Milli Məclisin deputatı Elman Nəsirov Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Son günlərdə İrandan Azərbaycana “isti mesajlar” gəlir. Əvvəlcə İranın dini lideri Əli Xameneyinin müşaviri, ardınca xarici işlər naziri bu yöndə açıqlama verdi. İranın Azərbaycandakı səfiri də aktivdir, siyasilərimizlə görüşlər keçirir. Molla rejiminə inanmalıyıqmı? Yaxud nə baş verdi ki, İran birdən-birə fikrini dəyişdi?
- Əvvəla, son dövrlərdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Rəsmi Tehran buna görə məsuliyyət daşıyır. Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasəti Prezident cənab İlham Əliyev müəyyən edib.
İkitərəfli münasibətlər formatında isə bizim üçün birinci istiqamət qonşularla münasibətlərdir. Bu məntiqlə yanaşdıqda, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. Bu, bizim dövlət siyasətimizin mahiyyətindən irəli gəlir. Amma təəssüf ki, biz bir çox hallarda İranın Azərbaycana münasibətində adekvat davranışını görmədik. Rəsmi Tehran əvvəllər gizli, sonra açıq Ermənistanı müdafiə siyasəti yürüdüb. Xüsusən Vətən Müharibəsi dövründə və bundan sonrakı mərhələdə, bu, açıq formada özünü göstərməyə başladı. Eyni zamanda, İran birmənalı şəkildə Azərbaycanı ittiham etməyə başladı.
Münasibətləri korlayan İrandır. İrəvanda səfirliyi ola-ola Qafanda konsulluq açması İranın Azərbaycana münasibətinin ən yüksək səviyyədə ifadəsi idi. Əgər İran rəhbərliyi “Ermənistan bizim qırmızı xəttimizdir” deyirsə, məncə, əlavə şərhə ehtiyac yoxdur. Yəni bu qədər ermənipərəst siyasət yürüdürlər.
Amma son zamanlarda İranın Azərbaycana yönəlik siyasətində bir qədər yumşalma tendensiyası diqqətdən yayınmır. İranın ali dini rəhbərinin müşaviri Azərbaycanla bağlı xoş mesaj verib. İranın xarici işlər naziri əvvəlki sərt ritorikasından geri çəkilib.
İndi sual olunur ki, nə baş verir? Birincisi, İran Azərbaycanın 90-cı illərin Azərbaycanı olmadığının fərqindədir, güclü dövlətdir. İkincisi, İran dərk etməyə başlayır ki, onun dünyada bir əlin barmaqlarının sayından da az dostu var. Yəqin İran onu da dərk edir ki, Azərbaycan heç vaxt ondan İrana qarşı istifadə edilməsinə imkan verməyib. Eyni zamanda, Azərbaycan heç vaxt İran əleyhinə olan birliklərə qoşulmayıb, mehriban qonşuluq siyasətinə sadiq qalıb. Amma bunun əvəzində İrandan anti-Azərbaycan siyasəti görmüşük. Yəqin İranın dini, siyasi və hərbi rəhbərliyi təhlillər aparıblar ki, belə getsə, sözün həqiqi mənasında Azərbaycanı itirəcəklər.
Azərbaycan kimi ölkə ilə bölgədə düşmənçilik etmək İranın mənafeyinə nə qədər uyğundur? İran gördü ki, Azərbaycan güclü dövlətdir və onunla təzyiq dili ilə danışmaq olmaz. Azərbaycan 30 il işğalda qalmış ərazilərini 44 günə azad edən dövlətdir. Azərbaycan İranın ona qarşı irimiqyaslı hərbi manevlərinin qarşılığında ondan da güclü hərbi təlimlər keçirən dövlətdir. Bizimlə zor və diktə dili ilə danışmaq siyasi ağılsızlıqdır. Hesab edirəm ki, bunu gördülər.
İran onu da gördü ki, Azərbaycanın güclü müttəfiqləri var. Azərbaycanın NATO-da ikinci güc olan Türkiyə kimi müttəfiqi mövcuddur. Müsəlman dünyasının nüvə silahına malik yeganə ölkəsi Pakistan Azərbaycanın müttəfiqidir. Azərbaycanın Yaxın Şərqin ən güclü dövlətlərindən biri olan İsrail kimi müttəfiqi var. Bunları unutmaq olmaz.
İran rəhbərliyi onu da çox gözəl bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil və milli maraqlara söykənən siyasət aparır. Azərbaycanın istənilən dövlətlə yaxınlığı heç bir halda üçüncü tərəfi hədəfə almır. Məsələn, cənab prezident Vaşinqtonla münasibətləri inkişaf etdirərkən, Moskvada bundan qətiyyən narahat olmurlar. Çünki bunun Rusiya əleyhinə olmadığını bilirlər.
Yaxud cənab İlham Əliyev Moskva ilə münasibətləri inkişaf etdirərkən, Vaşinqtonda bundan narahat olmurlar. Onlar da bunun ABŞ-ın əleyhinə yönəlmədiyini bilirlər. Azərbaycan prezidenti praqmatik, müstəqil və milli maraqlara söykənən siyasət aparır.
Bu gün Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi üçüncü dövlətə, eləcə də İrana qarşı yönəlməyib. Hesab edirəm ki, Tehranda bunu getdikcə daha yaxşı dərk etməyə başlayırlar. Qənaətimə görə, son zamanlarda İranın siyasətində müəyyən yumşalma tendensiyası bu sadaladığım məsələlərlə bağlıdır.
- Ermənistan növbəti dəfə KTMT-dən istədiyini – Azərbaycana qarşı hərbi dəstək ala bilmədi. Üstəgəl, Baş nazir Nikol Paşinyan KTMT-nin yekun bəyanatını imzalamaqdan imtina etdi. Bundan sonrakı gəlişmələrlə bağlı proqnozunuz necədir: Ermənistan Rusiyadan uzaqlaşmaq prosesini sürətləndirə bilərmi?
- Rusiya həmişə Ermənistanı özünə etibarsız tərəfdaş hesab edib. Rusiyada çox gözəl bilirlər ki, Paşinyan “Sorosun uşaqlarından biri”dir. Rusiyada onu da bilirlər ki, Paşinyan eyni vaxtda iki stulda oturmaq siyasəti aparır. Yəni belə bir adama qətiyyən etibar etmək olmaz.
Ermənistan KTMT-nin imkanlarından Azərbaycana qarşı təzyiq elementi kimi istifadə etməyə çalışırdı. Bu da alınmadı. Paşinyan KTMT-nin İrəvan sammitinin yekun bəyanatını da bu səbəbdən imzalamadı. Prezident İlham Əliyev son çıxışlarından birində bildirdi ki, Azərbaycan hətta üzv olmadığı təşkilatlarda belə ciddi dəstəyə malikdir.
Prezident buna nümunə olaraq KTMT-ni göstərdi. Cənab prezident dedi ki, biz bu hərbi təşkilatın üzvü deyilik, amma orada bizim çoxsaylı dostlarımız var, Azərbaycanın mövqeyini müdafiə edirlər. Bütün bunlar Paşinyanın Azərbaycana yönəlik cəhdlərinin nəticələrini heçə endirir.
Əgər eşitsəniz ki, Paşinyan 2023-cü ildə Ermənistanın KTMT-dən çıxması məsələsini gündəmə gətirəcək, təəccüblənməyin. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistan səfərindən qayıtdıqdan sonra Prezident Baydenə bu səfəri ilə bağlı hesabat xarakterli məlumat verdi.
Pelosi qeyd etdi ki, bu gün Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün çox əlverişli bir mühit formalaşıb, ABŞ elə də çox xərc çəkmədən Ermənistanı Rusiyadan uzaqlaşdıra və KTMT-dən çıxara bilər. Bu onu göstərir ki, ABŞ-ın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq siyasətinin yeni konturları müəyyən edilib. Ermənistan rəsmiləri deyirlər ki, biz KTMT-dən çıxmırıq, KTMT bizdən çıxır, biz Rusiyadan uzaqlaşmırıq, Rusiya bizdən uzaqlaşır.
Bu baxımdan, Ermənistanın 2023-cü ildə KTMT-dən çıxması və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılması məsələsi gündəmə gələ bilər. Pelosi də Baydeni məlumatlandırıb ki, Ermənistanı ABŞ-ın orbitinə daxil etmək üçün pul xərcləmək lazımdır. Zənnimcə, indi bu proses gedir.
- Separatçı Araik Arutyunyan qondarma rejimin “nazirlər”ini kütləvi şəkildə istefaya göndərdi. Bunu Rusiyadan Xankəndiyə gəlmiş Ruben Vardanyanın diktəsi ilə etdiyi deyilir. Vardanyanın “yeni komanda” qurmağa başladığı da bildirilir. Sizcə, Bakıdan buna hansı cavab verilə bilər?
- Azərbaycanın cavabı bəllidir. Cənab prezident bu məsələyə toxunub və qeyd edib ki, Ruben Vardanyan Rusiya xalqının pulları hesabına varlanmış bir şəxsdir və biz belə bir şəxslə heç vaxt danışıqlara getməyəcəyik. Biz Qarabağın dağlıq hissəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə danışa bilərik. Heç bir halda Vardanyankimilərlə danışıqlardan söhbət gedə bilməz. Şübhəsiz ki, o, Moskvanın göndərdiyi adamdır. Cənab prezident də bunu açıq şəkildə söylədi. Yəni Moskvadan konkret gündəliklə gəlib.
İndi çalışırlar ki, onu separatçı rejimin başına keçirsinlər, gələcəkdə daha uzağa gedən planları ola bilər. Hətta Vardanyan bir gün Paşinyanın kreslosunda da əyləşə bilər. Bununla bağlı planın olduğu da istisna deyil.
Təbii ki, bütün bu cəhdlər sülh və təhlükəsizliyə yox, onsuz da mürəkkəb olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Bu durumda bütün məsuliyyət Ermənistanın və onun havadarlıq etdiyi separatçı tör-töküntünün üzərinə düşəcək. Ona himayədarlıq edən tərəflər də məsuliyyət daşıyırlar. Azərbaycanın Ali baş komandanının qətiyyətli mövqeyi var ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzün və suverenliyimizin təminatı üçün bütün imkanlardan istifadə hüququnu özümüzdə saxlayırıq.
Biz regionda sülhün və əməkdaşlıq mühitinin olmasını istəyirik. Bu da olmasa, biz “Dəmir yumruq” hesabına öz haqq işimizi müdafiə edəcəyik. Bu, Ruben Vardanyankimilər üçün də ciddi siqnal olmalıdır, ağıllarını başlarına toplamalıdırlar.
Vardanyan rus xalqından oğurladığı bir milyarda yaxın vəsaitinə güvənməsin. Vardanyan indi “Forbes”in rusiyalı milyarderlərlə bağlı siyahısında 114-cü yerdə dayansa da, ən ön sıralarda dayanan oliqarxların hansı taleyi yaşadığı onun üçün dərs olmalıdır. Hər halda Köçəryan qədər varlı deyil. Köçəryanın korrupsiya hesabına topladığı vəsait Vardayankından da çoxdur. Amma görürsünüz: hakimiyyətdən də uzaqlaşdırılıb, hətta hər an həbs də ola bilər, artıq həbs həyatı yaşayıb. Köçəryanın yolu növbəti dəfə həbsxanadan keçə bilər.
Ona görə də Ruben Vardanyan çox da özünə güvənməsin. Bir şeyi unutmasın ki, qarşısında güclü Azərbaycan dövləti, onun güclü ordusu və güclü sərkərdəsi dayanıb. Bütün bu faktorlar onun üçün ciddi dərs olmalıdır. Vardanyan hansısa xülyaya düşəndə yaxın tarixə nəzər salıb bundan nəticə çıxarmalıdır.