21 Fevral 2023 09:36
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir müddətlik fasilədən sonra ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Almaniyada Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Bu görüş haqda təəssüratınız necədir, ABŞ-ın vasitəçiliyi davamlı olacaqmı?

- Əslində, bu müsbət haldır. Çünki Ermənistan bundan bir gün əvvəl görüşün keçirilməsini istəmirdi, imtina etmək istəyirdi. Bundan başqa, yenidən Rusiyanın vasitəçiliyi məsələsi gündəmə gəlib. Azərbaycan xarici siyasətini elə qurub ki, bizim üçün Rusiya, Amerika və ya qeyrisinin bir önəmi yoxdur. Bizə məsələlərin həlli maraqlıdır. Prezident İlham Əliyevin tutduğu xarici siyasət xətti çox uğurludur.

Təbii ki, ABŞ-ın vasitəçiliyinin yeri tamam ayrıdır. ABŞ dünyanın ən güclü dövləti statusundadır, Qafqazda öz maraqları var. Bizi bunlar maraqlandırmır. Bizi maraqlandıran budur ki, Ermənistan Azərbaycanla sülh sazişi bağlasın. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, onun şərtlərini də birmənalı şəkildə qəbul etməlidir. Bu baxımdan, müəyyən irəliləyişlərin olacağını deyə bilərik. Eyni zamanda, bura qədər Ermənistan daha çox Fransanı gündəmə gətirirdi.

Şarl Mişel və Emmanuel Makronun fransız olmasına baxmayaraq, aralarındakı münasibət gərgindir. Ona görə də bir-birinə mane olurdular və Azərbaycanın işi qabağa getmirdi. Blinken isə gəlib hər ikisini kənara itələdi, Fransanı isə tamamilə oyundan kənarda saxladı. ABŞ-ın məqsədi Avropa Birliyi, Fransa və Rusiyanı siyasi cəhətdən zərərsizləşdirmək idi.

Azərbaycan öz istəyinə nail oldu. Digər məsələlər isə bizi maraqlandırmır.

- ABŞ-ın fəallığı Rusiyanı prosesdən kənarda saxlaya bilərmi? Xüsusən də Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi, Avropa Birliyinin müşahidəçilərinin bölgəyə gəlişi fonunda...

- Ermənistanı dövlət kimi formalaşdıran Rusiya olub, bu baxımdan onun “əməyi” böyükdür. Ermənistan isə bu “əməyi” tapdaladı, satdı. Paşinyan Ermənistanın gələcəyi üçün çox ciddi problemlər yaradıb. Amma bu hələ son deyil. Hadisələrin gedişi göstərir ki, Rusiya-Ermənistan qarşıdurması hərbi müstəviyə keçə bilər. İndi Rusiya Ermənistana nifrət edir. Rusiyanın Ermənistan daxilində güclü “5-ci kolon”u var, təbii ki, onlar Amerikanı istəmirlər.

ABŞ artıq Rusiyanı oyundankənar vəziyyətə salıb. Bunu Ukraynanın vasitəsilə etdi, indi də Qafqazda oyundan çıxarmağa çalışır. Demək olar ki, burada da prosesdən kənarlaşdırıb. Rusiya indi çox qəzəblidir və baş verənlərə qısqanclıqla yanaşır. Ermənistan isə elə bilir ki, bölgədə oyunçudur, amma baş nazir Nikol Paşinyan Azərbaycanın maraqlarına uyğun oynayır. Azərbaycan öz siyasətini elə qurub ki, Ermənistan Rusiyaya qarşı birqapılı oyunçu statusunda çıxış edir. Yəni Azərbaycanın maraqlarının əksinə gedə bilmir. Bir sözlə, hadisələrin gedişi Ermənistanın xeyrinə deyil.

- Prezident İlham Əliyev həm Azərbaycan, həm də Ermənistan tərəfdən sərhəddə nəzarət-buraxılış məntəqlərinin olmasının önəminə diqqət çəkdi. Azərbaycan liderinin bu açıqlamasını necə şərh etmək olar?

- Diplomatiyanın görünməyən tərəfi çox böyükdür. İlham Əliyev də bu çərçivədə çox uğurlu diplomatik gediş etdi. Əgər qarşılıqlı olaraq sərhəddə nəzarət-buraxılış məntəqələrinin açılmasından söhbət getsə, Ermənistan avtomatik olaraq Azərbaycanla sülh sazişi bağlamalıdır və sərhədlərimizi tanımalıdır. Yəni sərhəd delimitasiya və demarkasiya olunmalıdır. İlham Əliyevin əsas məqsədi bu idi, Paşinyan isə onu başa düşmədi, məsələni ayrı müstəviyə keçirdi.

Bütün hallarda ölkələr arasında sərhəddə buraxılış məntəqələri o zaman olur ki, ortada ikitərəfli razılaşma olur və buna hər iki tərəf əməl edir. İndi bizim Ermənistanla sülh sazişimiz yoxdur və İrəvan bu addımı atmalıdır.

Zəngəzur dəhlizi məsələsinə gəldikdə, bu, Ermənistan üçün məcburidir. Çünki Ermənistan öz-özünü blokadaya salıb. Yəni hadisələr belə davam etsə, Ermənistan çökəcək. Onsuz da əhalisinin yarıdan çoxu xaricdədir, qalanı da gedəcək. Bundan sonra bu dövləti kimin təşkil edəcəyi bəlli deyil. Yəni Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətindədir.

Zəngəzur dəhlizi Azərbaycana bir neçə istiqamətdə lazımdır. Bura həm iqtisadi, həm siyasi, həm məkan, həm də zaman amilləri daxildir, bu məsələni çox açmaq istəmirəm. Yəni Zəngəzur dəhlizinin açılması Azərbaycan və ya türk dünyası üçün çox önəmlidir. Türk Dövlətləri Təşkilatının əsas məram və məqsədi budur.

Prezident Əliyev Ermənistan baş nazirini Azərbaycanın maraqlarına uyğun oynamağa sövq edir və bunu bacarır. Paşinyan situasiyanı başa düşür, amma özgə çıxış yolu yoxdur. Paşinyan Azərbaycanın maraqlarını gözləməlidir, çünki başqa çıxış yolu olmadığını bilir.

- Bəs separatçı Ruben Vardanyanın taleyi necə olacaq? Prezident Əliyev Rusiyadan ərazilərimizə ixrac edilmiş bu şəxslə danışıqların olmayacağını dedi.

- İlk növbədə, Vardanyan Azərbaycan sərhədini qeyri-qanuni keçmiş şəxsdir. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sındadır. İkincisi, bu adam cinayətkardır. Azərbaycanın qızıl mədənlərini çapıb-talayaraq, kənara daşıyıb. Üçüncüsü, olmayan bir qurumda özünü necə “nazir” elan edə bilər? Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən Dağlıq Qarabağın statusu (DQMV) 1991-ci ildə ləğv edilib. Ətraf rayonlar, o cümlədən Şuşa və Hadrut işğaldan azad edildikdən sonra hansısa bir qurumdan danışmaq ancaq dəlilikdir. Normal adam belə bir söhbət edə bilməz.

Bir sözlə, Vardanyanın oradakı statusu qeyri-qanunidir. Rusiya Vardanyanı göndərdi, amma o da hər şeyi üz-gözünə bulaşdırdı, bacarmadı. Nəticədə Moskvaya çağırıldı və “yeni respt” verdilər. “Yeni resept”ə görə guya Azərbaycanın mərkəzi hakimiyyəti Vardanyanla danışıqlar aparmalıdır. Prezident də qəti mövqeyini bildirdi ki, o kimdir ki, onunla danışıqlar aparaq?! Azərbaycan ərazisisində belə bir qurum yoxdur, hələ o şəxs Vardanyandırsa, onunla heç olmaz.

Vardanyanın taleyi qaranlıqdır. Eyni zamanda, onun bir neçə ölkənin vətəndaşlığı var. Eləcə də onun Qarabağa aidiyyəti yoxdur, heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb. Rusiya vətəndaşlığından çıxıb, amma Malta, ABŞ və Fransa vətəndaşlığı var. Yəni Bakı heç bir halda onunla danışığa getməz.

Taleyi çox qaranlıqdır, çünki ona verilən “tapşırığın” öhdəsindən gələ bilmədi, bacarmadı. Moskvaya çağırıb cəzalandırdılar ki, sən bunu etməlisən. Rusiya və Ermənistan siyasi cəhətdən Vardanyanı xərcləyib, indi də öz-özünü xərcləyir, yəni tükənib. Artıq Azərbaycan üçün Vardanyan problemi yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu