17 May 2023 19:21
4 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zaur müəllim, Brüsseldə növbəti görüş baş tutdu. Bu görüşün proseslərin bundan sonrakı inkişafına təsirini necə dəyərləndirirsiniz?

- Bu formatın Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişində müsbət təsirləri var. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycan ərazisinin konkret 86,6 min kv km səviyyəsində tanıdığını bəyan etdi. Bu, Ermənistan tarixində də ilk belə bir yanaşma idi. Əslində Ermənistan rəhbərliyi bununla nəinki Qarabağı, o cümlədən anklav əraziləri də Azərbaycan torpaqları kimi qəbul edib.

- Bunun hüquqi müstəvidə təsbiti necə olacaq?

- Təbii ki, hüquqi müstəvidə bu məsələ ilə bağlı konkret müqavilə imzalanmayıb. Amma bununla belə məsələ ilə bağlı ilkin razılığın əldə edilməsi olduqca önəmlidir. Eyni zamanda məhz bu amilin ortada olan sülh sənədində əks olunması vacibdir. Sözsüz ki, indiki halda erməni cəmiyyəti məsələnin mahiyyətindən xəbərdardır. Təbii ki, erməni cəmiyyətinin və regional ölkələrin reaksiyasından asılı olaraq bu ifadənin sülh müqaviləsində olacağı ehtimalı var. Bununla bağlı fərqli fikirlər mövcuddur.

- Sizcə, erməni cəmiyyətinin bu gəlişmələrə reaksiyası necə olacaq?

- Görünən odur ki, Ermənistan cəmiyyəti buna razıdır. Çünki Ermənistanın heç bir bölgəsində bu görüşlə bağlı Paşinyana qarşı etirazlar yoxdur. Hətta az qala hər bir məsələdə Paşinyanı ittiham edən Ermənistan müxalifəti susqunluq içərisindədir. Onların bu susqunluğunun da səbəbləri var. Keçmiş hərbi canilər Serj Sərkisyanın, Robert Köçəryanın uzun müddət susqunluq içərisində olması müşahidə edilir. Qarabağ erməniləri belə bu məsələdə sükutu pozmayıb. Burada sadəcə olaraq separatçı Bako Saakyan özünü büruzə verməyə çalşdı. Bu da effektiv olmayıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, mövcud reallıqlar onları gözləmə mövqeyində dayanmağa vadar edir.

- Hazırkı prosesdə Paşinyanın son fikirlərinizi nəzərə alsaq, sülh şanslarını necə qiymətləndirmək olar?

- Faktiki olaraq indiki Ermənistan iqtidarının ölkəsini xilas etmək kimi şanşları çoxdur. Təbii ki, Paşinyan da bundan agahdır. İndiki halda prosesdə bütün məsuliyyət onların üzərindədir. Onlar ya Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, ya da ki, öz əraziləri ilə bağlı ciddi problemlər yaşayacaqlar.

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel görüşündən aonra açıqlama verdi ki, Naxçıvana və geriyə çəkiləcək kommunikasiya xəttində Beynəlxalq Gömrük təşkilatı yer ala bilər. Bunu Avropa İttifaqının Rusiyanı həmin məsələdən uzaq saxlamaq niyyəti kimi izah edilir. Bu necə baş verəcək?

- Burada heç bir sirr yoxdur. Çünki Rusiya ilə Avropa İttifaqının və ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı fikirləri üst-üstə düşmür. Bu ideya 1990-cı illərin əvvələrində Türkiyə və ABŞ tərəfindən təklif edilmişdi. 1999-ci ildə bu məsələyəə oxşar məşhur “Qobl planı” da var idi. İndiki şəraitdə Qərbin istəyi odur ki, Zəngəzur yolu açılsın. Amma burada Ermənistanın nəzərət mexanizmlərinin olması istənilir. Rusiya isə özü bu yola nəzarət etmək iddiasındadır. Belə olan təqdirdə Zəngəzur dəhlizinin avtomobil yolu hissəsinin açılması sual altına düşür. Çünki indiki şəraitdə bu mümkün deyil. Burada dəmir yolu xəttinin açılması ilə bağlı məsələnin həlli daha asan görünür.

- Kişinyovda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Almaniya və Fransa liderlərinin iştirakı ilə görüş keçirilməsi planlaşdırılır. Bu müstəvidə aparılacaq müzakirələrin əhəmiyyətini necə dəyərləndirmək olar?

- Kişinyovda Almaniya Kansleri Olaf Şolt, Fransa prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün olacağı ilə bağlı müəyyən məlumatlar var. Sadəcə olaraq burada iştirak edən dövlətlərin prosesə təsir və yanaşmaları daha çox diqqət çəkir. Bu mənada Almaniya indiyə kimi Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesində yer almayıb. Amma müəyyən dövrlərdə Azərbaycan tərəfi burada Fransanın Almaniya əvəzlənməsini istəyib. Ümumilikdə isə Almaniya hazırda tərəflər arasında aparılmış danışıqlarla bağlı o qədər də məlumatlı deyil. Fransa isə öz mövqeyi ilə sülh prosesinə necə zərər gətirdiyini şahidi olmuşuq. Ona görə də, belə bir görüş Avropa İttifaqının iki böyük dövləti olan Almaniya və Fransanın reallıqlarla bağlı tam bilgi əldə etməsi baxımından önəmli olacaq. Burada Azərbaycanın nə qədər prinsipial olduğunu bir daha hər kəs görəcək. Amma bu görüşlə bağlı müsbət şərhlərin verilməsi gözlənilən deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər