10 Noyabr 2022 18:55
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində Azərbaycanın Qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarix - 10 noyabr Bəyanatının imzalanmasından iki il ötür. Bəyanat uzun illər davam edən işğala son qoydu. Münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən geri qaytarıldı. Üçtərəfli Bəyanatın imzalanması nəticəsində “Dağlıq Qarabağ” adlı qondarma ərazi adı tarixin arxivinə göndərildi. Çünki Qarabağın bütün ərazisi Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu dəyişdi və itirilmiş ərazilərimiz geri qaytarıldı. Bununla da bölgədə yeni reallıq yarandı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan döyüş meydanında, danışıqlar masasında istəyinə nail oldu: “Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın maraqlarına xidmət edirdi. Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olub. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan edib. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılıb. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcək. Odur ki, üçtərəfli Bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi”.

Millət vəkili hesab edir ki, üçtərəfli Bəyanat yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən edib: “Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilib. Bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunub. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanıb. 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin edib. Eyni zamanda, üçtərəfli bəyanatın 6-cı maddəsində tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən edilərək marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulub. Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verib. Həmişə olduğu kimi, bu məsələdə də Azərbaycan verdiyi vədə əməl edərək, öz öhdəliyini yerinə yetirib. Qarabağda yaşayan etnik ermənilər üçün müasir standartlara uyğun yeni yol inşa olundu və bununla da Laçın şəhəri, Zabux və Sus kəndləri aid olduğu dövlətin-Azərbaycanın nəzarətinə keçdi. Bütün bunların fonunda əminliklə deyə bilərik ki, hərbi əməliyyatlara son qoyan, bir çox mühüm məsələləri özündə ehtiva edən, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli üçtərəfli bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər