdirərək, eləcə də raketlərini Azərbaycana tuşlayaraq hərbi təlimlər keçirməsi həm də Ərdoğanın bu səfərinə narazılığını bildirməsi deməkdir. Ayrıca, Ermənistanın sərhədə ağır texnika və muzdlular göndərməsi və Fransa prezidentinin son bədnam açıqlamalarını da bu kontekstdə dəyərləndirmək olar. Ərdoğanın səfərini onlara cavab kimi yox, onların bu təxribatçı addımlarını Türkiyə liderinin Azərbaycana gəlişinə reaksiya kimi dəyərləndirmək lazımdır. Çünki Ərdoğanın planı əvvəlcədən bəlli idi.
- Azərbaycan ətrafında və ümumən Cənubi Qafqazda geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir. İran bir tərəfdə hərbi təlimlərə başlayıb, digər yanda Rusiya bölgədə özünə yer etməyə çalışan ABŞ və Fransaya mane olmağa çalışır. Bu fonda Türkiyə prosesdə hansı yerdə dayanır?
- Hesab edirəm ki, qardaş Türkiyə bu prosesdə həlledici faktorlardan biridir, Rusiya və Ermənistanın digər havadarlarına qarşı çəkindirici amildir. Çünki Türkiyə Qərb dövlətlərindən fərqli olaraq, hərbi cəhətdən Azərbaycanda mövcuddur. Kimsə bu mövcudluğu istisna edə və qarşısını ala bilməz. Bu da Azərbaycana yönəlik istənilən hərbi təxribata qarşı qarşılarından təkcə bizi yox, həm də Türkiyəni görəcəkləri gerçəyini ortaya qoyur. Bu, çox ciddi məsələdir. Bölgədə maraqları olan bütün dövlətlər – ABŞ, Rusiya, Avropa Birliyi, İran və Azərbaycanla Türkiyəyə qarşı düşmənçilik edən istənilən güc bu faktoru nəzərə alır. Bu da Türkiyə və Azərbaycanın mövqelərini gücləndirən amildir.
Türkiyə bu gün də, sabah da regionda həlledici amillərdən biri olacaq. Artıq bu reallıq hər kəs tərəfindən qəbul olunur: Türkiyə bölgədədir.
- Avropa Birliyinin mülki missiyasının bölgəyə gəldiyi bir vaxtda Ermənistanın Azərbaycanla sərhədində ağır texnika və canlı qüvvə yığması haqda məlumat yayıldı. Maraqlıdır: bir tərəfdən AB missiyasını bölgəyə gətirən Ermənistan digər yandan niyə belə addım atır?
- Ermənistan süni gərginlik yaratmağa davam edir. Bu fonda xətləri müəyyən edilməmiş sərhəd istiqamətində ermənilərin yeni təxribatlara əl atacaqları ehtimalı çox yüksəkdir. Çünki Avropa Birliyinin mülki missiyasının bölgəyə gəlməsi fonunda Ermənistanın bir istəyi də var ki, Fransa hərbçiləri də regionda yerləşdirilsin. Ermənistan bunun üçün zəmin yaratmağa çalışır. Bu baxımdan, bu məqsədlə hüquqi əsas yaratmaq üçün Ermənistanın növbəti hərbi təxribata ehtiyacı ola bilər. Bu təxribat törədildikdən dərhal sonra yeni dezinformasiya dövriyyəyə buraxılacaq ki, Azərbaycanı “ittiham” qarşısında qoya bilsin. Təsadüfi deyil ki, Paşinyan guya Azərbaycanın “yeni hərbi təxribat”a hazırlaşması barədə danışır.
Paşinyanın bu bədnam iddiasının arxasında konkret niyyət var. Buna görə də Azərbaycan ordusu bu məsələyə münasibətdə həssas və hazırlıqlı olmalıdır. Çünki hiss olunur ki, Ermənistan növbəti ciddi təxribata hazırlaşır. Hesab edirəm ki, bu, bölgədə baş verən son gəlişmələrin davamıdır. Ermənistanın təmas xəttində texnika və canlı qüvvə cəmləməsi Makronun ati-Azərbaycan açıqlaması və İranın sərhədlərimiz yaxınlığında bizi təhdid edəcək formada hərbi təlimlər keçirməsi fonunda baş verir. Qənaətimə görə, bu, hazırlanan təxribatın tərkib hissəsidir. Ona görə də mümkün təxribatlara qarşı hazırlıqlı olmalıyıq. Düşünürəm ki, baş verənlər qardaş Türkiyə ilə koordinasiya edilir.
- Baş verənləri ümumiləşdirsək, prosesin də kifayət qədər mürəkkəb olduğunu nəzərə alsaq, bizi qarşıda hansı gəlişmələr gözləyə bilər?
- Oturub prosesin hansı istiqamətə gedəcəyini gözləməli deyilik. Hesab edirəm ki, prosesi yaradan tərəf biz olmalıyıq. Həmişə bir addım öndə dayanaraq prosesi biz idarə etməliyik. Baxın, ilin sonunadək sülh müqaviləsinin imzalanmasından danışılır. Sülh müqaviləsinin imzalanması Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və sərhəddə insidentlərin başa çatması anlamına gəlmir. Çünki 30 illik Ermənistan-Azərbaycan münaqişəsini yaradan səbəblər ortadan qalxmayıb.
Zəngəzur dəhlizinin və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması geosiyasi baxımdan böyük önəm daşıya bilər. Təbii ki, sərhədlərin müəyyənləşdirilməsi sülh müqaviləsinin əsas amillərindən biridir. Ancaq münaqişəni yaradan səbəblər aradan qaldırılmadıqca, məsələləri tam həll etmək mümkün deyil. Bu gün bizim bunun üçün yarada biləcəyimiz proseslər var. Bu da Ermənistan ordusunun bölmələrinin və silahlı separatçı-terrorçu birləşmələrin Xankəndi və ətrafından çıxarılması ilə bağlıdır. İstər Rusiya ilə danışaraq, istərsə də ona ultimatum xarakterində zaman məhdudiyyəti yaratmaqla və ya antiterror əməliyyatı başlatmaqla bunu edə bilərik.
Ardınca ərazilərimizdəki separatçı rejim tam ləğv edilməlidir. Bundan sonra Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya və reinteqrasiya prosesi başladılmalıdır. Bununla da Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyi və idarəetməsi tam bərqərar olacaq. Bütün bunlar beynəlxalq hüquqda da təsbit olunub. Bunu kimsə təkzib edə bilməz.
Ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə gəldikdə, bunun da yolu bəllidir. Separatçı rejimin tam ləğvindən sonra erməni icması ilə birgəyaşayış məsələsi həll edilməlidir. Bu çərçivədə Azərbaycan konstitusiyasının müddəaları bəllidir. Hesab edirəm ki, prosesi tam qaydasında salmaq üçün buradan başlamaq lazımdır. Azərbaycan Ermənistanı və onun havadarlarını bu yöndə sıxışdırsa, istədiyi sülh müqaviləsi imzalanacaq. Həmin sülh müqaviləsində də bizim istədiyimiz mətn yer ala bilər.
Laçın dəhlizinin bağlanması da təcili həll edilməli olan məsələlərdən biri olmalıdır. Çünki Laçın dəhlizinin baş tutmayacağı məsələsi ciddiləşməyə başlayıb. Əgər Ermənistan öz ərazilərindən keçəcək kommunikasiya xətləri ilə bağlı öz suveren hüquqlarından danışırsa, Azərbaycan da Laçın yolu ilə bağlı öz suveren hüquqlarını təmin etməlidir. Bunun üçün Laçın istiqamətində sərhəd bağlanmalıdır. Bundan sonra heç bir Ermənistan vətəndaşı Azərbaycanın icazəsi olmadan bura gələ bilməyəcək. Bu da separatçı rejimin ləğvini asanlaşdıracaq və sürətləndirəcək.