31 Oktyabr 2022 13:00
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə yaşayan ermənilərin mitinq keçirməsində iki məqsəd açıq görünməkdədir. Görünən odur ki, Ermənistan tərəfi bu məsələyə müdaxilə edə bilmir. Çünki erməni tərəfi Azərbaycanla sülh sazişi imzalayacaq və ərazi bütövlüyümüzü tanıyacaq. Hər halda onlar bunu bəyan ediblər. Çox guman ki, bundan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü formal olaraq tanıyaraq “Dağlıq Qarabağ” məsələsini üçüncü ölkələr vasitəsi ilə həll etməyə çalışacaq. Ola bilsin beynəlxalq platformalarda da bu məsələni müzakirəyə çıxarmağa cəhd etsinlər.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun fikrincə, Xankəndidə keçirilən mitinq əslində varlıqlarını göstərməyə edilən bir cəhd idi:

“Demək istəyirlər ki, Qarabağ erməniləri “müstəqil” olmaq istəyir. Digər bir məsələ isə burada Rusiya faktorunun olmasıdır. Çünki Rusiya bundan sonra da orada sülhməramlı qüvvələrini saxlamaq niyyətindədir. Son vaxtlar Vladimir Putinin və bəzi şərhçilərin danışdığı sülh sazişinin mətni isə ortada deyil. Bu, bizim maraq və məqsədlərimizə xidmət etmir. Burada Qarabağla bağlı hər hansı bir bəndin olması qətiyyən yolverilməzdir”.

Fərid Şəfiyev hesab edir ki, Rusiyanın təklifi bizim maraqlarımıza cavab vermir:

“Çünki burada Qarabağa aid müəyyən bəndlər var. Məqsəd məsələni müəyyən qədər təxirə salmaq və s kimi hallara hesablanıb. Məhz Soçidə keçiriləcək üçtərəfli görüş ərəfəsində (Azərbaycan-Rusiya və Ermənistan liderlərinin) Xankəndidə baş tutan mitinq sadəcə özlərinin mövcudluğunu göstərmək cəhdidir. Onlar göstərmək istəyirlər ki, Azərbaycanın daxilində, onun suverenliyi altında yaşamaq istəmirlər. Amma bu cavab veriləsi məsələ deyil. Çünki onların belə bir hüququ yoxdur. Onlar xalq deyil. Azərbaycanda digər azlıqlar kimi onlar da azlıq təşkil edir. Bu azlıqların da hüquqları Azərbaycan Konstitusiyası ilə təmin edilir. Ona görə də Azərbaycan bu məsələni nə beynəlxalq platformalarda müzakirə edəcək, nə də belə bir mexanizm yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər