Zəngilanın erməni işğalının azad edilməsinin ikinci ili bitən bir vaxtda bu rayonda Azərbaycan və Türkiyə Prezidentlərinin hava limanının açılışında birgə iştirakı xalqımız üçün qürurverici bir tarixdir. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
“Azərbaycanın öz imkanları hesabına azad edilmiş ərazilərdə ikinci beynəlxalq hava limanı inşa etməsi bu torpaqlara olan sahibliyin tarixi dəyərlərə əsaslanmasından qaynaqlanır. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda eyni hava limanının istifadəyə verilməsi bu bölgənin çiçəklənməsinə mühüm töhfə verəcək”, - o bildirib.
Sevinc Hüseynovaya görə, Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən böyük quruculuq, abadlıq işləri keçmiş məcburi köçkünlərin ən qısa zamanda öz ata-baba torpaqlarına əbədi qayıdışına hesablanıb:
“Bu mənada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Ağalı kəndinə səfəri, orada yaşayan sakinlərlə görüşü xoş məqamlar kimi yaddaşlara həkk olundu. Zəngilan rayonunun Ağalı kəndi ölkəmizdə Ağıllı kənd konsepsiyasına uyğun olaraq qısa zamanda tikilib-istifadəyə verilib. Artıq Ağalı sakinləri müasir standartlara cavab verən evlərdə məskunlaşıblar. Onlar bura əbədi, xoşbəxt yaşamaq üçün geri dönüblər. Çünki bütün vətəndaşlarımız kimi ağalıların da xoşbəxt və firavan gələcəyinə ən böyük təminat güclü Azərbaycan dövlətidir”.
Millət vəkili dövlət başçısının bölgəyə səfəri zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin istifadəyə verilməsinin əhəmiyyətinə toxunub:
“Qısa zamanda yüksək standartlara cavab verən yol nəqliyyat şəbəkəsinin yaradılması, infrastrukturun formalaşaması dövlətin bu məsələdə olan əzminin göstəricisidir. Vaxtilə işğal altında saxladığı Cəbrayıla yol çəkmək iddiasına düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi yəqin ki bu torpaqların əsl sahibinin qısa zamanda necə bir yol infrastrukturu qurub istifadə verdiyi görməmiş deyil. Ona görə də bu gün Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlər işğalçı Ermənistanın barbar, vandalizm mahiyyətindən formalaşan xislətinə tutarlı cavabdır”.